(Əvvəli ötən sayımızda)
Məlum olduğu kimi, noyabrın 21- Yeni Azərbaycan Partiyasının təsis olunması günüdür. Düz 17 il öncə, Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın- YAP-ın yaranma zərurətini meydana gətirdi. Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən zamanda ölkəni bəlalardan qurtardı və inkişaf yoluna doğru istiqamətləndirdi. Bu yazıda Yeni Azərbaycan Partiyasının 17-ci ildönümü ilə bağlı hakim partiyanın keçdiyi şərəfli tarixi yola nəzər salmağa çalışacağıq.
Yeni Azərbaycan Partiyası yarandığı zaman mövcud olan tarixi şərait, ölkədəki ictimai-siyasi durum, müasir dövrdə partiyanın fəaliyyəti cəmiyyətdə əsas müzakirə mövzusu olub. Beləliklə, ilk öncə, bir suala aydınlıq gətirmək lazımdır. Yeni Azərbaycan Partiyası hansı tarixi zərurətdən yarandı? Bu suala partiyanın veteranlarının verdiyi cavabların daha doğru olacağı qənaətindəyik.
Xalqın güclü liderə ehtiyacı var idi
Eldar İbrahimov, millət vəkili:
- Mən o dövr haqda yadımda qalan bəzi məqamları qeyd etmək istəyirəm. Məlumdur ki, o vaxt Azərbaycanda çox ağır vəziyyət yaranmışdı. Heydər Əliyev 1990-cı ildə Naxçıvana gəldi və 1991-ci ilin sentyabrında Naxçıvan Ali Məclisinə sədr seçildi. 1992-ci ilin oktyabrında- mən o vaxt deputat idim- Heydər Əliyevin namizədliyi irəli sürüldü. Amma o zaman ulu öndər Naxçıvanda idi və gələ bilmədi. Parlamentin sədri İsa Qəmbərov seçildi.
Mən o vaxt gördüm ki, hakimiyyətə gələnlər özlərini parlamentdə necə aparırlar. Bir-birini söyüb-təhqir edirdilər. Belə bir vəziyyətdə hamıya aydın idi ki, Azərbaycan dövləti çətin duruma düşəcək. Beləcə, Heydər Əliyevin hakimiyyətə gəlmək zərurəti yaranmışdı. Mənim qismətimə yazılmışdı ki, Onun namizədliyini irəli sürəm. Zaman göstərdi ki, Heydər Əliyev kimi bir şəxsiyyəti dəstəkləyən və onun siyasətini bəyənənlər heç vaxt yanılmayıb və peşman olmayıb.
Onu deyə bilərəm ki, o vaxtlar Naxçıvana Yeni Azərbaycan Partiyasının konfransında iştirak etmək üçün gələn insanların hər biri qəhrəman idi. Çünki bu konfransda iştirak o qədər çətin idi ki, bunu reallaşdırmaq, demək olar ki, mümkün deyildi. Aeroportda konfransa gələn şəxsləri döyərək geri qaytarırdılar.
Belə adamlara güclü təzyiqlər edilir və maneələr yaradılırdı. O vaxt parlamentdə də həmin deputatlara təzyiq edilirdi. O zaman Elmira Qafarova spiker idi. Bu, bir sirr idi- indi mən bunu açıb deyirəm, Elmira Qafarova çağırdı məni dedi ki, sən belə eləmə, sən Naxçıvan deputatlarına rəhbərlik elə.
O vaxt mən Naxçıvanda vəzifədə işləyirdim. Dedim ki, mən başqa cür edə bilmərəm. Onda mənə dedi ki, bilirsiniz nə var, siz o vaxt 1991-ci il martın 17-də Naxçıvanda referendumu qoymadınız keçirməyə, biz də indi yaş senzini götürməyəcəyik, qoymacağıq Heydər Əliyev hakimiyyətə gəlsin.
Bir dəfə Elektrotexnika İnstitutunda toplaşaraq, bəyanat hazırlamışdıq ki, xarici ölkə səfirliklərinə paylayaq. Növbəti dəfə isə Riyaziyyat İnstitutunda toplaşaraq, yenidən bəyanat paylamaq lazım idi. Bu bəyanatı o vaxt prezident olan Əbülfəz Elçibəyə təqdim etməliydik. Həmin tədbirdə Asiya Manafova, Afət Qurbanova da iştirak edirdi. O vaxt Əbülfəz Elçibəy olmadığı üçün həmin bəyanatı Əli Kərimova təqdim etdik. Lakin buna əhəmiyyət verilmədi.
Yeni Azərbaycan Partiyası yarandığı vaxtlar hər birimiz fəaliyyətimizlə partiyanın güclənməsinin arzusunda idik. Onu da qeyd edim ki, partiyanın yaradılmasında məqsəd hakimiyyətə gəlmək deyildi. Əsas amal xalqı bəlalardan xilas etmək və Azərbaycandakı hərc-mərcliyə son qoymaq idi.
Heydər Əliyev təkcə xalqının gələcəyini düşünərək, bu siyasi partiyanı yaratdı. O, bütün çətinlikləri dəf etmək gücünə malik olan bir siyasətçi kimi Azərbaycanı nəinki hərc-mərclikdən xilas etdi, həm də Azərbaycanın qısa müddətdə böyük uğurlara imza atmasını təmin etdi. Bu böyük bacarıq tələb edirdi və Heydər Əliyev bunun öhdəsində asanlıqla gəldi.
YAP 17 illik fəaliyyəti dövründə sınaqlardan uğurla çıxıb
Ağabəy Əsgərov, "Azərbaycan" Nəşriyyatının direktoru:
Partiya yarandığı ilk vaxtlar qərargahı "Səs" qəzeti ilə bir yerdə yerləşirdi. O vaxtlar mənə Siyavuş Novruzov, Abdin Fərzəliyev və s. şəxslərə qarşı silahlı hücumlar olurdu. Riyaziyyat İnstitutunda fəaliyyət göstərən zaman da Yeni Azərbaycan Partiyasına qarşı tez-tez təzyiqlər göstərilir və fəallara qarşı fiziki güc tətbiq olunurdu.
İndi bir çox siyasi dairələr mətbuata qarşı təzyiqlərdən, demokratiyadan dəm vururlar. Lakin o vaxt hakimiyyətdə olan həmin şəxslərin özləri Yeni Azərbaycan Partiyasına və onu müdafiə edən mətbuat orqanlarına qarşı nəinki təzyiqlər, hətta onun ən ifrat forması olaraq, silahlı hücumlar həyata keçirirdilər.
Bir dəfə maşınımı evin qarşısında saxlayıb getdikdən sonra, səhər gəldim ki, maşının şüşələrini, güzgüləri sındırıblar. Sonradan bəlli oldu ki, əyləcin tutmaması üçün avtomobili zədələyiblər ki, qəza baş versin. Onu da qeyd edim ki, o vaxtlar evim polis idarəsinin yanında idi. Deməli, polis bunu görməyə bilməzdi.
Partiyanın hər bir veteranına qarşı təzyiqlər olurdu. Oktyabr ayından Naxçıvanda Heydər Əliyevə qarşı qaldırılan qiyamın səbəbi, onun partiya yaratmaq qərarı idi. Əsas başlanğıc buradan başlayır. Belə ki, Heydər Əliyevin Yeni Azərbaycan Partiyası yaratmaq istəyi çoxlarını narahat etdi və bununla da, təzyiqlər və təxribatlar başladı. Lakin bunlar heç bir nəticə vermədi və ulu öndərin rəhbərlik etdiyi partiya xalqın dayağına çevrilərək hakimiyyətə gəldi.
Hazırda partiyanın bütün çətinlikləri geridə qalıb. Yeni Azərbaycan Partiyası indi dünyanın bir çox siyasi təşkilatları ilə əməkdaşlıq edir. Eləcə də, regionda lider olan siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası günü-gündən güclənir və partiyaya cənab Prezident İlham Əliyevin Sədr seçilməsi Onun fəaliyyətinə yeni nəfəs verdi. Bir sözlə, partiyanın fəaliyyətində fədakarlıq edən bu şəxslər təşkilatın qızıl fondu kimi gənclərimizi onlarla tanış etməli və onların fəaliyyətini unutmamalıyıq.
Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası 17 illik fəaliyyəti dövründə böyük sınaqlardan uğurla çıxıb, cəmiyyətin, dövlətin aparıcı siyasi qüvvəsinə çevrilib.
Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə öz fəaliyyətini yüksək səviyyədə davam etdirir. Partiyanın sıraları gündən-günə daha da genişlənir, YAP üzvlərinin sayı durmadan sürətlə artır. Bu, Azərbaycanın siyasi lideri, Prezident İlham Əliyevin sosial-siyasi tərəqqi və davamlı islahatlar kursuna göstərilən böyük etimadın göstəricisidir.
Başqa sözlə, məhz Heydər Əliyevin partiyası kimi yaranan, formalaşan, iqtidara gələn Yeni Azərbaycan Partiyası siyasi varislik prinsipinə uyğun olaraq, bu gün məhz Prezident İlham Əliyevin partiyası kimi böyük nüfuz, rəğbət qazanır, öz fəaliyyətini, nailiyyətlərini daha da genişləndirir.
YAP- 17 il dövlətçilik uğrunda Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyev
tərəfindən xalqı bəlalardan xilas etmək məqsədilə yaradıldı
Heydər Əliyevin məqsədi xalqı xilas etmək idi Aydın Mirzəzadə, millət vəkili:
- Partiyanın yaranmasının ətrafında olan danışıqlar Naxçıvanda cərəyan edirdi. Burada iştirak edən şəxslərin hamısı mərkəzdə partiyanın təşkil edilməsində və Heydər Əliyevin adı ətrafında Azərbaycan xalqının birləşməsində böyük xidmətləri olan insanlardır. Partiyanın meydana gəlməsində və Heydər Əliyev siyasətinin təbliğatında bu şəxslərin böyük xidməti olub.
O vaxtlar Heydər Əliyevə qarşı əyalətlərdə də böyük sevgi var idi. Onun gördüyü işlər bu məhəbbətin yaranmasına səbəb olmuşdu. Həmin vaxtlar proseslər dərinləşmişdi, Dağlıq Qarabağ məsələsi və SSRİ-nin dağılma təhlükəsi bir-birinin ardınca çıxış yolu tələb edirdi. Amma çıxış yolunun aydın cavabı yox idi.
1990-cı il yanvarın 21-də Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlib, müraciət edəndə, həmin cavab aydın oldu- nə baş verib, biz hara gedirik? Azərbaycan müstəqillik qazandıqdan sonra hakimiyyətdə olan heç bir şəxs ölkəni idarə edə bilmədi. Bundan sonra hər kəsin gözü Naxçıvana- Heydər Əliyevə dikildi. O vaxtlar texniki imkanlar yox idi, Naxçıvana gediş-gəliş də çətin idi.
Xalq Cəbhəsi, AMİP, Müsavat və s. partiyalar var idi, lakin üzdə olan ziyalıların heç bir həmin təşkilatlara getmirdi. Hamı Naxçıvandan bir səs, çağırış gözləyirdi. Biz də bir qrup şəxslərlə birlikdə gələcək partiyanın təşəbbüs qrupunu formalaşdırırdıq. Öz aramızda əlaqəlar qurmağa başladıq. Biz xəbər gözləyirdik. Öncə "Səs" qəzetində 91-lərin müraciəti getdi. Daha sonra isə bu qəzetdə ulu öndərin cavabı dərc olundu.
Aydın idi ki, Heydər Əliyevin böyük siyasətdə görmək arzusu reallaşmağa başlayırdı. Çətinlik onda idi ki, mərkəzlə əlaqə qurmaq üçün imkanlar yox idi. Maraqlanırdıq ki, kimin iş otağında Heydər Əliyevin şəkili varsa, onu qrupa dəvət edirdik. Həm də biz ailə üzvlərimizi də bu qrupa daxil edirdik. Elə insanları ətrafımıza toplayırdıq ki, fəal və təşəbbüskar olsun.
Sonradan şad xəbər gəldi ki, Yeni Azərbaycan Partiyası yaranıb və təsis konfransını keçirdik. Bizim təsis konfransımız 1993-cü ilin 13 fevralında baş tutdu. Axşam Azərbaycan Dövlət Televiziyası ilə dövlət katibi Pənah Hüseynov və daxili işlər naziri birgə hədələrlə çıxış etdilər. Səhər konfransa hər kəs bir çox təhlükələri nəzərə alaraq getdi. Konfransın binasının qarşısına çox adam yığışmışdı.
Sonradan məlum oldu ki, həmin şəxslərin bir hissəsi mülki geyimli hüquq-mühafizə orqanlarının işçiləridir. Lakin heç bir təhlükə və hədə bizi yolumuzdan döndərmədi. Bundan sonrakı tarix isə aydındır. Heydər Əliyev, həqiqətən də, yeni modelli bir partiya yaratdı.
Yaranan Yeni Azərbaycan Partiyası ümumbəşəri prinsiplərə əsaslanan bir təşkilatdır. Digər tərəfdən, partiya ətrafında sədaqətli insanları birləşdirən bir təşkilat olmalı idi. Bu gün Heydər Əliyev siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılır və Onun rəhbərliyi ilə ölkə günü-gündən inkişaf edir. Partiya çox mübariz və aparıcı şəxsləri ətrafında birləşdirməkdə davam edir.
O zaman ən güclü siyasətçiyə ehtiyac var idi
Aydın Hüseynov, YAP-ın Qaradağ rayon təşkilatının sədri:
- Siyasi həyatda hər bir şey müqayisə zamanı öz dəyərini daha yaxşı göstərir. 1992-ci ilin noyabr ayının 21-nə qədər Azərbaycanda bir çox siyasi partiyalar var idi. Xalq Cəbhəsi, Müsavat, AMİP və s. partiyalar var idi. Sual oluna bilər ki, bu partiyanın yaranma zərurəti nə idi?
Xalq hərəkatına öz məqsədləri üçün qoşulan insanlar bu cəbhədən öz məqsədləri üçün istifadə edirdi. Xalq Cəbhəsinin fəallarından olan Etibar Məmmədov hakimiyyət bölgüsündə iştahları böyük olduğu üçün partiyadan çıxaraq, yeni partiya olan AMİP yaratdı. Yenə burada da, xalqın istəyi ifadə olunmadı.
İsa Qəmbərov, həmişə olduğu kimi, o dövrdə də Elçibəyə xəyanət etdi və Xalq Cəbhəsində təmsil oluna-oluna və Ali Sovetin sədri ola-ola yerlərə tapşırıq verib, özü üçün Müsavat partiyasını yaratdı. Azərbaycanın siyasi həyatında olan siyasi partiyalar bunlar idi. Yəni, cəmiyyətdə partiyaya qarşı bir istək yox idi. Kommunist Partiyasına qarşı da xalqın nifrəti var idi.
İnsanlar çətin məqama düşəndə ən güclü insan axtarır. O zaman Azərbaycanda durum o dərəcədə gərgin idi ki, ən güclü siyasətçiyə ehtiyac var idi. Ona görə də, xalqın hər bir zümrəsi Heydər Əliyevə üz tutdu. Çünki ondan qüdrətli və güclü siyasətçi Azərbaycanın siyasi arenasında yox idi.
Yəni, Yeni Azərbaycan Partiyasının yaranması bilavasitə Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır və bu prosesdə iştirakçı olmaq istəyən hər bir şəxs öz istəyini Heydər Əliyevlə bölmək istəyirdi. Dağlıq Qarabağdan Ona müraciət edirdilər ki, ermənilər hücum edir. Kimin problemi olurdusa, Heydər Əliyevə üz tuturdu. Yəni O xalqın, sözün həqiqi mənasında, ümid yeri idi.
Ardı var