PDF Oxu

Əsas

  • 15

“Həmyaşıddan-həmyaşıda” pilləli tədrisi layihəsi həyata keçirilir

“Həmyaşıddan-həmyaşıda” pilləli tədrisi layihəsi həyata keçirilir
Xəbər verildiyi kimi, ombudsman Elmira Süleymanovanın təklifi üzrə Təhsil Nazirliyi ilə əldə olunmuş razılığa əsasən, Bakıdakı üç pilot məktəbində insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqları sahəsində "Həmyaşıddan-həmyaşıda" pilləli tədrisi nəzərdə tutan layihə həyata keçirilir. Bu layihə çərçivəsində fəaliyyət tədricən respublikamızın bütün məktəblərini əhatə edəcəkdir.
Layihə ilə bağlı açıqlamasında insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ilk treninqin pilot məktəbi kimi seçilmiş Nəsimi rayonundakı 5, Yasamal rayonundakı 31 və Nərimanov rayonundakı 207 saylı orta ümumtəhsil məktəblərində olmuş, müəllim və şagird kollektivi ilə görüşmüş, adıçəkilən layihənin məqsəd və məramını izah etmiş, uşaqların öz iştirakı ilə orta məktəblərdə uşaq hüquqları üzrə pilləli tədrisin səmərəli modullar əsasında həyata keçiriləcəyini və insan hüquqlarının öyrənilməsində yenilik kimi qiymətləndirildiyini diqqətə çatdırıldığını vurğuladı. Uşaq hüquqları üzrə pilləli tədris həmin təhsil müəssisələrində davam etdirilir. Ombudsmanın tapşırığına əsasən, təsisatın əməkdaşlarından ibarət yaradılmış qrupun üzvləri 5, 31 və 207 saylı orta məktəblərdə üç pillə (III-IV, V-VII və VIII-X siniflər) üzrə treninqlər keçirilib.
Keçirilən treninqlərdə məktəbin müəllimləri və şagirdlər iştirak edib. Treninq zamanı uşaqlar interaktiv müzakirələrdə fəal iştirak etdi. Uşaq hüquqları üzrə pilləli tədris zamanı keçirilən treninqdə ölkəmizin qoşulduğu və ötən il 20 illiyi qeyd olunmuş Uşaq Hüquqları Konvensiyası, habelə, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu barədə ətraflı məlumat verildi. 
Tədbirdə çıxış edən ombudsmanın nümayəndələri respublikamızda uşaqların hərtərəfli inkişafı, intellektual səviyyəsinin yüksəldilməsi, vətənpərvərlik ruhunda yetişməsi, əqli və fiziki tərbiyəsi istiqamətində tədbirlər görüldüyünü, müvəkkil təsisatının yarandığı ilk gündən uşaq hüquqlarının müdafiəsinə və təbliğinə böyük diqqət yetirdiyini söylədilər. Həmçinin, görüşdə uşaq hüquqları sahəsində pilləli tədrisi həyata keçirməyə yönəlmiş layihə çərçivəsində təşkil olunan treninqlərin uşaqlarla yanaşı, müəllimlərin geniş də əhatə olunduğu vurğulandı. Bu layihə çərçivəsində uşaq hüquqları üzrə tədrisi həyata keçirmək məqsədilə ombudsman təsisatında yeni metodologiyaya əsaslanmaqla "Uşaq hüquqları hamı üçün" adlı kitabın və "Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular" adlı dərs vəsaitinin nəşr olunduğu bildirildi.
Tədbirdə ölkə Prezidentinin Sərəncamı ilə Uşaq ili kimi elan olunmuş və uğurla başa çatan 2009-cu ilin bu istiqamətdə gerçəkləşdirilən mühüm işlər, o cümlədən, müvəkkilin həyata keçirdiyi silsilə tədbirlərlə yadda qaldığı vurğulandı. Ombudsmanın uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Avropa Şurası Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsini, "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif etdiyi nəzərə çatdırıldı.
Müvəkkilin nümayəndələri qeyd etdilər ki, ölkəmizin şəhər və rayonlarında, kənd yerlərində yaşayan uşaqların problemləri ilə bağlı ombudsmana dərhal müraciət etmək məqsədilə təsisatda 24 saat fəaliyyət göstərən 916 nömrəli "qaynar xətt" yaradılmışdır.
Müvəkkil təsisatında hazırlanmış hüquqi nəşrlər, "Mənim hüquqlarım", "Uşaqları cismani cəzadan qoruyun" adlı, habelə, 916 nömrəli "qaynar xətlə" bağlı plakatlar məktəblərə təqdim olundu.
Qeyd edək ki, üç pillə üzrə seçilmiş və treninqlərdə iştirak edən məktəblilər Ombudsman Aparatı əməkdaşlarından uşaq hüquqları sahəsində öyrəndikləri bilgiləri davamlı olaraq keçiriləcək növbəti məşğələlər zamanı bir pillə aşağı siniflərdə trenerlər kimi tədris edəcəklər.

Digər xəbərlər