Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış "Erməni terroru:sənədlər və faktlar" layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb.
(Əvvəli ötən sayımızda)
XIX əsrin sonu XX əsrin əvvəllərində ermənilər terrorçu dəstələri yaradaraq Osmanlı dövlətinin əraziləri hesabına özlərinin dövlətini yaratmaq istəyirdilər. Bu işdə ermənilərə Osmanlı dövlətinin mövcudluğunu istəməyən böyük dövlətlər tərəfindən köməklik edilirdi. Erməni terror dəstələrinin yaradılması və fəaliyyəti haqqında yazılmış ədəbiyyat və faktlarla tanış olmadan öncə türk-erməni, rus-erməni və türk-rus münasibətlərini nəzərdən keçirməyimiz məqsədə uyğundur. Səlcuq türkləri tərəfindən Anadolu fəth edildikdən sonra ermənilərə geniş hürriyyət, dini inam və ibadətlərində sərbəstlik verildi.
Osmanlı idarəçiliyi dövründə də ermənilərə qarşı münasibət dəyişməmişdir. Sultan Mehmet Fateh İstanbulu fəth etdikdən sonra 1461-ci ildə Bursadakı erməni patriarxı Avakimi bir sıra erməni ailəsi ilə birlikdə İstanbula dəvət etmiş və Samatyadakı "Sulmanastır" adlanan kilsədə erməni patriarxlığını təsis etdirmişdir. İstanbulda patriarxlıq təsis edildikdən sonra burada böyük bir erməni koloniyası yaradılmışdı. XX əsrin axırlarına yaxın İstanbulda 150 min nəfərə yaxın erməni yaşayırdı. Hətta uzun müddət Ərzurumda rus konsulu olmuş general Mayevski Türkiyədə ermənilərin yaxşı həyat şəraitinə malik olduqlarını etiraf etməli olmuşdur. O yazırdı ki, Türkiyədəki şəhərli ermənilər həmişə kifayət qədər azadlığı, təhlükəsizliyə və firavanlığa malik olmuşlar; kəndli ermənilər, həmişə kifayət qədər ərzaq məhsullarına malik olmuşlar, onların maddi rifah halı Rusiyanın orta hissəsində rus kəndlilərinin maddi rifah səviyyəsindən yüksək olmuşdur.
Ermənilərin Osmanlı dövlətindən ilk ayrılıq hərəkatları 1828-1829-cu illər Osmanlı-Rus müharibəsində ortaya çıxdı. Müharibə zamanı ermənilər Osmanlı qoşunlarının mövqeyi və durumu haqqında Rus ordusuna məlumat verərək Şərqi Anadolunun işğalının asanlaşmasında yardımçı oldular. Ancaq onu qeyd etmək lazımdır ki, erməni-rus əməkdaşlığının taixi Rus çarı I Pyotrun dövrünə təsadüf edir. Rusiyanın XVIII əsrin sonlarından bu günə qədər davam edən cənub siyasəti, Qara dənizdən və Rumelidən irəliləyib boğazları zəbt edərək Aralıq (Ağ) dənizinə çıxmağı, Qafqaza təriqi ilə də İsgəndərun körfəzindən Aralıq dənizinə, Mesopotamiyaya və İrandan irəliləyərək Hind okeanına çıxarmağı nəzərdə tuturdu. Bu siyasətin əsasını qoymuş I Pyotr Cənubi Qafqazı ələ keçirmək üçün və Osmanlı imperiyasına qarşı mübarizədə ermənilərdən istifadə etməyə çalışırdı. I Pyotrdan sonra gələn bütün rus çarları da onun açdığı yolla irəliləyərək ermənilərlə bağlı fəaliyyəti gücləndirmişlər. 1816-cı ildə Moskvada "Erməni Şərq Dilləri İnstitutu"nun yaradılması buna bir daha sübutdur.
1828-1829-cu il Osmanlı-Rus müharibəsində baş vermiş hadisələrin təkrarına 24 aprel 1877-ci ildə başlanmış Osmanlı-Rus müharibəsində yenidən rast gəlindi. Ruslar din qardaşlarının köməkliyi ilə fəaliyyətini asanlaşdırmış oldular. Rus ordusunda xidmət edən erməni əsgərləri və xüsusən də erməni generalı Lozarev müharibənin gedişində dini müsəlman-türk əhlinin məhv edilməsində və ermənilərin ruslar tərəfindən çıxış etməsində böyük rolu olmuşdur. Müharibənin gedişində işğal edilən Şərqi Anadoluda yaşayan ermənilər arasında milliyyətçilik duyğularını hərəkətə gətirən təbliğatlar edilirdi. Ruslarin bu xidmətindən təsir altına düşmüş ermənilər arasındakı məzhəb problemini bir kənara qoyaraq birgə fəaliyyətə üstünlük verdilər. Şərqi Anadolunu əlində saxlamağı planlaşdıran Rusiya müstəqil Ermənistan fikrinin tərəfdarı deyildi. Onun məqsədi Osmanlı ermənilərinin eyni Balkan millətlərində olduğu kimi rəğbətini qazanmaq idi. Rusiyanın gerçək niyyətini anlaya bilməyən ermənilər müharibə zamanı ruslara etdikləri xidmətin mükafatını almaq üçün hərəkətə başladılar. Erməni patriarxı Nerses Varjeberdiyan və İzmurilyanın rəhbərliyi ilə "Erməni Milləti" məclisində ermənilər öz istəklərini dəqiqləşdirdilər. Ermənilər Şərqi Anadoluda Fərat çayına qədər olan bölgələrin Türkiyəyə verilməsi və bunların Ararat vilayəti ilə birləşdirilərək Rusiyaya tabe Ermənistanın yaradılmasını, bu olmadığı halda Bolqarıstan və bolqar millətinə veriləcək imtiyazların erməni millətinə verilməsini, işğal edilmiş torpaqlar boşaldılacağı halda isə Osmanlı hökumətində islahat keçirilməsi üçün maddi bir təminat alınmasını və bu islahatın sona çatacağı vaxta qədər Rus əsgərlərinin işğal etdikləri torpaqları boşaltmamalarını istəyirdilər.
3 mart 1878-ci ildə San-Stefano müqaviləsində erməni istəkləri nəzərə alınaraq, onların yaşadıqları vilayətlərdə islahat keçirməyi və Rusiyanın bu işdə nəzarəti olacağı nəzərə alnıdı. Bu San-Stefano müqaviləsinin 16-cı maddəsində öz əksini tapdı. Ermənistan adlanan bir məmləkətin varlığının rəsmi sənəddə qeyd edilməsi ermənilər üçün çox böyük nailiyyət idi. Bununla yanaşı islahat tamamlanana qədər Rus qoşunlarının burada qalması rusların çox xeyrinə idi. Ancaq bu müqavilənin şərtləri İngiltərənin istəklərinin əksinə idi. İngilis ticarəti üçün həyati əhəmiyyət kəsb edən ticarət yollarıın Rusiya təsir altına keçməsi İngiltərəni heç cürə qane edə bilməzdi. Bu səbəbdən İngiltərə son razılaşmanın 1856-cı ildə bağlanmış Paris müqaviləsinin şərtlərini pozduğunu bəhanə edərək yeni bir konfransın təşkil edilməsini təklif etdi.
Ardı var