PDF Oxu

Əsas

  • 11

Rövnəq Abdullayev ABŞ nümayəndə heyəti ilə görüşüb

Rövnəq Abdullayev ABŞ nümayəndə heyəti ilə görüşüb
ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, qonaqları səmimi salamlayan ARDNŞ prezidenti Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini bildirib. O, ABŞ administrasiyasının Azərbaycanda həyata keçirilən enerji layihələrinin gerçəkləşməsinə həmişə dəstək verdiyini minnətdarlıq hissi ilə qeyd edib və bu dəstəyi yüksək qiymətləndirib.
Vaxt tapıb rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüyü üçün ARDNŞ prezidentinə təşəkkür edən ABŞ-ın Energetika məsələləri üzrə Katibinin müavini Daniel Poneman ötən ay Azərbaycanda "Əsrin müqaviləsi"nin 15-ci ildönümü ilə əlaqədar bayram təntənələrinin keçirildiyini xatırlayaraq, bu tarixi saziş çərçivəsində həyata keçirilən layihələrin ABŞ və Azərbaycan üçün qarşılıqlı strateji maraq kəsb etdiyini vurğulayıb.
Son 15 ildə Azərbaycanda həyata keçirilən enerji layihələrindən ətraflı söz açan ARDNŞ prezidenti R. Abdullayev ölkənin neft-qaz ixracı marşrutlarının diversifikasiyasına nail olunduğunu xüsusi vurğulayıb. O, Azərbaycanda güclü neft-qaz infrastrukturunun yaradıldığını və hazırda Xəzərdə hasil olunan enerji daşıyıcılarının Avropa bazarına çıxarılması üçün heç bir texniki problemin qalmadığını nəzərə çatdırıb.
Bu günlərdə Azərbaycan və Qazaxıstan Prezidentlərinin iştirakı ilə ARDNŞ və KazMunayQaz arasında imzalanan sənədlərə toxunan R.Abdullayev başlanan prosesin uğurla sona çatdırılacağına əmin olduğunu bildirib.
Amerikalı qonaq Azərbaycan-Qazaxıstan Xəzər Nəqliyyat Dəhlizinin yaradılması istiqamətində göstərilən səylərin öz ölkəsində müsbət qiymətləndirildiyini deyib. Avropaya enerji nəqlinin həyata keçirilməsi məqsədi daşıyan Cənub Enerji Dəhlizinin genişləndirilməsi layihəsinə ABŞ-da mühüm əhəmiyyət verildiyini vurğulayan cənab Daniel Poneman bu istiqamətdə region ölkələri arasında aparılan danışıqların gedişi ilə maraqlanıb.
Cənub Enerji Dəhlizi layihəsinin Azərbaycan tərəfindən dəstəkləndiyini, "Şahdəniz" layihəsinin bu baxımdan mühüm əhəmiyyət daşıdığını söyləyən ARDNŞ prezidenti Türkiyə və Türkmənistanla danışıqların mövcud durumu haqqında qonaqlara məlumat verib. Daniel Poneman məlumat üçün ARDNŞ prezidentinə təşəkkürünü bildirib.
O söyləyib ki, ABŞ bundan sonra da Cənub Enerji Dəhlizinin genişləndirilməsi layihəsinin reallaşdırılması üçün lazım olan bütün köməyi göstərməyə hazırdır.
Görüşdə Azərbaycan qazının Avropaya tranziti məsələləri müzakirə olunub, Avropanın enerji təminatına dair ətraflı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər