Sergey Narışkin Şeyxülislam Hacı Allahşükür
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin noyabrın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə "Şərəf" ordenini təqdim edib. Xatırladaq ki, Rusiya Prezidenti Dmitri Medvedev Allahşükür Paşazadənin 60 illik yubileyi və yüksək dini vəzifəyə təyin olunmasının 30 illiyi münasibətilə noyabrın 5-də onun bu ordenlə təltif edilməsi barədə Fərman imzalamışdır.
Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edib. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ilə Rusiya arasında qədim tarixi olan əlaqələri, hazırkı mehriban qonşuluq, dostluq münasibətlərini diqqətə çatdıraraq, hərtərəfli əməkdaşlığımızın yüksək səviyyədə olduğunu vurğulayıb. Onun 60 illik yubileyi münasibətilə Rusiya Prezidenti Dmitri Medvedevin telefon zəngini nəzərə çarpdıran A.Paşazadə, noyabrın əvvəllərində "Dinlərarası dialoq: Qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda Bakıda keçirilmiş konfransda Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill başda olmaqla, rusiyalı qonaqların iştirakını məmnunluqla yada salıb. O, həmçinin Azərbaycanda pravoslav kilsəsinin vəziyyətindən, müsəlmanlar və xristianlar arasında əməkdaşlıqdan, respublikada müxtəlif dinlərin dinc yanaşı fəaliyyət göstərməsindən danışıb. Allahşükür Paşazadə xalqımızın ümummilli lideri Heydər Əliyevin Rusiya ilə əlaqələrin möhkəmləndirilməsi sahəsində xidmətlərini diqqətə çatdırmış, hazırda bu siyasi kursun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Şeyxülislam Cənubi Qafqazda sülhün bərqərar olunmasının vacibliyindən də bəhs etmiş, Moskva sammitinin davamı kimi gələn ilin aprelində Bakıda keçiriləcək tədbirdə din xadimlərini narahat edən məsələlərin müzakirə olunacağını bildirib.
Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin maarifçi və mənəvi missiyasını, dinlərarası dialoqda fəal iştirakını, iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib, Azərbaycandakı tolerantlığın şahidi olduğunu diqqətə çatdırıb. S.Narışkin Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələrinin mehriban münasibətindən, əməkdaşlığından məmnunluğunu söyləyib. Sonda Sergey Narışkin Rusiya Federasiyasının "Şərəf" ordenini Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib.