Türkiyə regionda ABŞ-ın maraqlarını müdafiə etməkdədir
Dünya ictimaiyyətinin maraq mərkəzində olan məsələlərdən olan Türkiyə baş nazirinin ABŞ-a səfəri artıq baş tutdu. Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı müzakirə olunan məsələlər də tək ABŞ və Türkiyə mətbuatının deyil, eyni zamanada, dünyanın bir çox ölkələrinin də KİV-lərində geniş yer almış, bununla bağlı dünyanın bir sıra tanınmış və seçilən tədqiqat mərkəzləri tərəfindən məsələyə dair araşdırılmalar aparılmış və müxtəlif rəylər verilmişdir. Bu da səbəbsiz deyil. Belə ki, bu səfər zamanı tək Türkiyə və ABŞ-ı maraqlanıdıran məsələlər deyil, həmçinin, bir sıra dünya dövlətlərini maraqlandıran məsələlər müzakirə olunub.
Qeyd edək ki, ABŞ prezidenti ilə görüşdə müzakirə olunacaq məsələlər əvvəlcədən təxminən bəlli idi. Buna görə də görüşə diqqət bu dərəcədə artmışdı. Türkiyə - Ermənistan münasibətləri, ABŞ-ın Yaxın Şərq siyasəti, İranın nüvə məsələsinin həllində və ümumilikdə, bu regionda ABŞ-ın maraqlarının təmin edilməsi barədə məsələlər də dediklərimizə aid oluna bilər.
Görüşün nəticələri barədə danışmazdan əvvəl, onu qeyd etmək yerinə düşərdi ki, bu gün Türkiyə hökuməti öz xarici və daxili siyasətində böyük dəyişikliklər etməsi ilə fərqlənməkdədir. Onun bu siyasəti özünü regionda daha qabarıq şəkildə göstərməkdədir. Türkiyənin belə bir siyasi proseslərə baş vurmasının əsas səbəbkarı kimi isə, ABŞ göstərilir ki, Türkiyə də bu gün Yaxın Şərqdə ABŞ-ın ən güclü müttəfiqi hesab olunur. Hətta bəzən politoloqlar onu bu regionda ABŞ-ın maraqlarının təminatçısı kimi də göstərirlər. Görünür, elə buna görədir ki, ABŞ prezidenti bütün regional məsələləri Türkiyə baş naziri ilə müzakirə etmək istəyir. Onların görüşündə də bir daha vurğulanıb ki, Türkiyə ABŞ-ın ən güclü müttəfiqidir və onunla əlaqələri genişləndirmək qarşıda duran əsas məqsədlərdəndir. ABŞ-ın Yaxın Şərqdə, daha doğrusu, Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarda Türkiyənin də rolunu danmaq olmaz. Bir müddət öncə, ABŞ prezidenti Barak Obamanın ABŞ-ın nüfuzlu hərbi məktəblərindən birində bu barədə səsləndirdiyi fikirlər də maraq doğurmuşdu. O bildirmişdi ki, Türkiyə Əfqanıstanda özünün daha çox hərbi hissələrini yerləşdirməlidir. Burada əsas məqsəd isə ABŞ-ın Əfqanıstanda həyata keçiridiyi əməliyyatlara müttəfiq kimi öz köməyini göstərmək və burada sabitliyinin təmin edilməsində öz yarıdımını əsirgəməmək idi. Qeyd edək ki, bundan öncə də, Türkiyə dövləti Əfqanıstanda öz sülhməramlı qüvvələrini yerləşdirmişdi. Əlbəttə ki, bu prosesdə də Türkiyənin NATO-ya üzv olması və ABŞ-la müttəfiqliyi əsas götürülmüşdür.
Ərdoğan - Obama görüşündə müzakirə olunan məsələlər içərisində qeyd etdiyimiz kimi, İranın nüvə məsələsi də əsas yerlərdər birini tutub. Bu gün ABŞ hökumətinin və ümumilikdə, dünya ictimaiyyətini narahat edən məsələlər içərisində olan İran və onun nüvə silahları da Türkiyənin ABŞ-la müttəfiqliyində birgə həll oluna biləcək problemlər sırasına daxil edilib. ABŞ prezidentinin "Türkiyənin İranın nüvə məsələsində mühüm rolu ola bilər" kimi fikri də belə bir şərh verməyə əsas verir. Son zamanlar Türkiyə ilə İran arasında yaxınlaşmanın baş verməsini də müşahidə etmək olar. Belə ki, bir müddət bundan öncə, Türkiyə baş nazirinin İrana səfəri və qarşılıqlı əməkdaşlıq sahəsində yeni istiqamətlərin yaranması da qeyd olunan prosesə aid edilə bilər. Bütün bunların iki dövlətin müttəfiqliyi çərçivəsində regionda sülh və təhlükəsizliyi bərpa etmək məqsədi daşıdığı aydındır. Yeri gəlmişkən, Obama da görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyənin demokratiyaya və insan hüqularını hörmət edən, təkcə öz bölgəsində deyil, bütün dünyada sülh və təhlükəsizliyin bərpa olunmasında səy göstərən bir dövlət olduğunu vurğulayıb.
Həmçinin, görüş zamanı Azərbaycan üçün də maraqlı olan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və bu fonda Dağlıq Qarabağ probleminin həllinə də diqqət yetirilib. Bu prosesin də tamamilə ABŞ-ın təşəbbüsü ilə həyata keçirildiyini qeyd etmək lazımdır. Lakin Türkiyə bu prosesdə də Ermənistanla sərhədlərin açılmasının yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olduğunu deməklə özünün regionda yeganə strateji müttəfiqini də ABŞ-ın önündə müdafiə etmiş olur. Onun Dağlıq Qarabağ məsələsində israrlı olması ABŞ-ın da bu məsələyə böyük diqqət yetirməsinə səbəb olub. Türkiyə baş naziri R.T.Ərdoğan da son görüş zamanı bu məsələdə Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsinin vacib olduğunu və belə olan təqdirdə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasının da sürətlənəcəyini bildirib.