Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. SİA-nın xəbərinə görə, nümayəndə heyətinin rəhbəri Murad Mərcan jurnalistlərə açıqlamasında dünən səhər Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüklərini deyib.
Azərbaycana səfərlərindən çox şad olduqlarını bildirən M.Mərcan Azərbaycan və Türkiyənin "bir millət - iki dövlət" olduğunun bir daha şahidi olduqlarını deyib: "Bu səfərdə məqsəd parlamentlərarası əlaqələri daha da gücləndirmək, Azərbaycan Prezidenti ilə görüşüb, Türkiyə Böyük Millət Məclisinin mövqeyini nəzərə çatdırmaqdır".
Murad Mərcan: "Türkiyə Böyük Millət Məclisi Azərbaycan xalqını narahat edəcək hər hansı bir addım atmayacaq"
Bakıdakı Türk Şəhidliyində yenidən Türkiyə bayraqlarının dalğalanmasından məmnunluq duyduqlarını bildirən M.Mərcan jurnalistlərin suallarını cavablandırıb.
Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların onun rəhbərlik etdiyi Xarici əlaqələr komissiyasında nə zaman müzakirəyə çıxarılacağı barədə suala cavabında M.Mərcan bunları deyib: "Protokolların nə zaman müzakirə olunacağını biz müəyyənləşdiririk. İndiki məqamda bizim komissiyada 2000-ci ildən bəri gözləyən anlaşmalar da var.
Bu protokolları imzalamaq üçün zaman məhdudiyyəti yoxdur. Hər zaman demişik ki, Türkiyə Böyük Millət Məclisi Azərbaycan xalqını narahat edəcək hər hansı bir addım atmayacaq. Bunun üçün hamınızın əmin olması lazımdır".
Nümayəndə heyəti bundan sonra Şəhidlər Xiyabanını, Türk Şəhidliyini ziyarət edib. M.Mərcan Türk Şəhidliyində yenidən Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanmasının qürurverici olduğunu deyib.
Heyətin üzvü, Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Şenol Bal jurnalistlərə açıqlamasında bildirib ki, heç bir qüvvə Azərbaycan və Türkiyənin arasına girib, nifaq sala bilməz: "Buna heç kimin gücü çatmaz. Biz toplum olaraq buna imkan verməyəcəyik". Ş.Bal MHP-nin Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasının əleyhinə olduğunu da xatırladıb.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Türkiyə parlamentinin xarici əlaqələr komissiyasının sədri Murad Mərcan (AKP, Əskişəhir millət vəkili), Şaban Dişli (AKP, Sakarya millət vəkili), Zeynəb Dağı (AKP, Ankara millət vəkili), Fevzi Şanverdi (AKP, Hatay millət vəkili), Abdullah Çalışkan (AKP, Kırşehir millət vəkili), Mehmet Çərçi (AKP, Manisa milət vəkili), Əhməd Dəniz Bölükbaşı (MHP, Ankara millət vəkili) və Şenol Bal (MHP, İzmir millət vəkili), Türkiyə Xarici İşlər Nazirliyindən, səfir Akın Alqan, nazirliyin Qafqaz və Orta Asiya İdarəsinin müdir müavini Ahmet Rza Demirer, TBMM-in Xarici əlaqələr və protokol şöbəsinin əməkdaşları Kürşad Melik Sarıarslan, Bülent Erten, Hatice Er Ars daxildir.
Nümayəndə heyəti dünən Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsində görüş keçirib. Bundan başqa nümayəndə heyətinin Atatürk Mərkəzi ilə tanış olublar.
Bu gün millət vəkilləri Xarici İşlər Nazirliyində görüşlər keçirəcək, axşam saatlarında isə "Gülüstan" sarayında Türkiyənin Cümhuriyyət Bayramı ilə əlaqədar Türkiyə səfirliyinin verdiyi ziyafətdə iştirak edəcək. Nümayəndə heyəti oktyabrın 30-da Ankaraya qayıdacaq.
"Bayraq krizi" bitdi, sərhəd krizi də bitəcəkmi?
Beləliklə, Azərbaycan və Türkiyə arasında "bayraq krizi" başa çatdı. Bursada Azərbaycan bayraqlarını təhqir edənlərin cəzalandırılacağı barədə vədlər yerinə yetirildikdən sonra Azərbaycan tərəfi müsbət jest etdi. Bakıdakı Türk Şəhidliyində hər iki ölkənin bayraqları yenidən qoşa dalğalanmağa başladı.
Geridə qalan böhran Azərbaycan və Türkiyənin qarşılıqlı maraqlara dayanan siyasi xətt yürütməsinin alternativi olmadığını ortaya qoydu. Bununla da, bölgədə gedən siyasi proseslərin önəmli oyunçuları olan iki dövlət arasında proseslər yeni mərhələyə qədəm qoymuş oldu. Yeni mərhələ Azərbaycan və Türkiyənin lokal, regional və beynəlxalq səviyyədə yürüdülən siyasi xətdə qarşılıqlı maraqları nəzərə almasını tələb edir.
Azərbaycanın Türkiyəyə ucuz qiymətə mavi yanacaq satmasının məntiqli addım olmadığına dair Prezident İlham Əliyevin bəyanatına rəsmi Ankaranın dərhal müsbət reaksiya verməsi göstərdi ki, artıq qarşı tərəf də dövlətlərarası münasibətlərdə maraqların qarşılıqlı təmin olunmasına önəm verməyə başlayıb. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın dərhal "Azərbaycandan satın alınan qazın qiyməti ilə dünya bazarındakı qiymət arasında fərq ödənəcək" açıqlaması verməsi bunu sübut edir.
Lakin indiki situasiyada nəticə dəyişməz qalır- Bakıdakı Türk Şəhidliyində bayraqların yenidən qaldırılması bir daha Azərbaycanın Türkiyəni strateji tərəfdaş qismində gördüyünü və bu xətdən geri çəkilmədiyini göstərir.
Baş verənlər bir daha təsdiqlədi ki, bölgədə status-kvonu Azərbaycanın maraqlarının zərbə altına qoymaq hesabına dəyişmək mümkün deyil. Türkiyə yürütdüyü siyasətdə Azərbaycanın maraqlarını mütləq nəzərə almalıdır. Ankara bunu təkcə strateji tərəfdaşlar arasında qarşılıqlı maraqların nəzərə alınmasının vacibliyinə görə deyil, həm də öz daxilində Azərbaycana yönəlik yanlış siyasətə qarşı kəskin ictimai reaksiyanı nəzərə alaraq etməyə məhkumdur.
Bölgədə arzu edilən status-kvo dəyişikliyi yalnız proseslərin ən önəmli oyunçularından olan Azərbaycan və Türkiyənin daha da yaxınlaşması hesabına baş verə bilər. Türkiyə isə ən yüksək səviyyədə Azərbaycana vəd edib ki, Dağlıq Qarabağ problemi həll edilmədən Ermənistanla sərhədlər açılmayacaq. Böyük Millət Məclisinin protokolları ratifikasiya etməyəcəyinə inma getdikcə daha da çoxalır.
İstanbulda "Azərbaycan türklərindən üzr istəyirik!" adlı kampaniyalar davam edir
Qeyd edək ki, AKP-nin yürütdüyü siyasətə Türkiyə ictimaiyyətinin verdiyi sərt təpkilər də öz sözünü deyir. Artıq bu təpkilər geniş etiraz aksiyaları xarakteri almadadır. Dünəndən başlayaraq İstanbul şəhərinin Fatih rayonunda "Azərbaycan türklərindən üzr istəyirik!" adlı imza toplama kampaniyası keçirilir. Kampaniyanın təşəbbüskarı Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Fatih rayon təşkilatıdır.
İmza kampaniyası Türkiyə və Ermənistan arasında imzalanan protokollara etiraz olaraq təşkil edilib. Fatih rayonunda açıq səma altında stendlər asılıb. Stendlərdə bunlar yazılıb: "Son bir neçə gün ərzində iki qardaş ölkə olan Türkiyə ilə Azərbaycanın arasını vurmaq üçün məlum mərkəzlərlə işbirliyi içində müxtəlif oyunlar oynanılaraq basqılar edilir. "Bir millət - iki dövlət" anlayışı təhrif olunur. Çanaqqala döyüşündə 3500 Azərbaycan türkünün şəhid olduğunu bilirsinizmi? Amma biz Azərbaycan torpağını işğal edənlərlə anlaşırıq. Buna görə Azərbaycan türklərindən üzr istəyirik. Ona görə üzr istəyirik ki, AKP-nin Türkiyə-Ermənistan sərhədlərini açmasının əleyhinəyik".
MHP fəalı Məltəm Öndərin "Media forum"a bildirdiyinə görə, artıq bir neçə gün ərzində "Azərbaycan türklərindən üzr istəyirik!" kampaniyası çərçivəsində on minlərlə imza toplanıb. Kampaniya daha 10 gün ərzində davam edəcək.
Həm Türkiyədə, həm də Azərbaycanda hesab edirlər ki, bu protokollar, sözün həqiqi mənasında, Türkiyənin və Azərbaycanın maraqlarına uyğun deyil. Çünki həmin sənədlər hətta Dağlıq Qarabağ problemi olmasaydı belə, Türkiyənin özəl maraqlarına uyğun gəlməyən müddəalarla əhatə olunub.
Bu sənədlər Türkiyə ilə Ermənistan arasında münasibətləri tənzimləməyi nəzərdə tutursa, onda Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından və "erməni soyqırımı"ndan, Ermənistan Konstitusiyasında Türkiyənin milli suverenliyinə xələl gətirən müddəalardan gərəkirdi ki, imtina etsin. Təəssüf ki, biz həmin protokollarda bu imtinanı görmədik.
Mübariz Qurbanlı: "Baş nazir və AKP-li deputatlar "protokollar imzalansa da, parlamentdən keçməyəcək"
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının fikrincə, Türkiyə bir dövlət olaraq Azərbaycana dost və qardaş ölkə hesab olunur, ona görə də, Qarabağ məsələsi nəzərə alınaraq, Ermənistanla hər hansı bir münasibət qurmalı deyil.
"Türkiyənin Azərbaycanla imzaladığı ikitərəfli sənədlərdə Ermənistan təcavüzkar dövlət hesab olunur. Türkiyə, eyni zamanda, İslam Konfransı Təşkilatının üzvü olaraq, Ermənistanın təcavüzkarlığının əleyhinə olan qətnamələrə səs verib. Yəni, bu aspektlərdən yanaşdıqda, bu protokollar, ilk növbədə, Türkiyənin maraqlarına uyğun deyil. İkincisi, həmin protokollar Qarabağ məsələsi ilə əlaqədar Türkiyənin Azərbaycanla müttəfiqliyi nəzərə alınsa, qəbul edilə bilməyən sənədlərdir"- millət vəkili bildirib.
Ankara səfərləri zamanı Türkiyə parlamentinin AŞ PA-dakı nümayəndə heyəti ilə görüşdüklərini deyən M.Qurbanlı qeyd edib ki, görüş zamanı Türkiyənin millət vəkilləri birmənalı şəkildə qeyd etdilər ki, Türkiyə ilə Ermənistan arasındakı protokolların imzalanması hələ məsələnin bitməsi demək deyil: "Çünki bu protokollar Türkiyə Böyük Millət Məclisində təsdiq olunmalıdır. Həmin millət vəkilləri bildirdilər ki, protokolların təsdiq olunması real görünmür. Çünki Türkiyə toplumu bu protokolların əleyhinədir".
AKP-nin qərargahında bu partiyadan olan millət vəkilləri ilə görüşdüklərini deyən Qurbanlı bildirib ki, AKP-li deputatlar "protokollar imzalansa da, parlamentdə təsdiq olunmayacaq"-deyiblər.
"Bizim üçün vacib olan görüşlərdən biri AKP-nin lideri, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla oldu. Cənab Ərdoğan bildirdi ki, protokolların imzalanmasına baxmayaraq, Türkiyə tərəfi Qarabağ məsələsində müəyyən irəliləyiş olmadan protokolların Məclisdə təsdiq olunmasının tərəfdarı olmayacaq. Ərdoğan dedi ki, "Türkiyənin baş naziri kimi bu mənim şərəf sözümdür və arxasında dayanacağam"-Qurbanlı bildirib.
Qurbanlının sözlərinə görə, əgər protokollar təsdiq olunsa, Türkiyə Azərbaycan üçün dost və qardaş ölkə deyil, yalnız qonşu ölkəyə çevriləcək: "Hesab edirəm ki, bu, həm Türkiyə, həm də Azərbaycan üçün məqbul deyil. Azərbaycanın qonşu ölkələri var və onların sırasında Türkiyə dost ölkə kimi qiymətləndirilir. Münasibətlərimizə "bir millət-iki dövlət" prinsipi ilə yanaşırıq. Elə etməli deyilik ki, "bir millət - iki maraq" prinsipinə qayıdaq. "Bir millət - iki maraq" prinsipi ilə münasibətlərimizi qurmaq istəsək, o zaman hər iki dövlət bundan ziyan çəkə bilər".
M.Qurbanlı Türkiyənin müxalifət partiyaları olan CHP və MHP rəhbərləri ilə də görüşlər keçirdiklərini və onların da protokollara səs verməyəcəklərini bildirib.
Bölgədə yaşanan son proseslər göstərir ki, Azərbaycanın qanuni əraziləri işğaldan azad olunmayınca, sülhün və qarşılıqlı əməkdaşlığını təmin olunması problem kimi qalacaq. Bu səbəbdən də, Ermənistanı böhrandan çıxarmağın yolunu Türkiyə ilə sərhədlərin açılmasında görən beynəlxalq güclər bunu anlamalıdırlar.