YAP daima qalib partiyadır
Dünən YAP Tərtər rayon təşkilatı dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü keçirdi.
Görüşdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Prezident İlham Əliyevin son altı ildə apardığı çoxşaxəli, ölkənin inkişafına xidmət edən siyasətin sayəsində Azərbaycanın regionun aparıcı dövlətinə çevrildiyini qeyd etdi. Bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün qanunvericilikdə edilmiş dəyişikliklərin müsbət qarşılandığını bildirən R.Şabanov bələdiyyə seçkilərinə hazırlığın yüksək səviyyədə həyata keçirildiyini vurğuladı: "Rayon sakinləri ilə keçirilən görüşlər seçkilərin yüksək fəallıq şəraitində keçəcəyini deməyə əsas yaradır. Builki bələdiyyə seçkilərində daha bir mühüm amil namizədlərin arasında qadınların və gənclərin sayının nəzərəçarpacaq dərəcədə artmasıdır. Çünki cəmiyyətin aparıcı qüvvəsi, yeniliklərin müəllifi olan gənclərin yerli özünüidarəetmə strukturlarına cəlb edilməsi yalnız uğurlarımıza hesablanmış bir addımdır. Qadınların da ictimaiyyətin problemlərinin həlli məsələlərində aktivləşməsi sevindiricidir".
Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Nizami Cəfərov hakim partiyanın xalqın dəstəyi ilə bütün seçkilərdə inamlı qələbə qazandığını bildirdi. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və sabitliyimizin, rifahımızın möhkəmlənməsinə səbəb olan, inkişafa təkan verən siyasi və iqtisadi islahatlar kursunun yeni mərhələyə qədəm qoyduğunu deyən səlahiyyətli nümayəndə hər bir vətəndaşın bunu öz həyatında hiss etdiyini söylədi. Bütün bu məqamlar cənab Prezidentin rəhbəri olduğu partiyanın xalq arasında nüfuz qazanmasına və dəstəklənməsinə başlıca zəmindir.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Mirkazım Kazımov da yerli özünüidaretmə orqanları olan bələdiyyələrin ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynadığını və bu quruma keçirilən seçkilərə hazırlığın partiya üzvləri qarşısında ciddi vəzifələr qoyduğunu diqqətə çatdırdı: "Özünüidarəetmə orqanları, bir struktur kimi, Azərbaycanda 1999-cu ildə yaradılıb və tarix baxımından bu qurumlar o qədər də yaşlı deyil, hətta onları gənc də hesab etmək olar. Bununla belə, son illər ərzində qanunvericilikdə edilən dəyişikliklər və əldə olunmuş təcrübə, onu deməyə əsas verir ki, artıq növbəti illərdə bələdiyyələrin daha aktiv fəaliyyətinin şahidi olacağıq".
Tədbirdə bələdiyyə üzvlüyünə namizədlər Tofiq Hüseynov, Mərziyyə Qəndilova və başqaları çıxış edərək, seçicilərin etimadını qazanacaqlarına əməli fəaliyyətləri ilə cavab verəcəklərini bildirdilər.
Keçirilən görüşdə seçicilərə bələdiyyələr haqqında ətraflı məlumat verildi, onların çoxsaylı sualları cavablandırıldı.