PDF Oxu

Əsas

  • 18

Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi gücüdür

Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi gücüdür
Dünən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının qərargahında Sabunçu rayon Bakıxanov qəsəbəsindən olan seçicilərlə bələdiyyə seçkiləri ilə bağlı növbəti görüş keçirilib.
Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat və təşviqat kampaniyası çərçivəsində, seçicilərlə keçirilən mütəmadi görüşlər, onların bələdiyyə strukturu barədə anlayışlarını bir qədər də artırmış olduğunu bildirdi. Seçicilərlə ardıcıl şəkildə təşkil olunmuş görüşlərdə insanların bu sistemə dair bir çox mətləblər barəsində bilgilər əldə etmək istəklərində və böyük maraqla tədbirlərdə iştirak edərək fəallıq nümayiş etdirmələrində bunu açıq şəkildə görməyin mümkünlüyünü dilə gətirən M.Abasquliyeva, artıq cəmiyyətin istənilən prosesə adekvat reaksiyasının yüksək olduğunu da qeyd etdi: "Azərbaycan cəmiyyəti qlobal dünyanın tərkib hissəsi olduğu üçün buradakı istənilən dəyişiklik, məhz insanların ictimai-siyasi və sosial münasibətlərə olan mövqeyində özünü göstərir. Ona görə də, mövcud ictimai münasibətlər müstəvisində cəmiyyətimiz durmadan inkişaf edir. Ulu Öndərimizin müəyyənləşdirmiş olduğu uğurlu inkişaf tendensiyası Prezident İlham Əliyevin rəhbərliyi altında əzmlə və dəyanətlə inkişaf etdirilməkdədir. Artıq Azərbaycan, nəinki regionda, hətta beynəlxalq aləmdə də öz mövqeyini günü-gündən daha da möhkəmləndirməkdədir. Seçkidə cəmiyyətimizin inkişafında vacib bir tendensiya olduğu üçün bu məsələdə də insanlarımız daha fəal və prinsipial olmalıdır. Müstəqilliyimiz bərqərar olduqdan sonra ölkəmizdə mühüm dəyişikliklər baş verdi. Məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu kurs Azərbaycanda demokratik prinsiplərin bərqərar olmasını təmin etmiş oldu. Elə o dövrdən də ölkəmizdə keçirilən hər bir seçki prosesi birbaşa vətəndaş iradəsinə və vətəndaş istəyinə uyğun olaraq keçirildi.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bələdiyyə seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olduğunu qeyd edib. Bildirib ki, 1992-ci ilin noyabr ayının 21-də əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası yaradıldığı gündən qarşısına qoymuş olduğu bütün məqsədlərinə çatıb. "Ulu Öndərimiz Heydər Əliyev YAP-ı yaratmaqla Azərbaycanda yeni münasibətlərin əsasını qoymuş oldu" deyən H.Babaoğlu bu gün ölkəmizdə sosial-ictimai münasibətlərin çox yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. Tarixə nəzər saldıqda, məhz Azərbaycanda milli dövlətçiliyin mövcud olmasında Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq, milli kökə qayıdış, milli dəyərlərə yaxınlaşma prinsiplərinin artıq öz yerini tapdığını bildirən H.Babaoğlu müasir dövlətçilik ənənələrimizdə də məhz bu prinsiplərin başlıca meyar olduğunu dilə gətirib. "1995-ci ildə ölkəmizin ali qanunu olan Konsitutisiyamızın məhz Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılması və burada bələdiyyələrlə bağlı prinsiplərin də öz əksini tapması gələcəkdə ölkəmizdə bələdiyyə sisteminin formalaşacağından xəbər verirdi. Məhz 1999-cu ildə, ölkəmizdə ilk dəfə olaraq, bələdiyyə seçkilrinin keçirilməsi də məhz bunun məntiqi davamı sayılırdı. O dövrdən isə artıq 10 il müddət keçdi və bu müddət ərzində, bələdiyyələrin fəaliyyətində müəyyən irəliləyişlər və təcrübə əldə olunub. Bələdiyyələrin fəaliyyətində bir sıra prinsipləri qorumaq üçün artıq hüquqi baza da təkmilləşib" - deyən H.Babaoğlu qarşıdakı seçkilərdə hər bir seçki hüququna malik olan şəxsi bu hüquqdan istifadə edərək, öz seçimini etməyə səslədi.
Rayon ağsaqqaları adından çıxış edən Həsən İbrahimov Sabunçu rayonunda bütün seçkilərin yüksək ictimai fəallıqla keçirildiyini və bələdiyyə seçkilərində də seçicilərin böyük aktivlik nümayiş etdirəcəyinə əminliyini bildirdi.
Tədbirin sonunda çıxış edən M.Abasquliyeva bir daha seçiciləri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində seçki məntəqələrinə gələrək öz seçimlərini etməyə səslədi.

Digər xəbərlər