PDF Oxu

Əsas

  • 12

Avropa Şurasının 60 illiyi münasibətilə konfrans keçirilib

Avropa Şurasının 60 illiyi münasibətilə konfrans keçirilib

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Avropa Şurasının 60 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Avropa Şurasının yaranma tarixindən və Azərbaycanın quruma üzv olduqdan sonra gördüyü işlərdən danışıb.
Bildirib ki, Avropa Şurasına üzv olmaqla Azərbaycanda dövlətçiliyin formalaşmasında yeni bir mərhələyə qədəm qoyulub. Biz bu gün Avropa Şurası qarşısında götürdüyümüz öhdəliklərin böyük bir hissəsinin yerinə yetirildiyini deyə bilərik. Lakin təəssüflər olsun ki, Avropa Şurası hələ də işğalçı ilə işğala məruz qalan arasında fərq qoymur.
Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanın Avropa Şurasına üzv olduqdan sonra əldə etdiyi nailiyyətlərdən, həyata keçirilən islahatlardan danışıb. B.Muradova bildirib ki, Azərbaycan quruma üzv olduqdan sonra ölkə qanunları Avropa standardlarına uyğunlaşdırılıb, KİV-lərin sərbəst fəaliyyəti təmin edilmiş və insan hüquqlarının qorunması istiqamətində işlər görülüb: "Azərbaycan AŞ qarşısındakı öhdəliklərinə sadiq bir ölkə olduğunu sübut etmişdir". B.Muradova qeyd edib ki, Azərbaycan AŞ-a üzv olduqdan sonra dünyada baş verən prosesləri daha yaxından izləmək və bu hadisələrə öz münasibətini bildirmək imkanı əldə edib. Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov Azərbaycan və AŞ arasındakı əlaqələrdən danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Avropa Şurası ilə yanaşı bir çöx nüfuzlu beynəlxalq təşkilatlara da üzv olmuş və bütün bu təşkilatlarda tolerant ölkə kimi tanınmaqdadır. Azərbaycanın hələ Avropa Şurasına üzv olmazdan əvvəl ölüm hökmünü ləğv etməsi mühüm addım idi.
Ç.Əsgərov Avropa Şurası-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişafında qurumun ölkədəki nümayəndəliyinin işini də yüksək qiymətləndirib.
Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek iştirakçılara AŞ-ın yaranma tarixi barədə qısa məlumat verib. O, bildirib ki, 60 il bundan əvvəl - II Dünya müharibəsindən sonra yaranan qurumun əsas məqsədi dövlətlər arasında əlaqələri bərpa etmək olub. Konfransda "Azərbaycan və Avropa Şurası" adlı kitabın təqdimatı keçirilib.

Digər xəbərlər