Dünən YAP Qusar rayon təşkilatının təbliğat-təşviqat qrupunun seçicilərlə Qusar rayon bələdiyyəsinə irəli sürülən namizədlərlə görüşü keçirildi.
Görüşdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov bələdiyyə seçkilərinə hazırlığın qələbə üçün əsas amil olduğunu vurğuladı. D.İbrahimxəlilov seçkilərə hazırlığın ən vacib olduğunu qeyd edərək bildirdi ki, rayon təşkilatında bu proses yüksək səviyyədə aparılıb: "Rayon sakinləri ilə keçirilən görüşlər seçkilərin yüksək fəallıq şəraitində keçəcəyini deməyə əsas yaradır. Builki bələdiyyə seçkilərində daha bir mühüm amil namizədlərin arasında qadınların və gənclərin sayının nəzərəçarpacaq dərəcədə artmasıdır. Çünki cəmiyyətin aparıcı qüvvəsi, yeniliklərin müəllifi olan gənclərin yerli özünüidarəetmə strukturlarına cəlb edilməsi yalnız uğurlarımıza hesablanmış bir addımdır. Qadınların da ictimaiyyətin problemlərinin həlli məsələlərində aktivləşməsi sevindiricidir".
Yeni Azərbaycan Partiyasının xalqın dəstəyi ilə bütün seçkilərdə inamlı qələbə qazandığını bildirən D.İbrahimxəlilov bu seçkidə də iqtidar partiyasının qələbəsinə əminliyini söylədi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və sabitliyimizin, rifahımızın möhkəmlənməsinə səbəb olan, inkişafa təkan verən siyasi və iqtisadi islahatlar kursunun yeni mərhələyə qədəm qoyduğunu deyən rayon təşkilatının sədri hər bir vətəndaşın bunu öz həyatında hiss etdiyini söylədi: "Bütün bu məqamlar cənab Prezidentin rəhbəri olduğu partiyanın xalq arasında nüfuz qazanmasına və dəstəklənməsinə başlıca zəmindir. Ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsinin məhz keçirilən seçkilərdə təsdiqini tapmışdır. Bələdiyyələrin sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən mühüm dövlət proqramlarının icrasında iştirak etməsi, regionlarda sosial müdafiə və sosial inkişaf proqramlarının icrasına böyük diqqətlə yanaşması sosial problemlərin uğurlu həll variantları üçün meydan açır. Malik olduqları şərait, formalaşmış struktur və yaradılmış hüququ baza bu qurumların ölkəmizdə həyata keçirilən mühüm proqramların icrasında daha çox səy göstərmələrini tələb edir. Dövlət tərəfindən bələdiyyələr üçün müəyyən edilmiş səlahiyyətlər və onların əldə etdiyi yerli gəlirlər imkan verir ki, yerli özünüidarəetmə orqanları ən mühüm proqramları - məktəblərin tikintisi və bərpasını, təhsil və səhiyyə müəssisələrinin yeni avadanlıqlarla təmin olunmasını, mədəniyyət, turizm və idman komplekslərinin yaradılmasını və digər tədbirləri həyata keçirə bilsin".
Tədbirdə çıxış edən namizəd Şıxverdiyeva Gülüş ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda həyata keçirilən islahatları dəstəklədiyini və YAP-ın fəaliyyətinə öz sədaqət və əməlləri ilə cavab verəcəyini bildirdi: "Əvvəlki seçkilərdə olduğu kimi, partiyamız tərəfindən irəli sürülən namizədlərimizin bu sınaqdan da uğurla çıxacağına əminəm və seçicilərin bir nəfər kimi YAP-ın namizədlərinə səs verəcəklərinə inanıram".
YAP-ın bələdiyyə seçkilərinə namizədi Saleh Fərzəliyev isə yerli bələdiyyələrin yarandığı gündən bu vaxta qədərki fəaliyyətinə toxunub: "Bu gün bizim qarşımızda aydın fəaliyyət proqramı var. Həmin proqramı reallaşdırmaq üçün YAP seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə gedir. Bələdiyyələrin bütün fəaliyyəti bu şüarın gerçəkləşməsi istiqamətində qurulacaq. YAP öz namizədlərinin üzərinə çox böyük məsuliyyət qoyub və bu məsuliyyət seçkilərdən sonrakı beşillik fəaliyyət zamanı bir an olsun belə unudulmamalıdır".
Sonda seçiciləri maraqlandıran suallar cavablandırıldı.