PDF Oxu

Əsas

  • 17

Azərbaycan sənaye dövlətinə çevrilir

Azərbaycan sənaye dövlətinə çevrilir
Xəbər verdiyimiz kimi, Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında ÜDM-in artımına görə birinci yeri tutub. SİA-nın məlumatına görə bu barədə MDB ölkələrinin statistika komitəsi məlumat yayıb. Ötən ilin yanvar-avqust aylarına nisbətən bu il Azərbaycanda ÜDM-in artımı 5% olub. İkinci və üçüncü yerləri 3,8%-lə Qırğızıstan və 1,8% artımla Tacikistan tutub.
Digər MDB ölkələrində isə əsasən ÜDM-in azalması müşahidə olunub. Bu azalma Rusiyada 12,5%, Ermənistanda 18,4%, Belarusda 0,5%, Qazaxıstanda isə 4,1% təşkil edib. 2009-cu ilin 8 ayı ərzində demək olar ki, MDB dövlətlərinin hamısında sənaye istehsalı həcminin azalması müşahidə olunub.
Azalma ən çox Ermənistanda qeydə alınıb-11,9%. Bu azalma Belarusda 4,6%, Qazaxıstanda 1,5%, Qırğızıstanda 12,7%, Moldovada 24,6%, Rusiyada 14%, Tacikistanda 11,4%, Ukraynada 29,6% təşkil edib. İstehsal MDB ölkələri arasında yalnız Azərbaycanda 0,1% artıb.
Qlobal iqtisadi böhranın dünya ölkələrini sosial problemlərlə üz-üzə qoyduğu bir zamanda Azərbaycanın iqtisadi və sosial həyatında müşahidə olunan inkişaf meyilləri davam edir, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı getdikcə artır. Dünyada davam edən maliyyə böhranına baxmayaraq, cari ilin ötən dövrü də ölkəmiz üçün əlamətdar olub, əldə edilmiş uğurların əyani təcəssümü olan makroiqtisadi göstəricilər Azərbaycanın inkişaf sürətinə görə dünya öncülləri sırasındakı mövqeyini qoruyub saxlayıb.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin keçirilən cari nilin ilk yarısının yekunlarına həsr olunmuş iclasında da vurğulandı ki, Azərbaycan hökuməti iqtisadi inkişafdan əldə olunan gəlirlərin mühüm hissəsini əhalinin sosial müdafiəsinə yönəltmək işlini davam etdirəcək.
Cari ilin ilk yarısının yekunları göstərdi ki, artıq Azərbaycanda təkcə energetika sistemi deyil, qeyri-neft sektoru da sürətlə inkişaf edir. Sevindirici haldır ki, yarımilin yekunlarına görə, qeyri-neft sektorunda artım ümumi inkişaf tempindən çoxdur. Strateji sahələrdən olan informasiya-kommunikasiya texnologiyaıları üzrə də böyük irəliləyiş əldə olunub. Bu sahədə artım tempi 10 fazidən çoxdur.
Bütövlükdə isə bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını getdikcə möhkəmləndirir.
Bundan əlavə, regionlarda iqtisadi fəallığın getdikcə güclənməsi, yeni istehsal sahələrinin yaradılması da ümumi inkişaf prosesinə təkan verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 13 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib, ölkənin inkişafını xarakterizə edən bu əsas makroiqtisadi göstərici üzrə 4,4 faizlik artım əldə olunub.
Hesabat dövründə ölkə üzrə istehsal olunmuş ümumi daxili məhsulun 47 faizi sənaye sahələrində, 3 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 10 faizi tikinti kompleksində, 8,4 faizi ticarət və pullu xidmət sahələrində, 7,2 faizi nəqliyyatda, 2,2 faizi poçt və rabitədə, 11,6 faizi digər xidmətlər və sosial sahələrdə yaradılıb, 9,3 faizi isə məhsula və idxala xalis vergilərin payına düşüb.
Əlavə dəyərin 43,2 faizi neft, 56,8 faizi isə qeyri-neft bölməsində yaradılıb. Yanvar-may aylarında ölkədə adambaşına 1317,1 manatlıq (1638,2 ABŞ dolları) əlavə dəyər istehsal olunub. Göründüyü kimi, dünyanı bürümüş maliyyə böhranına baxmayaraq, Azərbaycanda sosial və iqtisadi həyatın bütün sahələrində inkişaf tendensiyası davam edir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyanı bürümüş maliyyə və iqtisadi böhranın yaratdığı böyük çətinliklər ucbatından müxtəlif ölkələrdə iqtisadiyyat tənəzzüllə uğrasa da, işsizlik artsa da, Azərbaycanda ötən dövrdə yeni müəssisələr açılıb, iqtisadiyyat artıb. Həm dövlət investisiyaları, eləcə də özəl sektorun fəaliyyəti nəticəsində ölkəmizdə nəhəng infrastruktur layihələrinin icrası davam etdirilib.
İlin əvvəlindən ölkə iqtisadiyyatının əsasını təşkil edən mühüm sənaye sahələrində də inkişaf tendensiyası müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk beş ayı ərzində sənaye müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 7,4 milyard manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artım deməkdir.
Hesabat dövründə istehsal olunmuş sənaye məhsulunun 70,2 faizi və ya 5,2 milyard manatlığı mədənçıxarma, 22,3 faizi və ya 1,6 milyard manatlığı emal, yerdə qalanı isə elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölmələrinin payına düşüb.
Göründüyü kimi, ölkə sənayesinin artım tendensiyası davam edir və son 5 ildə onun real həcmi 2,5 dəfə artıb. Onu da deyək ki, ölkə sənayesinin real həcminin ilbəil artmasında uğurlu neft strategiyası mühüm rol oynayıb. Belə ki, dünyanın inkişaf etmiş ölkələrini təmsil edən transmilli şirkətlərlə bağlanmış sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli inkişafını təmin edib, bu sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olub.
Yeri gəlmişkən, Heydər Əliyev adına Bak-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını xeyli artırıb. Bununla belə, ölkəmizdəki ümumi inkişaf təkcə neft və qaz amili ilə bağlı deyil.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, uğurlarımızı yalnız neft-qaz amili ilə bağlamaq düzgün olmazdı, iqtisadi uğurlarımızın təməlində həm də düşünülmüş siyasət, ölkənin milli maraqlarının qorunması, demokratik proseslər və iqtisadi islahatlar dayanır.
Hazırda ölkəmizin qeyri-neft sahələrində də inkişaf meyilləri aydın nəzərə çarpır. Bu da təsadüfi deyil. Çünki son illər ölkəmizin ayrı-ayrı yerlərində bir çox istehsal və emal sənayesi müəssisələrinin tikilib istifadəyə verilməsi qeyri-neft sektorunun inkişafına, minlərlə iş yerinin açılmasına, yeni malların istehsalına və məhsul buraxılışının çeşidinin artmasına səbəb olub.
Bütövlükdə isə cari ilin 6 ayında sənaye istehsalının ümumi həcmində məhsul buraxılışının payı 90,5 faiz, sənaye xarakterli xidmətlərin payı isə 9,5 faiz təşkil edib. Hesabat dövründə istehsal olunmuş sənaye məhsulunun 24 faizi dövlət, 76 faizi isə özəl bölmənin payına düşüb.
Ölkədə sərbət istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqda davam edir. Elə ilin ötən dövrü ərzində sənaye məhsulunun 76 faizinin məhz özəl bölmədə istehsal olunması da bunu təsdiqləyir.
Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələrinin işində də böyük canlanma hiss olunur. Cari ilin yanvar-iyun aylarında sənaye sektorunda fəaliyyət göstərən səhmdar cəmiyyətləri tərəfindən 400 milyon manatlıq və ya ümumi buraxılışın 6 faizi qədər sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib.
Ötən dövrdə sənayenin qeyri-neft sektorunun ayrı-ayrı sahələri üzrə də yüksək artım qeydə alınıb. Ən yüksək göstərici isə kimya sənayesində, dəridən məmulatlar və ayaqqabı istehsalında, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalında, maşın və avadanlıqların istehsalında müşahidə olunub.
Bundan əlavə, il ərzində üzüm şərabı, pivə və alkoqolsuz içkilər də daxil olmaqla, bir çox qida məhsullarından olan ət, süd, meyvə və tərəvəz şirələri, təmizlənmiş duru bitki yağları və s. istehsalında da əhəmiyyətli artım qeydə alınıb. Bu dövrdə sənaye müəssisələrində istehsal olunmuş məhsulların 99,7 faizi istehlakçılara göndərilib və 2009-cu il iyunun 1-nə sənaye müəssisələrinin anbarlarında 220 milyon manatlıq və ya may ayının 1-i vəziyyəti ilə müqayisədə 3,2 milyon manat az hazır məhsul ehtiyatı olub.
Hazır məhsul ehtiyatının daha çox hissəsi- 63 faizi Bakı şəhərinin payına düşüb. Digər hissəsi isə Sumqayıt (10,1 faiz), Şirvan (3,8 faiz), Mingəçevir (1,3 faiz), Gəncə (2,1 faiz) şəhərlərinin, Şəki (2,9 faiz) və Saatlı (4,4 faiz) rayonlarının sənaye müəssisələrinin anbarlarında qalıb.
Bundan əlavə, anbarlarda adı çəkilən şəhər və rayonlardakı ayrı-ayrı sənaye müəsssisələrinin öz istehsalı olan məhsullardan başqa, digər müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 19 milyon manat məbləğində digər mallar da olub.
Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə isə, cari ilin ilk 6 ayında mədənçıxarma və ya hasilat sənayesində əvvəlki illə müqayisədə 2,5 faizlik artım baş verib. Hesabat dövründə xam neft hasilatı (qaz kondensatı da daxil olmaqla) təxminən 25 milyon ton təşkil edib.
Cari ilin yanvar-iyul aylarında səmt qazı da nəzərə alınmaqla ölkə üzrə 12 milyard kubmetrdən artıq təbii qaz istehsal olunub ki, bunun da 8 milyard kubmetrdən çoxunu əmtəəlik qaz təşkil edib. Bütövlükdə isə son 5 il yarım ərzində mədənçıxarma sənayesində məhsul istehsalı 2,8 dəfə, o cümlədən neft hasilatı 2,9 dəfə, qaz hasilatı isə 3,2 dəfə artıb.
Həmin dövrdə Azərbaycanda bu qədər neft və qazın istehsal olunması isə, şübhəsiz, neft və qaz sənayesinin yüksək inkişaf dinamikasından xəbər verir. 2009-cu ilin ilk 6 ayında mədənçıxarma bölməsinin çınqıl, qırma daş, xırda çay daşı istehsalı sahələrində də artım müşahidə olunub. Bu da ölkədə reallaşdırılan iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə əlaqədar adı çəkilən mallara tələbatın artması ilə bağlı olub.
Hesabat dövründə istehsal olunmuş məhsulların çeşidliyinə, onların əhatə dairəsinin genişliyinə görə mühüm əhəmiyyətə malik emal bölməsində işlərin 61 faizi bilavasitə qeyri-dövlət sahibkarlıq subyektləri və ev təsərrüfatları tərəfindən həyata keçirilib. İstehsal olunmuş qida məhsullarının, demək olar ki, hamısı qeyri-dövlət müəssisələrinin və ev təsərrüfatlarının payına düşür.
2009-cu ilin ilk yarısı emal bölməsinin metallurgiya və hazır metal məmulatlarının istehsalı ilə məşğul olan bəzi müəssisələr üçün də uğurlu olub. Belə ki, il ərzində sahənin mühüm növ məhsullarından sayılan tökmə çuqun, qeyri-cins poladdan dəstələr şəklində katankalar, alüminium qapı və pəncərə blokları, qapılar üçün astanaların istehsalında yüksək artım qeydə alınıb.
Hesabat dövründə maşın və avadanlıqların, elektrik və elektron avadanlıqların həmçinin nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı müəssisələrində əsas növ məhsulların istehsalı bir qədər azalsa da, traktorların (3,3 dəfə), televizorların (2,3 dəfə) və məişət kondisionerlərinin (66 faiz) istehsalında ciddi artım qeydə alınıb.
Ölkə sənayesinin digər sahəsi olan elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sektorunda 2008-ci ilin yanvar-iyul ayları ilə müqayisədə istehsalın həcmi 0,5 faiz artıb. İlin ilk 6 ayı ərzində ölkədə 10 milyard kVt-saat elektrik enerjisi istehsal olunub, onun 9,5 faizi su elektrik stansiyalarının, 90,5 faizi isə istilik elektrik stansiyalarının payına düşüb.
2009-cu ilin yanvar-iyul aylarında ölkənin sənaye müəssisələrində çalışan işçilərin sayı 170 min nəfərə yaxın olub ki, onların da 61 faizi sənayenin dövlət, 39 faizi isə qeyri-dövlət bölməsində çalışıb. Bu dövrdə sənaye işçilərinin orta aylıq nominal əmək haqqı 450 manat təşkil edərək 2008-ci ilin müvafiq dövrünün səviyyəsini 6,5 faiz ötüb. Əmək haqqının daha yüksək səviyyəsi mədənçıxarma sənayesi, neft emalı, nəqliyyat avadanlıqlarının istehsalı, metallurgiya və digər qeyri-metal mineral maddələrinin istehsalı sahələrində qeydə alınıb.
Yekun olaraq demək olar ki, yaxın illərdə ölkəmizdə sənayeləşmə tendensiyası daha da sürətlənəcək. Bunu beynəlxalq hesabatlar da təsdiq edir.

Digər xəbərlər