Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa olunacaq
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov mətbuat konfransı keçirdi. O, Dövlət Dəniz Administrasiyasının fəaliyyəti istiqamətində mətbuat nümayəndələrinə məlumat verdi. Q.Qurbanov bildirdi ki, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsası 21 aprel 2001-ci il tarixdə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu müdrik siyasətin məntiqi davamı olaraq, Prezident İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş "Əsasnamə"yə müvafiq olaraq fəaliyyət göstərir. Dövlət Dəniz Administrasiyası Azərbaycan ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Dünya ticarət məhsullarının 80 faizdən artıq hissəsini təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Bu səbəbdən bütün dünya dövlətləri tərəfindən qəbul olunan və riayət edilən dənizçilik münasibətlərini tənzimləyən normalara ehtiyacın nəticəsi olaraq 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının strukturuna daxil olan Beynəlxalq Dəniz Təşkilatı yaradılmışdır. Q.Qurbanov Azərbaycan Respublikasında məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində və birbaşa səyi ilə 1995-ci ilin may ayında Beynəlxalq Dəniz Təşkilatının tam səlahiyyətli üzv olması haqqında müvafiq qərar qəbul olunduğunu bildirdi: "Ölkəmiz dənizçilik sahəsində 20-dən artıq Beynəlxalq Dəniz Konvensiyalarına qoşulmuşdur ki, bu konvensiyaların tələblərinin gəmiçilik sahəsində fəaliyyət göstərən müəssisələr, təşkilatlar və Azərbaycan Respublikası bayrağı altında üzən gəmilər tərəfindən yerinə yetirilməsinə nəzarəti Dövlət Dəniz Administrasiyası həyata keçirir. Heydər Əliyev bütün sahələrdə olduğu kimi, dəniz nəqliyyatı kompleksinin inkişafı sahəsində də müstəsna rol oynayıb. Dəniz donanmasına malik keçmiş Sovet İttifaqı respublikalarının bir çoxunda donanmalar, hərfi mənada desək, israf edilərək, "yox" səviyyəsinə çatdırılmışdır. Bizim ölkəmizdə isə Heydər Əliyevin dövlət quruculuğu sahəsində təkrarolunmaz istedadı və ideyası nəticəsində iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahəsindən biri olan dəniz nəqliyyatı üzərində nəzarət saxlanmışdır. Bu gün də diqqət və qayğı İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğının nəticəsidir ki, hazırda donanmada sərnişin bərələri, ro-ro tipli gəmilər, neft tankerləri, quru yük gəmiləri, boru kəməri çəkən, elmi-tədqiqat, qəza-xilasetmə, yedək və dalğıc gəmiləri, torpaqqazan və həmçinin, analoqu olmayan iritonnajlı kran gəmiləri mövcuddur ki, bu da ölkəmizi həqiqətən qüdrətli dəniz dövləti hesab etməyə əsas verir."
Adminstrasiyanın rəisi 2009-cu ildə Dövlət Dəniz Administrasiyası tərəfindən görülmüş işlərə dair statistik göstəriciləri də diqqətə çatdırdı. O bildirdi ki, "Dənizçilərin hazırlanması, sertifikatlaşdırılması və növbə çəkmələri haqında" Beynəlxalq Konvensiyanın tələblərinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dənizçilərə ixtisas diplomu və hazırlıq sertifikatları və s. verilmişdir. Dövlət Dəniz Administrasiyası tərəfindən qanunvericilik müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərin dövlət qeydiyyatının və dövlət reystrinin aparılması, gəmi sənədlərini verilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. "Dənizin gəmiləri çirklənməsinin qarşısının alınması dair" Beynəlxalq Konvensiyasının tələbləri nəzərə alınaraq, 2010-cu ilədək tək gövdəli tankerlərin istismardan çıxarılmasının təmin edilməsi məqsədili dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus 7 ədəd tanker Beynəlxalq Dəniz Təşkilatının A.744(18) saylı Qətnaməsinin tələblərinə müvafiq olaraq yoxlanılmış, onlara "Uyğunluq haqqında bildiriş" verilmiş və qeyd olunan bildirişin surəti Beynəlxalq Dəniz Təşkilatına göndərilmişdir.
Dövlət Dəniz Administrasiyası müfəttişləri tərəfindən 2009-cu ilin ötən dövrü ərzində xarici dövlətin bayrağı altında üzən 33 gəmi daxil olmaqla, ümumilikdə, 70 gəmidə yoxlamalar aparıldığını bildirən Q.Qurbanov bu ilin ətraflı yoxlamalarının sayının ötən ilin göstəriciləri ilə müqayisədə 29% artığını söylədi: "Yoxlanılan gəmilər, əsasən, Rusiya Federasiyası, Azərbaycan, Qazaxıstan, Türkmənistan Respublikaları və İran İslam Respublikasının bayrağı altında üzən gəmilərdir. Hazırda Dövlət Dəniz Administrasiyası 2009-cu il üçün nəzərdə tutulmuş tədbirlərin ilin sonunadək həyata keçirilməsini təmin etmək məqsədili zəruri işlərin görülməsi davam etdirilməkdədir. Ümumiyyətlə, hazırda respublikamızda iqtisadiyyatın bütün sahələri ilə yanaşı, dəniz nəqliyyatı sahəsinin də sürətli inkişafı, dövlətimizin tranzit nəqliyyat dəhlizlərinin formalaşmasında iştirak etməsi Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsi kimi qiymətləndirilir. İlham Əliyevin müvafiq Sərəncamına əsasən, yeni, müasir standartlara cavab verən, daha çox yük daşınmasını təmin edə biləcək yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikiləcəyini də nəzərə alsaq, onda tam əminliklə deyə bilərik ki, Azərbaycanın dəniz nəqliyyatı infrastrukturu digər nəqliyyat infrastrukturları ilə yanaşı, respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm məntəqəsi olaraq, oynadığı əhəmiyyətli rolun daha da artmasına şərait yaradacaqdır."
Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı öndə olmaqla, paytaxtın müxtəlif növ nəqliyyat vasitələri ilə yüklənməsinin qarşısının alınması və ən vacib məsələlərdən biri, şəhərin ekoloji vəziyyətinin nəzərdən qaçırılmamasıdır. Bununla dövlət rəhbəri tərəfindən verilmiş tapşırıq əsasında nəzərdə tutulmuş Böyük İpək yolunun üstündə yerləşən Ələt qəsəbəsində müasir tələblərə cavab verən və Xəzəryanı dövlətlər arasında analoqu olmayan yeni liman kompleksinin tikilməsi üçün bir neçə xarici dövlətlərin mütəxəssisləri ilə birgə ciddi hazırlıq tədbirləri həyata keçirilmişdir.
Q.Qurbanov öz strukturuna görə, Avropanın tanınmış dəniz limanlarından geri qalmayan müasir liman kompleksinin vacibliyini iştirakçıların nəzərinə çatdırdı. Qarşıda duran perspektivdə, bu, Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsində əsas rollardan birini oynayan bir kompleksdir və Böyük İpək Yolunun əsas hissəsidir. Ona görə də, bu, hər şeydən əvvəl, bu günün tələblərinə cavab verən texniki avadanlıqiarla təchiz olunmuş və bütün beynəlxalq standartlara cavab verən müasir bir liman olacaqdır:" Bununla yanaşı, İlham Əliyevin tapşırığına uyğun olaraq, müasir standartlar səviyyəsində gəmiqayırma zavodunun inşası da dəniz nəqliyyatı sahəsinin inkişafına yönəlmiş layihələrdəndir. Zavodun tikintisi yeni sənaye sahələrinin yaradılmasında, mövcud sahələrin inkişafında əhəmiyyətli olacaq, Azərbaycanda mövcud infrastrukturun inkişafı və ölkənin ixrac potensialının artırılmasında da xüsusi önəm kəsb edəcək. Zavodun inşası üçün Dövlət Neft Şirkəti və Azərbaycan İnvestisiya Şirkətinin birgə yaradacağı müştərək müəssisə həm sifarişçi, həm də zavodun mülkiyyətçisi qismində çıxış edəcək. İlkin hesablamalara əsasən, layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edəcək. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun ərazisində inşa olunacaq zavodun təxminən 2,5 - 3 ilə istismara verilməsi nəzərdə tutulur. Regionda ilk belə müasir zavodun yaranması Azərbaycanda və digər Xəzəryanı ölkələrdə yeni gəmilərin tikintisində, eləcə də, mövcud gəmilərin təmirində xüsusi əhəmiyyətə malik olacaq. Zavodun tikintisinin ilkin mərhələsində 1400 -1700 yeni iş yerinin açılması nəzərdə tutulub. Məlumat üçün bildirmək istərdim ki, Dövlət Dəniz Administrasiyası öz fəaliyyətində qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin Azərbaycan Respublikasının qeyd olunan sahə üzrə dövlət siyasəti və tənzimləməsinin həyata keçirilməsi istiqamətində tətbiqi məsələlərinə xüsusi yer ayırır."
Administrasiya çoxtərəfli əməkdaşlıq fəaliyyətini təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin, Beynəlxalq Əmək Təşkilatı, Avropa Birliyinin Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və s. kimi beynəlxalq qurumlarla inkişaf etdirməkdədir. Dövlətimizin hazırda bütün dünya dövlətlərini ciddi narahat edən dəniz quldurluğu ilə mübarizə sahəsində BMT, BDT, NATO və digər təşkilatlarla əməkdaşlığını xüsusilə vurğulamaq lazımdır. Dövlət Dəniz Administrasiyası daim bu sahədə normativ sənədlərin layihələrinin hazırlanmasında aktiv iştirak edir.
Son zamanlar dəniz quldurluğu hallarının tək Somali yarımadası ətrafı deyil, habelə, Nigeriya, Malayziya, Banqladeş, Hindistan və Peruda da artıq baş verdiyi, hazırkı vaxtadək 600 nəfər dənizçinin girov götürüldüyü və baş vermiş quldurluq halları zamanı girov müqabilində quldurlar tərəfindən qeyri-qanuni yolla gəmi sahiblərindən təqribi 100 milyon dollar pul vəsaiti toplanması dünya ictimaiyyətini narahat etməyə bilməz. Bu səbəbdən də, Azərbaycanın fəal üzvü olduğu BDT-nin təşəbbüsü ilə dəniz dövlətləri gərgin müzakirələr nəticəsində dəniz quldurluğu hallarının və gəmilərə qarşı silahlı basqınların qarşısının alınması haqqında Cibuti Məcəlləsini qəbul etmişlər.
Adminstrasiyanın rəhbəri 2009-cu ildə Dövlət Dəniz Administrasiyası tərəfindən görülmüş işlərə dair statistik göstəricilərə də nəzər saldı: "Dənizçilərin hazırlanması, sertifikatlaşdırılması və növbə çəkmələri haqında" Beynəlxalq Konvensiyanın tələblərinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dənizçilərə 1776 ədəd ixtisas diplomu və 7304 ədəd xüsusi hazırlıq sertifikatları, habelə, 3105 ədəd Dənizçinin Şəxsiyyət Sənədi və müvafiq olaraq, eyni sayda Dənizçinin Qeyd Kitabçası verilmişdir. Eyni zamanda, Dövlət Dəniz Administrasiyası tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycanın bayrağı altında üzən gəmilərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, habelə, gəmi sənədlərini verilməsi istiqamətində də müvafiq tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, 23 ədəd müxtəlif təyinatlı gəmi Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində qeydiyyata alınaraq, onlara müvafiq şəhadətnamələr verilmiş, habelə, 8 ədəd gəmi və "Heydər Əliyev" Səyyar Üzən Qazma Qurğusu Berbout-çarter reyestrində qeydiyyata alınmışdır."
Adminstrasiyanın rəisi onu da qeyd etdi ki, Dövlət Dəniz Administrasiyasının müfəttişləri tərəfindən 2009-cu ilin ötən dövrü ərzində xarici dövlətin bayrağı altında üzən 33 gəmi daxil olmaqla, ümumilikdə, 70 gəmidə yoxlamalar aparılmışdır. Bu il ətraflı yoxlamaların sayı ötən ilin göstəriciləri ilə müqayisədə 29% artmışdır. Yoxlanılan gəmilər, əsasən, Rusiya Federasiyası, Azərbaycan, Qazaxıstan, Türkmənistan respublikaları, və İran İslam Respublikasının bayrağı altında üzən gəmilərdir.
Hazırda Dövlət Dəniz Administrasiyası 2009-cu il üçün nəzərdə tutulmuş tədbirlərin ilin sonunadək həyata keçirilməsini təmin etmək məqsədilə zəruri işlərin görülməsini davam etdirməkdədir.
Tədbirin sonunda Dövlət Dəniz Administrasiyasının rəisi mətbuat nümayəndələrin çoxsaylı suallarını cavablandırdı.