PDF Oxu

Əsas

  • 15

Reket qəzetçiliklə mübarizə gücləndirilir

Reket qəzetçiliklə mübarizə gücləndirilir

Bildiyimiz kimi, Mətbuat Şurası (MŞ) 2009-cu ili reketçiliklə mübarizə ili elan etmişdir. Aparılan mübarizə tədbirləri hər hansı müsbət nəticələr veribmi? Ötən 2009-cu il Azərbaycan mətbuatı üçün hansı əlamətdar hadisələrlə və uğurlarla yadda qaldı? Eləcə də, 2010-cu ildə mətbuat üçün gözləntiləriniz nədən ibarətdir? Bu və ya digər suallarla mətbuat nümayəndələrinə müraciət etdik. Məsələyə münasibətini öyrəndiyimiz KİV nümayəndələri MŞ-nin reketçiliklə mübarizəsini yüksək qiymətləndirdilər.
Yunus Oğuz,
"Olaylar" qəzetinin baş redaktoru:

- Mətbuat Şurası 2009-cu ildə reketçiliklə mübarizəsi müsbət nəticəsini verir və bu gün də verməkdədir. Artıq rayon icra hakimiyyətlərinə reket qəzetlərinin siyahısı verilib. Həmin siyahı əsasında reketçiliklə məşğul olan qəzetlər ifşa olunur. Bu, artıq Mətbuat Şurasının qələbəsidir və düşünürəm ki, bu gün MŞ-nin mübarizəsi nəticəsində reket qəzetləri kifayət qədər geri çəkiliblər.
Fikrimcə, 2009-cu il Azərbaycan mətbuatı üçün çox əlamətdar hadisələr ilə yadda qaldı. Yəni Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və həmin ildə də adıçəkilən fonda təqdim olunan layihələr həyata keçirildi. Jurnalistlərimiz müəyyən mənada yazılarına görə mükafatlandırıldı. Əminəm ki, Mətbuat Şurası və qəzetlər milli mətbuatın yaranmasının 135 illiyində uğurla çalışacaqlar.
2010-cu il, əvvəl də qeyd etdiyim kimi, mətbuatın 135 illiyidir. Fikrimcə, bu müəyyən problemlərin həll olunması üçün Mətbuat Şurası və KİVDF xətti ilə jurnalistlərin sosial problemlərinin həll edilməsi üçün addımlar atılacaq.

Akif Aşırlı,
"Şərq" qəzetinin baş redaktoru:
- Əvvəlcə, onu qeyd edim ki, dünya maliyyə böhranının olmasına baxmayaraq, 2009-cu il Azərbaycan mətbuatında olan problemlərin həll edilməsi ilə yadda qaldı. Eyni zamanda, Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması ilə əlamətdar oldu.
Yeni 2010-cu ildə mətbuatdan gözləntilərim çoxdur. Amma bu gün mətbuatımızın vəziyyəti bir o qədər də ürək açan deyil. Yəni jurnalistlərimizin sosial problemləri mövcuddur və reklam imkanlarımız da məhduddur. Mənim bu gözləntilərim ancaq ondan ibarət ola bilər ki, KİVDF-nin maliyyə vəsaitləri artırılsın. Yəni, qəzetlərə ayrılacaq bu layihələrin miqdarı, məbləği artırılsın. Dövlət, həmişə olduğu kimi, azad sözün, azad mətbuatın inkişafında maraqlı olduğunu həmişə sübut edib. Bu ildə də, ümid edirəm ki, dövlət bu ənənəsini davam etdirəcək. Həmçinin, qəzetin perspektiv imkanlarını götür-qoy edə bilsək, müəyyən mənada bu yubiley ilində bu vəziyyətdən çıxa bilərik.
Hesab edirəm ki, reket mətbuatı bir cinayət faktıdı və dilənçi bir jurnalistikanın formasıdır. Fikrimcə, bunun ciddi mətbuata təsir imkanları o qədər də böyük deyil. Sadəcə olaraq, zaman-zaman reketçiliklə məşğul olan mətbuat məsələsi qabardıldığından, ciddi mətbuatın problemləri arxa plana keçib. Reketçiliklə məşğul olan qəzetlərin tezliklə sıradan çıxması isə inandırıcı deyil.

Digər xəbərlər