Müasir dövrün demokratik tələbləri sırasında müstəqil mətbuatın formalaşması və inkişaf etdirilməsi önəmli yerlərdə durur. Bu da, onunla bağlıdır ki, ictimaiyyətin informasiya əldə etməsi və cəmiyyətdə gedən demokratik proseslərdən məlumat əldə etməsi, xüsusilə də, yazılı KİV-in üzərinə düşür. Bəzi ölkələrdə KİV-in mövqeyi ictimai rəyin istənilən formada dəyişməsinə təsir edir. Türkiyədə, Fransada, İsveçrədə və digər ölkələrdə mətbuatın müstəsna gücə malik olması danılmaz faktdır. Azərbaycanda da mətbuat yenicə formalaşmağa başlasa da, Cənubi Qafqazın ən inkişaf edən mətbuatına çevrilib. Bunun da səbəbi mətbuata dövlət qayğısının yüksək olmasıdır. Ulu öndərimiz Heydər Əliyev daim mətbuatın inkişafına diqqət və qayğı göstərmiş, qəzetlərin texniki avadanlıqlarla təchiz olunmasına xüsusi önəm vermişdir. Məhz 1998-ci il avqustun 6-da ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə mətbuata tətbiq olunan senzura aradan qaldırılmışdı. Dahi öndərimiz mətbuata diqqəti və onun problemlərinin həllini dövlət quruculuğunun tərkib hissəsi hesab etmişdir. Bu nəcib, müdrik siyasəti bu gün ölkə başçısı İlham Əliyev böyük uğurla davam etdirməkdədir.
(Əvvəli ötən sayımızda)
Prezident yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması məhz ölkə başçısı cənab İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğının göstəricisidir. Müstəqil Azərbaycan tarixində, ilk dəfə olaraq, KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu bir sıra qəzet və agentliklərə müxtəlif sahələri ahətə edən layihələrini həyata keçirmək üçün maliyyə dəstəyi göstərib. Səs İnformasiya Agentiliyi də keçirilən müsabiqənin qalibləri sırasındadır. Agentliyin "KİV nümayəndələri və dövlət strukturlarının qarşılıqlı faydalı əməkdaşlığına yardım" mövzusunda keçirdiyi layihə ictimai marağa səbəb olmaqdadır. Çünki layihənin təqdimetmə mərasimindən sonra agentliyə ünvanlanan məktublar və telefon zəngləri də ictimai marağın bu layihəyə münasibətinin yüksək olduğunu deməyə əsas verir. SİA növbəti dəfə layihə ilə bağlı dəyirmi masa keçirdi.
Dəyirmi masada Mətbuat Şurası İdarə Heyətinin üzvü və sədr müavini, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə, Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun prezidenti Rauf Zeyni, "Səs" İnformasiya Agentliyinin icraçı direktoru Vəli Vəliyev, Qaradağ rayon icra hakimiyyətinin şöbə müdiri Munis Bayramov, Səbail rayon icra hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov, "Azad Azərbaycan" qəzetinin baş redaktoru Asəf Abbasov, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "Ekspress" qəzetinin baş redaktoru Qəzənfər Bayramov, AzərTac Dövlət İnformasiya Agentliyinin aparıcı müxbiri Vüqar Ağayev, "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin sədri Həsən Qarayev iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan SİA-nın əməkdaşı dövlət-mətbuat münasibətlərindən geniş və ətraflı məlumat verdi və müzakirələrin də bu istiqamətdə aparılmasının vacibliyini söylədi.
Rauf Zeyni:
- QHT-lər dövlət orqanları ilə münasibət qurmaqda mediadan da maraqlıdır. Çünki QHT dövlət orqanlarından, müvafiq nazirliklərdən və s. qurumlardan lazımi məlumatları ala bilməsələr, öz işlərini qura bilməzlər. Təşkilatlar bu və ya digər layihələr, proqram həyata keçirirsə, həmin orqanlardan məlumat almaqda maraqlıdır. Necə dövlət orqanlarının müasir səviyyədə, beynəlxalq standartlara uyğun inkişafında maraqlıyıqsa, eyni zamanda, KİV-in də beynəlxalq standartlara uyğun inkişafında maraqlıyıq. Sivil münasibətlər yüksək və peşəkar qurulsa, qeyd olunan problemlər aradan götürülər. Deyə bilmərik ki, Azərbaycan olaraq biz bir yerdə dayanmışıq. Dövlət səviyyəsində dövlət strukturlarının inkişaf prosesi gedir. Bu gün əgər "Vaşinqton Post" kağız versiyasını dayandırırsa, ancaq elektron versiyası fəaliyyət göstərirsə, artıq informasiyaları alıb, onlar haqqında düşünməliyik. Əgər bu gün Rusiya statistikada elan edirsə ki, Moskva əhalisinin 24 faizi ruslar, 14 faizi azərbaycanlılar, 9 faizi tatarlar, 8 faizi ukraynlar və digər xalqlardırsa, biz artıq bu informasiyaları qəbul eməliyik. Həmçinin, işimizi elə qurmalıyıq ki, gələcəkdə bu infomasiyalardan bəhrələnib öz istiqamətimizi düzgün müəyyən edə bilək. O cümlədən, KİV-lər, media və dövlət qurumları gedən prosesləri çox diqqətlə izləyir. Müşahidə etdiyimiz saytlardan biri "iformasiya.az"-dır. Dövlət orqanlarının orada saytları haqqında bu və ya digər məlumatları izləyirik. Baxırıq ki, hansı nazirlik, qurum, komitə buna necə reaksiya verir. Elə dövlət orqanları, nazirlikləri var ki, onlar öz saytlarına edilən təklif və dəyişikliklərə dərhal reaksiya verir, düzəliş edib, sivil səviyyədə qurur. Son dövrlərdə bir neçə nazirliyin illik hesabatlarının orada yerləşdirilməsini müşahidə edirik. Bu, çox böyük irəliləyişdir. Əvvələr Dövlət Neft Fondundan başqa heç bir nazirlik öz sayıtında illik hesabatlarını yerləşdirmirdi. Bu da KİV-lərdə infomasiya almaq üçün çətinlik yaradırdı. Qeyd olunan problemlər də mövcuddur. Mətbuatdan QHT-lərə müəyyən informasiyalar daxil olur ki, müvfiq nazirlik və qurumlardan lazım olan informasiyanı vaxtlı-vaxtında almaq olmur. Amma düşünürəm ki, bu istiqamətdə də artıq müəyyən irəliləyiş var. Əvvələr aylarla bir məktuba cavab verilmirdi. İndi isə, bütün orqanlarda maarifləndirmə işləri aparılır. Həm QHT-lər tərəfindən, həm də medianın apardığı genişmiqyaslı işlərin nəticəsi olaraq, artıq dövlət orqanlarında çalışanların böyük əksəriyyəti sivil, maariflənmiş, öz vəzifə səlahiyyətlərini bilən insanlar kimi bu məsələləri yerinə yetirilər.
2000-2003-cü illərdə regionlarda yerli QHT-ləri qurmağa gedəndə, bizi hökumət əleyhdarları kimi qəbul edirdilər. Bəzi rayonlarda 24 saat vaxt verirdilər ki, rayonu tərk edək. Bu da informasiya azlığından irəli gəlirdi. Bunlar başa düşmürdü ki, keçirlən layihə BMT ilə dövlət birgə işidir. 2000-ci ildə MDB məkanında QHT-lər haqqında qanun, ilk dəfə olaraq, Azərbaycanda qəbul edildi. Bu da çox böyük irəliləyiş idi, həmin vaxt məmurlar buna çox böyük təkan vermişdi. Moskvada olanda, ruslar bizə şikayət edirdi ki, Dumada deputatlarımıza bu barədə heç nə izah edə bilmirik. Bizdən xahiş edirdilər ki, həmin qanunu göndərin, onlar görsünlər və başa düşsünlər ki, QHT dünyada qəbul olunmuş termindir. Onu da qeyd edim ki, QHT BMT terminalogiyasında qəbul olunmuş termindir. Biz də isə, 1993-cü ildə ictimai birliklər haqqında qanun var idi. İndi də qanunda QHT, ictimai birlik və fondlar haqqında qanun yazılıb. Azərbaycan mentalitetinə, mənəviyyatına uyğun olaraq ictimai birlik adlandırırıq. Ancaq dünya terminologiyasına daxil olduğumuz üçün mütləq QHT olmalıdır.
Vüqar Ağayev:
- Azərbaycan Dövlət Teleqraf Agentliyinin dövlət təşkilatları ilə heç bir probemi olmayıb. Bugünkü müzakirədə müəyyən mücərəddlik var. Dövlət və mətbuat münasibətləri. Yəni, burada dövlətin, eləcə də mətbuatın qarşılıqlı və birgə maraqları toqquşur. Dövlət öz fəaliyyəti haqqında informasiyanı cəmiyyətə çatdırmaqda maraqlıdır. O, nə iş görür, xalq üçün nə edir. Bu informasiyaları, birinci növbədə, KİV xalqa çatdırır. Mətbuatda bu informasiyanı dövlətdən almaqda maraqlıdır. Çünki onun fəaliyyəti məhz informasiyanın yayılmasının üzərində qurulur. Bu mənada, qarşılıqlı maraqlar, həqiqətən də, Azərbaycanda çox yüksək səviyyədə təmin olunur. Onu da qeyd edim ki, dövlət və hakimiyyət başqadır, icra strukturları başqadır. Gəlin onları qarışdırmayaq. Eyni zamanda, dövlətin ümumi siyasəti ilə hansısa məmurun, icra strukturunda çalışan şəxsin hansısa məsələnin mövqeyində qarışdırmayaq. Hansısa məmurun öz yerində olmaması, hansısa informasiyanı gizlətməsi, bu, heç də dövlətin siyasətinin istiqaməti deyil. Dövlətin siyasətinin məqsədi deyil. Əksinə, Azərbaycan dövləti öz fəaliyyəti haqqında informasiyanın yayılmasında maraqlıdır. Agentlik kimi biz informasiyanı yalnız ölkə daxilində deyil, eyni zamanda, beynəlxalq aləmdə, dünyada beynəlxalq agentliklər vasitəsilə yayılmasının təşkilində birbaşa iştirak edirik. Burada qeyd etdiyim kimi, qarşılıqlı və birgə maraqlar var. Azərbaycan mətbuatında çalışan şəxslər ilk növbədə dövlətçilik tariximizdən başlamalıdır. Yəni, keçmiş dövrü kənara qoysaq, bu dövlətin cəmi 17 yaşı var. Bu yaşda olan dövlət əgər bu addımları atırsa, belə addımlar ancaq təbliğ olunmağa layiqdir.
Ulu öndərimiz Heydər Əliyev KİV nümayəndələrini qəbul edəndə, fərq qoymurdu. İstər müxalifət, istər müstəqil, istərsə də iqtidar mətbuatına doğma yanaşırdı. O, mətbuatın inkişafı üçün bütün imkanları yaradırdı. Eyni zamanda, bu siyasət bu gün davam edir. İstər fondun yaradılması, istərsə də müəyyən layihələrin həyata keçməsi buna əyani sübutdur.
Vəli Vəliyev:
- SİA-nın layihəsi KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqənin qalibləri sırasındadır. Bizim oraya təqdi etdiyimiz layihənin əsas mövzusu da burada hər birimizin münasibət bildirdiyi məsələdir. KİV nümayəndələri və dövlət strukturlarının qarşılıqlı-faydalı əməkdaşlığının yardım məsələsidir. Bu, nəinki bizim məsələmizdir, bu cəmiyyətdən gələn sifarişdir. Yəni, cəmiyyətdə mətbuatla dövlət strukturları arasında fikir ayrılığı yaranır. O nöqteyi-nəzərdən mövzunu götürmək də təsadüfi deyil, sırf cəmiyyətin sifarişidir. Ona görə də, bu məsələyə müraciət etmişik. Burada dövlət strukturları ilə KİV-lər arasında münasibətlərdə normallaşma yaranmalıdır. Əgər biz buna azacıq da olsa nail ola bilsək, bu, bizim uğurumuzdur. Onsuz da dövlət strukturları, eləcə də mətbuat öz işindədir. Amma burada qarşılıqlı münasibət qurmaq, hər iki tərəfin arasında yaranmış fikir ayrılığını bir nöqtəyə gətirmək üçün məhz bu layihəni seçmişik. Heç olmasa bu məsələyə təsir etmək imkanımız olsun. Biz demirik ki, bu layihə ilə biz cəmiyyətdəki problemlərin hamısını həll edəcəyik. Bəziləri düşünür ki, bu formal bir şey ola bilər. Bundan sonrakı tədbirlərimizdə iştirak etsəniz, görərsiniz ki, hansı nazirliklər mətbuatla əlaqə yaratmaq istəmir, qaçır. Onları bu tədbirlərə cəlb edib, fikir mübadiləsi aparacağıq. Bəlkə bunların söz demək qabiliyyətləri yoxdur. Əgər belə səbəblər olsa, nazirlik onları dəyişmək məcburiyyətində qalardı. Düşünmürəm dövlət strukturunda belə bir məsələ olsun ki, xəbərləri gizlətmək üçün onları vəzifəyə qoysunlar. Sadəcə olaraq, onların söz demək, nə isə izah etmək qabiliyyətləri yoxdur.
(Ardı var)