Sarkisyan erməni diasporunun qəzəbinə tuş gəlib
Ermənistan prezidentinin erməni diasporunu öz tərəfinə çəkmək və yeritdiyi siyasətə nüfuz qazandırmaq üçün bu günlərdə erməni diasporunun çoxluq təşkil etdiyi ölkələrə səfər etməsinin də böyük əhəmiyyətə malik olduğunu demək olar.
Serj Sarkisyanın yeritdiyi səmərəsiz və heç bir siyasi norma və dəyərlərə sığmayan siyasəti barədə artıq son günlər ermənilərin özləri də etiraf etməyə başlayıblar. Bunu daha çox xaricdə yaşayan ermənilər və çox nümayişkaranə şəkildə bildirirlər. Ermənistan prezidentinin son günlərdə xarici ölkələrə etdiyi səfərlərdə bunu daha aydın şəkildə görmək olar. Onun bu səfərlərini də əsas məqsədi kimi xaricdə yaşayan diasporanı onun siyasətinə qarşı nümayiş etdirdiyi mövqeni yumşaltmaq məqsədi güddüyü də bildirilir. Serj Sarkisyanın Fransa və ABŞ-a səfərləri zamanı onun erməni diasporu tərəfindən böyük narazıçılıqla qarşılanması Serj Sarkisyana qarşı olan mənfi münasibətdən xəbər vermiş olur. Diaspora tərəfindən S.Sarkisyanın yeritdiyi siyasətə qarşı olan mənfi münasibətin isə əsasında Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması dayanır. Erməni diasporasının öz mövqelərində hər zaman Türkiyə əleyhinə böyük bir təbliğat kampaniyası keçirməsini nəzərə alsaq, onların bu etirazlarını da haqlı saymaq olar. Məlum olduğu kimi, illərdir erməni diasporu istər ABŞ-da, istərsə də, Fransada öz fəaliyyətlərini yalnız qondarma erməni soyqırımının tanıdılması istiqamətində qurmuşlar. Onlar bunun üçün hər bir vasitəyə əl atmış, hətta ABŞ-da prezidentin belə buna münasibətinin dəyişməsi üçün ona təsir göstərməyə çalışmışlar. İndi isə birdən-birə Ermənistan dövlətinin Türkiyə ilə sərhədləri açması, onunla qarşılıqlı münasibətləri normallaşdırması və qondarma erməni soyqırımının isə bu məsələdə arxa planda qalması diasporanı narahat etməyə bilməz. Onlar bu məsələnin həll olunacağı təqdirdə, Ermənistanın heç bir üstünlük qazanmayacağını, əksinə, itirən tərəf olacağını bildirirlər.
Buna bənzər narazılıqlar təkcə diaspora tərəfindən deyil, bundan bir müddət öncə, erməni ictimaiyyəti, erməni parlamenti tərəfindən də öz əksini tapmağa başlamışdı. Xatırladaq ki, parlamentdə bu mövzuda keçirilən müzakirələrdə böyük qalmaqal yaşanmış, məsələ deputatlar tərəfindən etirazlara səbəb olmuşdu.
Göründüyü kimi, Ermənistanda sərhədlərin açılması ilə bağlı vəziyyət heç də müsbət deyil və buna qarşı etirzlar davam etməkdədir. Ermənistan prezidenti S.Sarkisyan da bütün bunları çox aydın şəkildə müşahidə etməkdədir. Lakin onun bu etirazlara qarşı cavab reaksiyasının nədən ibarət olacağını da güman etmək çətin deyil. Əlbəttə ki, S.Sarkisyan ona qarşı olan etirazların qarşısında acizdir lakin geriyə dönüş olmadığını da yaxşı bilir. Əgər xalqın tələblərinə cavab verərək, sərhədlərin açılmasından üz döndərərsə, onu hansı çətinliklərin də gözlədiyini yaxşı bilir. O, bu sərhədlərin açılmasından sonra Ermənistanın əldə edəcəyi üstünlükləri də nəzərə alaraq ələ düşmüş imkanı dəyərləndirmək istəyir. Əks-təqdirdə, onu və ümumilikdə, erməni dövlətini gözləyən iqtisadi və sosial böhranın daha da dərinləşəcəyi istisna edilmir. Hər halda Ermənistan dövləti əvvəlki kimi xarici kreditləri və maliyyə yardımlarını almayacağı da bəllidir. Bütün bunları nəzərə alaraq, demək olar ki, bütün etirazlara baxmayaraq, Ermənistan rəhbərliyi öz mövqeiyndən geri çəkilməyəcək.