Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qeydə alınmış "Erməni terroru:sənədlər və faktlar" layihəsi üzrə ayrılmış maliyyə vəsaiti əsasında hazırlanıb.
(Əvvəli ötən sayımızda)
Erməni vəhşiliklərini öz gözləri ilə görmüş və bundan dəhşət dolu heyrətlə danışan bir çox millətlərin nümayəndələri hələ heç bir müharibə tarixində bu cür vəhşiliklər, zülm və vandalizm hallarına rast gəlmədiklərini dönə-dönə qeyd edirlər. Aşağıda göstərilən şəkillər və deyilən sözlər erməni qəsbkarlarının heç bir ölçüyə sığmayan vəhşətindən xəbər verir və bu, hələ hamısı deyil. Hələ neçə-neçə oğul və qızlarımız erməni əsirliyindədir və hər gün, demək olar ki, onlar bu vəhşiliklərlə üz-üzə gəlir, bu əzab və məşəqqətlərə tab gətirmək məcburiyyətində qalırlar. Bu şəkillərə ürək ağrısız baxmaq mümkün deyil. Bu əməlləri törədən erməni vəhşilərinə qarşı nifrət, qəzəb və kinin heç bir vaxt azalmayacağı məlumdur və buna bizim heç haqqımız da yoxdur.
Leonid Kravets, mayor: "Mən 26 fevralda Stepanakertdən yaralıları çıxarır və Əsgəranın qala qapısı ilə geri qayıdırdım. Bu zaman aşağıda gözümə aydın ləkələr sataşdı. Aşağı endikdə bortmexanik qışqırdı: "Baxın, orada qadınlar və uşaqlar var". Bəli, mən özüm də iki yüzə yaxın cəsədin səpələndiyini və onların arasında əli silahlı adamların gəzişdiyini gördüm. Biz enərək cəsədləri çıxarmağa çalışdıq. Bizimlə yerli milis kapitanı var idi, indi onun adını xatırlaya bilmirəm. O, orada öz dörd yaşlı oğlunun kəllə sümüyünü dağılmış gördü və huşunu itirdi. Digər uşağın isə başı kəsilmişdi. Mən hər tərəfdə qadın, uşaq və qocaların eybəcər hala salınmış cəsədlərini gördüm".
Jan-İv Yunet, jurnalist (Fransa): "...Biz Xocalı faciəsinin şahidi olduq. Öldürülmüş yüzlərlə dinc əhalini - uşaqları, qadınları, qocaları, Xocalının müdafiəçilərini gördük. Bizim üçün vertolyot ayrılmışdı və biz yüksəklikdən Xocalının ətrafını çəkməli idik. Lakin ermənilər bizim vertolyotu atəşə tutdular və çəkilişi başa çatdıra bilmədik. Mən müharibələr haqqında, alman faşistlərinin vəhşiliyi haqqında çox eşitmişdim, lakin ermənilərin 5-6 yaşlı uşaqları və dinc əhalini öldürməyi daha qəddar hərəkətdir".
Ermənilərin Dağlıq Qarabağ və ona yaxın bölgələrdə törətdikləri vəhşiliklər demək olar ki, bütün dünya mətbuatında öz əksini tapmışdır. Aşağıda sadalanan faktlar bir daha göstərir ki, dünya ictimaiyyətinə mətbuatla çatdırılan faktlar, göstərilən video materiallar, bu hadisələrin canlı şahidi olmuş insanların söylədikləri yenə də azlıq təşkil edir.
Qarabağda törədilən vəhşilikləri təsvir edən beynəlxalq mətbuat yazırdı:
"Krua l`Eveneman" jurnalı (Paris), 25 mart 1992-ci il: "...Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış cəsədlərin canlı şahidi olmuşdur. Azərbaycanlılar minlərlə insanın öldürüldüyünü bildirirlər..."
Ardı var