Demokratik seçkilərin formalaşmasında bələdiyyələrin rolu
Dünən YAP Dəvəçi rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayon mədəniyyət evində seçicilərilə növbəti görüş keçirdi.
Görüşdə çıxış edən YAP Dəvəçi rayon təşkilatının sədri Mehdi Balabəyov, "Partiyamızın digər yerli strukturları kimi, YAP Dəvəçi rayon təşkilatı da bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşır" fikrini söylədi. M.Balabəyov bildirdi ki, rayonda 35 bələdiyyə fəaliyyət göstərir: "Seçkilərdə 15 bələdiyyəyə üzvlər seçiləcək. Bələdiyyə üzvlüyünə 261 nəfər namizədliyini irəli sürüb ki, onlardan 195 nəfərin namizədliyi qeydə alınıb. Qeydə alınanların 32 nəfəri qadın, 57 nəfəri gəncdir. 137 nəfərin namizədliyi YAP Dəvəçi rayon təşkilatı tərəfindən irəli sürülmüşdür".
Dəvəçi sakinlərinin dövlətə və dövlətçiliyə daim sədaqət nümayiş etdirdiyini vurğulayan M.Balabəyov qarşıdan gələn bələdiyyə seçkilərində də bunun bir daha təsdiqlənəcəyini söylədi: "Dəvəçililər Azərbaycanın inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda edilmiş səyləri, atılmış addımları yüksək qiymətləndirir. Ona görə də, rayonumuzun sakinləri YAP-a rəğbət bəsləyir, onu dəstəkləyir".
Tədbirdə YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Ziyad Səmədzadə, çıxış edərək, ilk öncə, dekabrın 23-də keçiriləcək seçkilərdə partiya tərəfindən namizədliyi irəli sürülənlərə uğurlar arzuladı. Millət vəkili qeyd etdi ki, ölkəmizdə qadınların, gənclərin ictimai-siyasi proseslərdə fəallığı yüksək göstəricilərlə ifadə olunur. Ona görə də, YAP bələdiyyə seçkilərində gənclərin və qadınların iştirakının artırılması, onların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyinin təmin edilməsi ilə bağlı təkliflərini ifadə edib. Yeni Azərbaycan Partiyasından 15637 namizədin qeydə alınması, onlardan 30 faiz qadınlar və gənclər olmasından danışan Z.Səmədzadə bildirdi ki, gənclərin və qadınların təmsilçiliyinə üstünlük verilməsi də bələdiyyələrin fəaliyyətində müsbət dəyişikliklərə səbəb olacaq.
YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvlərini məhz xalqa xidmət edən layiqli insanlar olduğunu söylədi: "Böyük xalq dəstəyinə malik olan partiyamız insanların problemləri ilə yaxından tanış olur, onların həllində rol oynayır. İnanıram ki, Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək seçkilərdə də inamlı qələbə qazanacaq və formalaşan Azərbaycan bələdiyyələri, Yeni Azərbaycan Partiyasının şüarında qeyd olunduğu kimi, var gücü ilə xalqına xidmət göstərəcək".
Səlahiyyətli nümayəndə partiyanın seçkilərdə müəyyən hədəflərinin olduğunu deyərək, bütün bunların seçki konsepsiyasında əks olunduğunu qeyd etdi. Azərbaycanda bələdiyyələrin 10 ildir fəaliyyət göstərdiyini xatırladan V.Rəhimzadə bildirdi ki, ötən müddət ərzində, bələdiyyələrin işinin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Onun sözlərinə görə, yerli özünüidarəetmə orqanlarının vəzifəsi insanlara səmərəli xidmət göstərmək və yerli sosial məsələlərin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. V.Rəhimzadə bu işdə namizədlərə uğurlar arzuladı.
Görüşdə, həmçinin, bələdiyyə üzvülüyünə namizədlər üzərilərinə düşən vəzifə barədə çıxış edərək, bildirdilər ki, daim insanların arasında olacaq, onların qayğılarının aradan qaldırılmasında öz səlahiyyətləri çərçivəsində iştirak edəcəklər. Onların fikrincə, yalnız bu məsuliyyəti dərk edən namizədlər seçkilərə qatılmalıdırlar.
Sonda səlahiyyətli nümayəndələr seçiciləri maraqlandıran sualları cavablandırdılar.