PDF Oxu

Əsas

  • 10

Azərbaycanın əsas insan inkişafı göstəricilərində böyük irəliləyiş müşahidə olunur

Azərbaycanın əsas insan inkişafı göstəricilərində böyük irəliləyiş müşahidə olunur
Dövlət Miqrasiya Xidmətində (DMX) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) 2009-cu il üçün "Maneələri aşma: insan miqrasiyası və inkişafı" adlı İnsan İnkişafına dair hesabatının təqdimatı olub.
Dövlət Miqrasiya Xidmətinin, Beynəlxalq Miqrasiya Təşkilatının və BMT İP-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə DMX-nin rəisi Arzu Rəhimov bildirmişdir ki, hesabatın Azərbaycan nümayəndəliyi tərəfindən Bakıda da təqdimatının keçirilməsi sevindirici haldır. Azərbaycanda iqtisadi inkişafla əlaqədar ölkəmizə gələn əcnəbilərin sayı artmaqdadır. Dünyada miqrasiya prosesi qlobal xarakter daşıyır. İnsanlar yaxşı yaşamaq, iş axtarmaq üçün miqrasiya proseslərində iştirak edirlər. Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olması xarici vətəndaşların ölkəmizə marağını artırır. Bütün uğurlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin nəticəsidir. DMX-nin rəisi bildirib ki, ölkəyə gələn əcnəbilərin Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşması, qanunlara riayət etməsi üçün əhəmiyyətli işlər görülür. Onların Azərbaycan ərazisində qanuni yaşaması üçün lazımi şərait yaradılıb.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rəhbəri Bruno Pueza məlumat verib ki, 1990-cı ildən dərc olunan hesabatda, əsasən, inkişaf məsələlərinə diqqət yetirilir. Müstəqil hazırlanan hesabat insan inkişafı və yoxsulluğun azaldılması problemlərinin həlli üçün yeni düşüncə tərzinə və siyasi perspektivlərə yol açır. Bruno Pueza vurğulayıb ki, yeni hesabatda insan inkişafı indeksinə görə Azərbaycan orta insan inkişafı kateqoriyasında 182 ölkə və ərazi arasında 86-cı yeri tutur. Müqayisə üçün deyək ki, Azərbaycan 2007/2008-ci illərin hesabatında 179 ölkə arasında 97-ci yeri tutub. İnsan inkişafı indeksi məhz uzunmüddətli inkişaf meyillərini dəyərləndirmək üçün ən münasib vasitədir. Son illər Azərbaycanın bəzi əsas insan inkişafı göstəricilərində ardıcıl irəliləyiş müşahidə olunur. 1980-2007-ci illər arasında adambaşına düşən ÜDM təqribən dörd dəfə (1963 ABŞ dollarından 7851 dollara qədər) artıb. Azərbaycan insan inkişafı indeksi üzrə sıralamada müntəzəm olaraq irəliləyən ölkədir və islahatların davam etdirilməsi insan inkişafının səviyyəsini getdikcə artırır.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vasili Yujanin təmsil etdiyi təşkilatın Azərbaycanda gördüyü işlər barədə danışaraq deyib ki, dünyada təqribən 740 milyon daxili, 200 milyonu xarici miqrant vardır. Bu hesabat beynəlxalq miqrasiya məsələlərinə, xüsusilə miqrasiya işi ilə bağlı aparılan müzakirələrə töhfə verəcək.

Digər xəbərlər