PDF Oxu

Əsas

  • 12

“AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR”

“AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR”

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc edilən "AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR" məqaləsi ictimai rəydə geniş müzakirə mövzusuna çevrilib. Məqalədə bəzi televiziyaların fəaliyyətlərinin haqlı olaraq tənqid olunması cəmiyyətin istəyi kimi dəyərləndirilir. Mövzunun aktuallığını nəzərə alan "Səs" qəzeti və "Səs" İnformasiya Agentliyi Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsinə dəyirmi masanın budəfəki mövzusunu "AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR"ə həsr etmişdir.
(Əvvəli ötən sayımızda)

Dəyirmi masada millət vəkilləri Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Aynur Quliyeva, Jalə Əliyeva Xəzər Televiziyasının baş müşaviri Qulu Məhərrəmli, media-ekspert Zeynal Məmmədli, filologiya elmlər doktoru, professor Buludxan Xəlilov, filologiya elmlər doktoru, professor Nizaməddin Şəmsizadə, "İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü Vüqar Rəhimzadə, "Azad Azərbaycan" qəzetinin baş redaktoru Asəf Abbasov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, İctimai Televiziyanın (İTV) "Media haqqında hər şey" proqramının məsul işçisi Rizvan Cəbiyev, sənətşünaslıq doktoru, professor, Azərbaycan Dövlət Televiziyasının (AzTv) "Maarifçilik" redaksiyasının baş redaktoru İlham Rəhimli, İTV-nin proqram direktoru Rafiq Nəbiyev iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin baş redaktoru və "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc edilən "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsinin cəmiyyətin maraqlarını ifadə edən məqalə olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə KİV-in inkişafı dövlət quruculuğunun tərkib hissəsi kimi qəbul olunur. Ulu öndərimiz Heydər Əliyev söz və mətbuat azadlığına xüsusilə diqqət yetirmiş, azad mətbuatın formalaşıb, inkişaf etdirilməsinə diqqət ayırmışdır: "Dahi öndərimiz Heydər Əliyev KİV-lərin maddi-texniki bazasının genişlənməsinə xüsusi diqqət göstərmiş, demokratik proseslərin, azərbaycançılıq ideyalarının təbliğində KİV-in roluna böyük əhəmiyyət vermişdir. Məhz bu diqqət və qayğının nəticəsi olaraq, ulu öndərimiz "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.
Baş redaktor ulu öndərimiz Heydər Əliyevin KİV-in fəaliyyətinə toxunarkən, söylədiyi tarixi fikrini "Biz senzuranı ləğv etdik, Konstitusiya ilə təsbit olunmuş söz azadlığını, mətbuat azadlığını tamamilə təmin etdik. Mətbuata geniş imkanlar yaratdıq. Mətbuat Azərbaycanda, həqiqətən, çox sərbəstdir, azaddır. Bu, o deməkdir ki, söz azaddır, fikir azaddır" deyərək, onu da bildirdi ki, mətbuatın inkişafına göstərilən diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması barədə ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam KİV-in inkişafına göstərilən diqqət və qayğının göstəricisidir.
B.Quliyev akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" məqaləsinin KİV-in inkişaf etdirilməsi üçün aparılan dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirdi: "Ölkə ziyalılarının qeyd etməli olan mövzunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən qələmə alınması Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmətin təntənəsidir. Tam əminliklə demək olar ki, televiziyalar tənqiddən nəticə çıxaracaqlar. Bu aktual mövzunun ictimai müzakirəyə çıxarılmasına görə, hörmətli Ramiz müəllimə "Səs" qəzeti olaraq, minnətdarlığımızı bildiririk".
"Səs" qəzetinin baş redaktoru dəyirmi masa iştirakçılarına bu mövzu ətrafında müzakirələrin aparılmasını və televiziyalarda hökm sürən çatışmazlıqların, problemlərin aradan qaldırılması üçün təkliflərin irəli sürülməsinin vacibliyini söylədi.

Qənirə Paşayeva:

- Neft Akademiyasında hadisə baş verən zaman Fransadan gəlirdim. Təyyarədən düşəndə mənə dedilər ki, belə bir hadisə baş verib. Dərhal Azərbaycan kanallarını açaraq məlumat almaq istədim. İnternetə girib bütün məlumatları əldə edə bildim, ancaq Azərbaycan teleməkanında bu hadisə ilə bağlı heç bir məlumat əldə edə bilmədim. Bu gün televiziyalar düşünməlidir ki, internet onlarla rəqabətdədir. Tamaşaçının etibarı interentdən əldə etdiyi məlumatlaradır. Konsertlərimizdə səyyar kameralar quraşdırılır. Həmin kameralar Neft Akademiyasının binası yaxınlığında da quraşdırılmalı idi ki, insanlar hadisə ilə bağlı daim məlumatlı olsun. Bunlar tamaşaçıda etimadı və etimadsızlığı yaradan hallardır. Söhbət etdiyimiz insanlar da bildirirdilər ki, hadisə ilə bağlı ilk məlumatı xarici mətbuatdan əldə ediblər. İnsanların xəbər almaq istəməsi və məlumatsız qalması cəmiyyətdə ajiotaj yaradan səbəblərdən biridir. Vətəndaşa lazım olan xəbər ona vaxtında verilməyəndə ziddiyyətlər yaranır.

İNFORMASİYA
SAHƏSİNDƏ YARANMIŞ BOŞLUQLAR MÜƏYYƏN JURNALİSTLƏRİN
SENSASİYA DALINCA QAÇMASINA GƏTİRİB
ÇIXARIR

Rizvan Cəbiyev:

- Məsələnin qoyuluşu çox aktualdır. Öncə mövcud problemlərin səbəblərini axtarmaq lazımdır. Onların səbəbi dövlət qurumlarından asılıdır. Bunu heç kəs etiraf etmir. Nə üçün həmin məlumatı dövlət qurumları vaxtında vermədilər. "İnformasiyanın əldə edilməsi haqqında" qanun var. Hamı etiraf edir ki, bu qanun Avropa miqyasında ən mükəmməl qanunlardan biridir. Amma bu yaxınlarda sözügedən qanunun müzakirəsini təşkil edəndə, monitorinqlərin nəticəsi ilə maraqlandıq. Aydın oldu ki, bir şirkətin verdiyi suallara iki ildən sonra cavab alınmışdı. O da məhkəmədə mümkün olmuşdu. Bunun üçün televiziyaları və çap mətbuatını qınaya bilərikmi? Qeyd olunan həmin ajiotaj və təhrif olunmuş informasiyalar buradan qaynaqlanır. Hətta biz həmin informasiyaları verən şəxsləri də qınaya bilmirik. Deyirlər ki, infomasiya məkanı üzümüzə qapanıb, ona görə də informasiya əldə edə bilmirik və şayiələrə uyuruq. Neft Akademiyasında baş verən hadisə ilə bağlı şayiələrin yayılmasının başlıca səbəbi də məhz bu amillə bağlıdır. Problemlərin üzə çıxarılması cəmiyyətə xeyirdir, nəinki onun gizlədilməsi. Bu baxımdan, televiziyalara haqq qazandırıram. Çünki informasiya sahəsində yaranmış boşluqlar müəyyən jurnalistlərin qol-qanad açmasına, sensasiya dalınca qaçmasına və olmayan hadisələri yazmasına gətirib çıxarır.
Arzu edərdim ki, bu mövzunun müzakirəsi uzun ömürlü olsun. Nə üçün bu günə qədər məsələ ilə bağlı hər hansı tədbir görülməyib? Qanunlarımızda milli-mənəvi dəyərlərimizin qorunması, mətbuatda yer alan təhriflərə görə sanksiyaların olmasına baxmayaraq, onlar bu günə qədər tətbiq olunmayıb. Bu gün dəb halını alan bu cür iclasların keçirilməsinin də əleyhinəyəm. Bunun əvəzinə nəticə verə bilən daha ciddi addımlar atılmalıdır. Akademik Ramiz Mehdiyevin bizim əvəzimizdən bu ideyanı düşünməsi və belə bir məqaləni yazması müsbət haldır. Halbuki bu addımı ziyalılar, bu işə məsul olan Televiziya və Radio Yayım Şurası atmalı idi. Təəssüf ki, onlar bunu etməyiblər. Ancaq mən bu məsələdə Televiziya və Radio Yayım Şurasını da qınaya bilmirəm. Ona görə ki, bu şuranın hüquqları çox məhddudur və o televiziyalara təsir etmək imkanına malik deyil. Qurumun səlahiyyətləri mütləq şəkildə artırılmalıdır. Bu gün bizim tele məkanımız nəzarətsizdir. Radiolarımızda çox cılız və mənaviyyatımızı alçaldan mövzuların müzakirəsi qoyulur. Heç kim onlara dur demir. Xəzər Televiziyasının "Ay Zaur" verilişinin aparıcısı Zaur Kamalın həmin televiziyada və radiosunda müzakirəsini təşkil etdiyi mövzular rüsvayçılıqdı. Onun hərəkətlərinə başqa ad vermək olmaz. Televiziyalar hər gün ailəmizin qonağıdır və onların hər birinə növbə ilə baxırıq. Televiziyalarda mənəviyyatımızı pozan mövzulara toxunulanda, kimisi kanalı dəyişsə də, kimisi isə həmin proqramlara tamaşa edir. Belə olan halda, gənclərimiz kimdən tərbiyə almalıdır? Kanallarımızda bayağı mövzuların efirə verilməsi və onun qarşısının alınmaması növbəti problemlərə gətirib çıxarır. Bir sıra mətbuat vasitəsi müğənni Xatirə İslamın əxlaqdan kənar hərəkətləri, onun başqalarına etdiyi şantajlar barədə ətraflı məlumat verdilər. Bu hadisədən sonra onun teleməkanda "qəhrəman" kimi təqdim olunması kanalların vəziyyətinin nə qədər acınacaqlı olmasından xəbər verir. Düşünürəm ki, bu mövzu ictimailəşdirilməlidir.


RAMİZ MEHDİYEVİN
MƏQALƏSİ
AZƏRBAYCANÇILIQ KONSEPSİYASININ
TƏRKİB HİSSƏSİDİR

Nizaməddin Şəmsizadə:

- Akademik Ramiz Mehdiyevin yazdığı məqalədə ölkədə fəaliyyət göstərən televiziya kanallarının sayını göstərib. Həmin 35 kanaldan 8-i dövlətdən maliyyələşən kanallardır. Hesab edirəm ki, bugünkü müzakirənin predimeti Ramiz müəllimin yazdığı məqalədir. Bu məqalənin dəyəri ondadır ki, o vaxtında yazılıb. Üzr istəyirəm, hamilə qadının qarnının ölçülərinin efir vasitəsilə xalqa nümayiş etdirilməsi hansı əxlaq nümunəsinə uyğundur? Görəsən, həmin televiziya kanalı nə düşünür? Vaxtilə Yazıçılar İttifaqının sədri olmuş Mehdi Hüseyn bir zəif hekayə oxuyan zaman həmin hekayənin müəllifini və qəzet redaktorunu yanına çağırırmış. Əvvəlcə, hekayənin müəllifindən soruşurdu ki, sənin nə ixtiyarın var ki, bu cür zəif əsər yazırsan? Sonra qəzetin redaktoruna deyirdi ki, bəs sən nə üçün bu zəif əsəri qəzetdə çap etdirmisən? Bu mənada, həmin səviyyəsiz proqramlar barədə onları hazırlayan televiziya işçiləri ətraflı düşünməlidir. Hesab edirəm ki, bu məqalə böyük dövlət xadimi, yüksək dövlət məmuru və alim tərəfindən yazılıb. Hər kəs bilir ki, Ramiz Mehdiyev azərbaycançılıq ideologiyası haqqında əsərlərin müəllifidir. Düşünürəm ki, onun bu məqaləsi də azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. O dönə-dönə qeyd edir ki, telekanallarımızda və mətbuatımızda azərbaycançılıq ideologiyası nəzərdən qaçırılır. Çünki informasiya sahəsində vahid ideologiya tətbiq olunmayan da hərci-mərcilik əmələ gəlir.
Yadınızdadırsa, sovet dövründə konkret kommunist ideologiyası var idi. O ideologiya nəinki televiziya sahəsinə, eyni zamanda, kitablara, ədəbiyyata və s. sirayət edirdi. Akademik Ramiz Mehdiyev də bu məsələni məqaləsində qeyd edib. Məqalənin konsepsiyası "Televiziya və Radio Yayımı haqqında" qanunun baza prinsiplərinə əsaslanır. Orada qeyd olunur ki, televiziyanın və yaxud hər hansı informasiya vasitəsinin maarifləndirici, məlumatlandırıcı və əyləndirici funksiyaları var. Məqalənin yazılmasında əsas məqsəd bu balansı bərpa etməkdən ibarətdir. Məqalədə qeyd olunur ki, vəziyyətin bu cür olmasının səbəbi yaradıcılıq potensialının aşağı olmasıdır. Bu məsələyə xüsusi diqqət yetirmək istəyirəm. Özəl televiziya kanalları və qəzetlər fəaliyyətə başlayandan sonra müxtəlif ixtisas sahibləri jurnalistika ilə məşğul olmağa başladılar. Mən Azərbaycan Dövlət Televiziyasında "Azərbaycan dili" verilişinin aparıcısıyam. Orada dəfələrlə Buludxan Xəlilovla dilimizin və mədəniyyətimizin qorunması məsələsinə toxunmuşuq. Ramiz müəllimin məqaləsində də bu mövzuya xüsusi yer ayrılıb. Televiziya xalqın öz milli kimliyini ifadə etdiyi ən yüksək tribunadır. Televiziya həyatımıza elə daxil olub ki, heç onu internet də sıxışdıra bilməyib. Ona görə televiziyaya onun rəhbərini şəxsi mülkiyyəti, yaxud zövqünü ifadə edən vasitə kimi baxmamalıyıq. Ramiz müəllim bu məsələni müxtəlif problemlər müstəvisində qoyub. Akademik haqlı şəkildə qeyd edir ki, bu gün ölkəmizdə aparıcı kadr problemi var. Belə aparıcı çox əhatəli və hərtərəfli biliyə malik olmalıdır.

Məlahət Həsənova:

- Qərar gəldik ki, hərbi hissələr gedəndə hər bir əsgər üçün apardığımız bağlamalara məktub yazılıb qoyulsun. Orta məktəblərin yuxarı sinif şagird və Nəsimi rayonunda yerləşən ali məktəb tələbələrinin yazdıqları iki yüzdən artıq məktubun içərisində sanballı məktub tapa bilmədik. Hamısının eyni məzmunu var idi ki, arzum edirəm sağ-salamat qayıdın. Hamımız övladın nə demək olduğunu bilirik və istəyirik ki, övldımız sağ-salamat olsun. Əsgərlərimizin də öz evlərinə sağ-salamat qayıtması hamımızın arzusudur. Ancaq məktublarda Qarabağ torpaqlarının tezliklə azad olunması arzusu ifadə olunmamışdı. Bu problemlər isə, təhsil müəssisələrindəki vəziyyətdən qaynaqlanır. Təhsildən çox şey asılıdır. Məsələn, avtobus gedərkən əsgəri götürmür ki, pul verməyəcək.
(Ardı var)

Digər xəbərlər