Ermənistan Türkiyə - Rusiya yaxınlaşmasından narahatdır
Məlum olduğu kimi, bir neçə gün bundan öncə, Türkiyənin baş naziri R.T.Ərdoğan Moskvaya səfər etdi. Səfər, nəinki Türkiyə və Rusiyada, eyni zamanda, ümumilikdə, regionda böyük bir diqqətlə izlənilir və bu barədə müxtəlif fikirlər söylənilirdi. Müzakirə olunacaq məsələlər barədə yayılan məlumatlar bu ölkələrin ictimaiyyətlərini məsələyə daha çox həssaslıqla yanaşmağa çağırırdı. Əlbəttə, Türkiyənin baş naziri ilə Rusiya rəsmilərinin görüşlərində Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi daha diqqətlə izlənilib. Nəzərə alsaq ki, bu məsələ həm Azərbaycanı həm də Ermənistanı maraqlandırır, onda hər iki ölkənin ictimaiyyətinin də məsələyə olan münasibəti barədə fikirlər maraqlıdır.
Azərbaycan tərəfi ölkə ictimaiyyətinin də gözlədiyi kimi, Ərdoğandan Rusiya ilə danışıqlar zamanı Dağlıq Qarabağ məsələsini qabardacağı və bu məsələdə Rusiyanı öz səylərini artırmağa dəvət edəcəyi ilə bağlı ehtimalları ilə fərqlənirdi. Elə belə də oldu. Türkiyənin baş naziri, digər həmsədr dövlətlərlə olduğu kimi, Rusiya ilə də danışıqlar zamanı onların bir dövlət kimi, münaqişənin həllində aktiv olmağa çağırıb. Buna cavab olaraq, Rusiya tərəfi problemin həllində hər cür kömək göstərməyə hazır olduğunu bildirib. Bu isə Azərbaycanın maraqlarına tamamilə uyğun olan bir mövqedir. Yəni Türkiyə-Rusiya yaxınlaşması və danışıqları Azərbaycanın mənafelərini müdafiə etməyə yönəlib. Əlbəttə, burada Türkiyə tərəfinin göstərdiyi səyləri xüsusilə qeyd etmək lazımdır ki, hər zaman strateji müttəfiq və qardaş ölkə olaraq, Türkiyə dövləti Azərbaycanın maraqlarını həm ABŞ-la həm də Rusiya ilə münasibətlərdə müdafiə etməyə çalışır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasının vacibliyi barədə bu dövlətləri məlumatlandırmaq üçün əlindən gələni edir.
Türkiyə ilə Rusiya arasında son zamanlar münasibətlərin yüksək inkişaf səviyyəsinə çatması regionda da sülh və təhlükəsizlik məsələlərinin təmin olunmasında böyük rol oynayır. Belə ki, iki ölkə arasında iqtisadi sahədə münasibətlərin günü-gündən inkişaf etməsi ekspertlərin də fikrincə, regionda olan problemlərin o cümlədən, Dağlıq Qarabağ probleminin də həllinə münbit şərait yarada bilər. Nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici tərəf kimi göstərilən Rusiya qarşısında Türkiyənin Dağlıq Qarabağ iddiaları ilə çıxış etməsi münaqişənin həlli üçün çox mühüm hadisədir.
Türkiyənin atdığı addımlardan Azərbaycan tərəfinin razı olmasına baxmayaraq, Ermənistanın Rusiya-Türkiyə yaxınlaşmasından narahat olduğu bildirilir. Ermənistanda yaşanan narahatçılıq tək Rusiya - Türkiyə yaxınlaşması ilə deyil, eyni zamanda, Türkiyə - Ermənistan münasibətlərinin normallaşdırılmasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə paralel aparılmasına dair Türkiyənin iddialarıdır. Öz işğalçılıq mövqeyindən əl çəkmək istəməyən Ermənistan heç bir halda belə bir prosesə razı olmayacağını bildirir. Qeyd edək ki, Türkiyə baş nazirinin Moskvaya səfərindən həmən sonra Ermənistana gedən Rusiya xarici işlər naziri Sergey Lavrov da Dağlıq Qarabağ münaqişəsinin həllinin dalana dirənmədiyini, bu istiqamətdə danışıqların aparıldığını və Rusiyanın da tərəflərə münaqişənin həllində kömək göstərəcəyini qeyd edib.
Maraqlı bir fakt da bundan ibarətdir ki, rəsmi Yerevan Rusiya-Türkiyə danışıqlarından sonra Uinston Çörçillin məşhur "əbədi dostlar və əbədi düşmənlər"ə aid ifadəsini xatırlamağa ehtiyac duyub. Qeyd edək ki, bu məşhur ifadədə Çörçill məhz əbədi dostlar və əbədi düşmənlərin olmadığını qeyd etmişdi. Deməli, Ermənistan da onun əbədi düşmən və əbədi dostlarının olmamasını düşünür. Buradan belə bir nəticə çıxarmaq olar ki, Ermənistan bu sözləri məhz Rusiya və Türkiyəyə aid edir. Rusiyanın hər zaman onu dəstəkləyəcəyinin və himayə edəcəyini düşünən Ermənistan bu gün başqa mənzərənin şahidi olur. Belə ki, Rusiya da, elə Ermənistanla münasibətləri normallaşdırmaq istəyən Türkiyə də bu gün Ermənistanın öz siyasi xəttindən əl çəkməsinin və işğalçılıq siyasətinə son qoymasının tərəfdarıdır. Belə olan təqdirdə isə, Ermənistan dövləti məcburən öz siyasətindən əl çəkmək məcburiyyətində qalır. Onu himayə edən və dəstəkləyən heç bir dövlətin olmadığını görən Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından da çəkilməyə vadar olur. Əgər bu gün Ermənistan dövləti hələ də öz mövqeyindən geri çəkilmək istəmirsə, bu onun siyasi cəhətdən güclü olmasının göstəricisi deyil, müvəqqəti bir haldır. Tezliklə öz mövqeyindən çəkilməyəcəyi təqdirdə, onu gözləyən daha acınacaqlı durumdan və ona olacaq təzyiqlərdən xəbərdardır.