PDF Oxu

Əsas

  • 13

AKP Türkiyəni hara sürükləyir?

AKP Türkiyəni hara sürükləyir?

Türkiyə-Ermənistan protokollarının imzalanması və sənədin ratifikasiya üçün Türkiyə Böyük Millət Məclisinə təqdim olunması dünyanın gündəmində qalmaqda davam edir. Türkiyənin hakim partiyası AKP-nin apardığı siyasət regionda siyasi durumu dəyişə bilər və bu da bir çox xarici qüvvələrin maraqlarına uyğundur. Məhz bu səbəbdən, Türkiyədə və Azərbaycanda ictimaiyyət bu siyasətin əleyhinə çıxır və Türkiyə-Ermənistan sərhədinin açılmasının türk birliyinə xəyanət olduğunu bəyan edir.
Bayram Karacan: "Çox qısa zamanda protokollar TBMM-də AKP millət vəkillərinin səs çoxluğu ilə
təsdiqlənəcək"

Dünən Türkiyənin Böyük Birlik Partiyasının (BBP) İstanbul üzrə sədri Bayram Karacan bir qrup partiya üzvləri ilə birgə Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında toplaşıb. SİA-nın məlumatına görə, erməni-türk protokoluna etiraz edən BBP üzvlərinə Azərbaycanın Türkiyədəki konsulu Səyyad Aran da dəstək verib. Orada çıxış edən Karacan imzalanan protokolların Türkiyəyə heç bir üstünlük vermədiyini və Ermənistanın isə güzəştə getmədən bu işdən daha üstün çıxdığını diqqətə çatdırıb.
"Azərbaycan və Türkiyə arasındakı çox yaxın əlaqələr zərbə alıb. Məlumdur ki, çox qısa zamanda protokollar TBMM-in gündəminə gələcək və AKP millət vəkillərinin səs çoxluğu ilə təsdiqlənəcək. Təəssüf ki, imzalanan protokollarla Türkiyə Ermənistan qarşısında diz çökdürülüb. Bu protokol Türkiyə ilə qardaş Azərbaycanın arasını vurub",- deyə Karacan bildirib.
Qısa açıqlamasında səfir Səyyad Aran da iki ölkə arasındakı dostluğu heç kəsin poza bilməyəcəyini vurğulayaraq, "bizim dostluğumuz davam edəcək. Kimsə buna əngəl ola bilməyəcək" deyib.

Ərdoğan: "Türkiyə ilə Ermənistan arasında gizli qapılar arxasında heç bir iş görülməyib"

Türkiyə ilə Ermənistan arasında gizli qapılar arxasında heç bir iş görülməyib. SİA-nin məlumatına görə, bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qətərin "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə bildirib.
Baş nazir Ərdoğan deyib ki, Türkiyə ilə Ermənistan arasında bağlı qapılar arxasında heç bir iş görülmür. O, xatırladıb ki, oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri Edvard Nalbandyan və Əhməd Davudoğlu arasında protokollar imzalanıb.
Baş nazir onu da qeyd edib ki, o, Azərbaycan parlamentində verdiyi vədə sadiq qalacaq. Lakin nə Bakıda, nə də Yerevanda bu vədlərə inanmırlar.
Görünən odur ki, rəsmi Ankaranın Azərbaycan torpaqlarının işğaldan azad edilməyənədək Türkiyə-Ermənistan arasında heç bir əlaqənin qurulmayacağını dəfələrlə vəd verməsinə baxmayaraq, həmin vədinə xilaf çıxması cəmiyyətdə inamsızlıq yaratmaqla yanaşı, sıx etnik və tarixi köklərə bağlı iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinə kölgə salacaq.
Eyni zamanda, bu protokolun imzalanması təcavüzkar Ermənistan qarşısında Azərbaycanın təklənməsinə şərait yaradacaq, həmçinin, işğal olunmuş ərazilərin qaytarılmasına və bir milyondan çox qaçqının pozulmuş hüquqlarının bərpasına ciddi əngəl törədəcək.
Türkiyənin terroru və işğalçılığı rəsmi dövlət siyasətinə çevirən Ermənistanla əlaqələrin qurulması regionda sülhə və sabitliyə yeni təhlükə yaradacaq. Türkiyə-Ermənistan arasında münasibətlərin bərpası təkcə Azərbaycan xalqının deyil, həm də Türkiyə xalqının maraqlarına ziddir. Belə ki, tarix boyu türkləri soyqırıma və terrora mərzu qoyan ermənilər hələ də Türkiyəyə ərazi və soyqırım iddiasından çəkilmir.

AKP-nin antitürk siyasəti hardan qaynaqlanır və nəyə hesablanıb?

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin eksperti Ənvər Börüsoyun sözlərinə görə, bu prosesə xeyli öncədən strat verilib. "Hələ ötən yüzilin başlanğıcında Anadolunu bir neçə kəsimə bölmək üçün Avropa paytaxtlarında bağlı qapılar arxasında bir sıra ssenarilər gündəmə gətirilmişdi. O zaman bunları gerçəkləşdirməyə, sadəcə, Avropanın gücü çatmadı.
Çünki onların qarşısında bütün Anadolu insanını bir araya gətirmək üçün milli səfərbərlik görünməmiş miqyas almışdı. Budur, həmin ssenarilər yenidən Anadoluya tuşlanıb. Bu dəfə "milli azlıqların hüquqlarının tanınması", "ölkənin federallaşması" və digər onlarca projelər Türkiyədə hamını bir-birinə qarşı qoyub. Çünki milli səfərbərlik mənasında məmləkətdə bu missiyanı yerinə yetirəcək iqtidar yoxdur".
Ekspertin sözlərinə görə, AKP iqtidarı daha çox gizli siyasi holdinq siyasətinin içində olmaqla, "hər addımda var-dövlətə sahib olmaq" prinsipini gerçəkləşdirir. Bu kəsimi Qərb uzun illərdir yetişdirməklə məşğul idi.
"Türkiyənin İraq siyasətində strateji hədəf olan "İraq-Türkman" bölgəsini faktik olaraq itirməsi, bu torpaqlarda "İraq-Kürdüstan dövləti"nin yaradılması buna örnəkdir. İndi də bunun ardınca "kürd açılımı" və "erməni açılımı" gündəmə gətirilib.
Qılaf Kürdüstan olsa da, hədəf "böyük Ermənistan" və Anadolu torpaqlarında "Kürdüstan dövləti" yaratmaq ideyası ilk dəfə 1878-ci ildə Berlində gündəmə gətirilib. "Berlin Konfransı" adlanan bu toplantıya Avropanın bütün siyasi texnoloqları və strateqləri qatılmışdı. Bu ssenariyə uyğun olaraq "böyük Ermənistan" dosyesi böyük güclərin masasına qoyulmuşdu.
"Berlin Konfransı"nda Anadolunun "Ərzurum, Van, Bitlis, Elaziq, Sivas və Diyarbəkir vilayətlərini bir araya gətirərək "böyük Ermənistan" dövləti yaratmaq" layihəsini maliyyələşdirməyə qərar da verilmişdi. Məhz bundan sonra ermənilər onların köməyi ilə "Daşnaksütyun Partiyası"nı qurdular.
Çünki bütün erməniləri bir araya gətirmək üçün sosial-demokrat görünüşlü və əslində, radikal milliyyətçi, eyni zamanda, terrorizmə dəstək verən böyük bir gücün yaradılması bu ssenarinin əsas şərtlərindən biri idi. Bu gün guya "Kürdüstan" uğrunda savaş aparan PKK terrorçularını ələ keçirən zaman bəlli olubdur ki, hər 100 nəfərdən 80-i heç sünnət olunmayıb".
Ənvər Börüsoy qeyd edir ki, PKK lideri Abdullah Öcalanın sadiq əsgərləri haqqında araşdırmalar aparılarkən, bəlli olub ki, onların çoxu mənşəcə kürd deyil, ermənidirlər.
"Qərbin bütün siyasi çevrələri daim mənşəcə türk və müsəlman olmayan topluluqlara daha çox önəm verməklə, onların vasitəsilə Türkiyəni çökdürmək siyasəti yürüdüblər. Sirr deyil ki, Türkiyə torpaqlarında separatizm meyillərini ruslarla yanaşı, uzun müddət və açıq şəkildə həm də ingilislər idarə etmişlər. Nə müddətdir Avropanın bütün strateji mərkəzlərində Türkiyənin neçə dövlətə bölünməsi barədə növbənöv xəritələr nəşr olunmaqdadır".
Siyasi analitiklərin fikrincə, Qərb dünyası "Mondros" və "Sevr" müqavilələrindən vaz keçmədiyini, bu tip addımları ilə bir daha təsdiq edir. Əslində, "Sevr" anlaşması və Avropa Birliyinə üzv olmaq üçün tələb olunan "uyum", yəni uyğunlaşma arasında heç bir fərqin olmadığı üzə çıxıb.

"Böyük Orta Doğu" layihəsinin əsas strateji hədəfi Türkiyənin neçə dövlətə parçalanmasını şərtləndirir"

Qərbin Türkiyə əleyhinə yeni siyasət kimi hazırlamış olduğu "Self Determinasiyon" layihəsinin 62 və 64-cü maddələrinə görə, Fərat çayının sahilləri boyunca "Kürdüstan dövləti"nin yaradılması rəsmiləşdirilməlidir. Bu layihənin üzvü olan İtaliya, İngiltərə və Fransanın iddiasına görə, Türkiyə, İraq, İran və Suriyanın uzlaşan sərhədləri aralığındakı regionlar həmin dövlətlərdən ayrılaraq "Kürdüstan" dövləti yaradılmalı və dərhal tanınmalıdır.
Ə.Börüsoy bildirir ki, bu siyasəti artıq 7 ildir rəsmiləşdirməyə cəhdlər edilir. Eyni zamanda, onun BMT tərəfindən tanınması üçün tələb olunan hazırlıqlar da görülməkdədir. "ABŞ da Türkiyənin qanuni sərhədlərini tanımaq istəmir. Türkiyənin Güney-Doğu bölgəsi üçün Qərb tərəfindən hazırlanan "Kürdüstan" ssenarisinin ABŞ-ın öz planı olması son günlər gündəmi zəbt etməkdədir.
ABŞ özünün də imzalamış olduğu və təsdiq etdiyi tarixi "Lozanna anlaşması"nın bu gün üstündən qəribə bir məntiqlə sükutla keçməkdədir. Çünki ABŞ-ın strateji hədəfləri var. Bu, Türkiyənin bütün yeraltı sərvətlərinin istismarı və emalının ABŞ şirkətlərinə təslim edilməsi şərtlərindən ibarətdir. ABŞ-ın strateji layihələrindən biri olan "Böyük Orta Doğu" layihəsinin əsas strateji hədəfi Türkiyənin neçə dövlətə parçalanmasını şərtləndirir".
Çox təəssüf ki, AKP iqtidarı bu layihənin yedəyində getməkdədir. Hətta bu yöndə cəmiyyəti bir-birinə qatan "kürd açılımı" və "erməni açılımı" layihələrini rəsmiləşdirməyə çalışır. Çünki ABŞ bu gün Güney Amerika dövlətlərini və Yaponiya kimi strateji bölgəni hüquqi və iqtisadi müstəvidə itirmək məcburiyyətində qalıb. Buna görə də xüsusi nəzarətinə almaq istədiyi bir dövlət varsa, bu da Türkiyədir.
İndinin özündə Türkiyədə PKK terrorunun fəallaşması, gizli terrorçu qrupların törətdikləri teraktlar xalqı hiddətləndirən faktorlardan birinə çevrilib. AKP hakimiyyəti, sadəcə, quru bəyanatlar verməklə kifayətlənir.

Azərbaycana qarşı viza rejimini saxlayan AKP ermənilərə 3 aylıq vizasız gəliş-gediş qərarı verib

Türkiyəyə qarşı yeni təhdidlər Anadoluda süni şəkildə yaradılması planlaşdırılan "Kürdüstan" və "Qərbi Ermənistan" ideyasını rəsmiləşdirmək üçün Qərb tərəfindən ortaya atılan yeni layihədə bildirilir ki, beynəlxalq standartlara cavab verə biləcək addımların atılması üçün Türkiyə bir sıra qanunlar qəbul etməlidir. Bu sırada "erməni məsələsi" ön sırada durur.
Bu gün Türkiyə ictimaiyyətinin haqlı narazılığına səbəb olan həmin protokol siyasətinə cavab olaraq ən azından Azərbaycan dövlətinin mənfəətləri ortalıqdadır. Bu barədə AKP iqtidarının hələ 2002-ci ildə hakimiyyətə gəldiyi gündən məxfi şəkildə xüsusi hazırlıqların görüldüyü faktları ortaya çıxıb.
Belə ki, Azərbaycana qarşı viza rejimini saxlayan AKP iqtidarının, Ermənistan vətəndaşlarının 3 ay ərzində vizasız Türkiyəyə gediş-gəlişləri haqqında qərarı var.
Bu gün Türkiyədə AKP iqtidarının apardığı siyasətin bir yönü də ölkənin bütövlüyü uğrunda həyatlarını sərf etmiş fədakar insanları "cinayət suçlusu" adı altında həbsxanalara atmaqdır. İndi AKP siyasi holdinqinin tərkib hissəsi kimi 1200-dən artıq şirkət "İraq Kürdüstanı", "Qərbi Ermənistan" və "Güney Anadolu Kürdüstanı" layihələrinin gerçəkləşməsi üçün səfərbər olunublar.
Araşdırmalardan bəlli olub ki, ABŞ-ın sabiq Türkiyə səfiri Erik Edelman bu layihələrin baş koordinatoru vəzifəsini icra edir. Türkiyənin ənənəvi dövlət siyasətinin tərəfdarı olan adamların fikrincə, ölkə "ölüm-qalım" dilemmasının ağırlığını yaşamağa məcbur edilib.
Mustafa Kamal Atatürk prinsiplərinin tərəfdarları "passiv məmləkət" siyasətinə qarşı: "Yetər zəif siyasət, gücsüz düşən iqtisadiyyat, dövləti və milləti parçalamağa sürükləyən fəaliyyətlər. Türkiyəyə qarşı indi aparılan siyasətlər ölkənin sərhədləri daxilində gerçəkləşdirilir və bunun qarşısı hamılıqla alınmalıdır" anlayışlarını ictimai şüura çevrilir.
Son proseslərdən aydın olur ki, Türkiyə ictimaiyyətində AKP-nin bu siyasətinə sərt təpki var. Lakin Türkiyədə media yüzdə doxsan nəzarət altına alındığından bu barədə informasiyalar yayımlanmır.
Türk internet saytlarını və bloglarını izlədikdə, yazılan şərhləri gördükdə anlamaq olur ki, türk insanı AKP-yə qarşıdır və onun yeritdiyi siyasəti dəstəkləmir. Bu səbəbdən də, gec-tez türklər demiş "komu oyu" hakimiyyəti antimilli siyasətdən çəkilməyə məcbur edəcək.
Üstəlik, Azərbaycandan və türk dünyasından gələn sərt təpkilər də AKP-nin öz siyasətində ciddi korrektələr etməsinə səbəb ola bilər. Ən azı, artıq bu partiyanın Türkiyəni hara sürüklədiyi hamıya aydın olub və yəqin ki, bundan sonra xarici ağaların sifarişlərini yerinə yetirmək asan olmayacaq.

Digər xəbərlər