Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artır
Dünyada baş verən qloballaşma prosesləri şəraitində ölkələrin və xalqların inteqrasiyası baş verir. Texnoloji tərəqqi və nəqliyyatın inkişafi dünyanın nemətlərinin müxtəlif ərazilərə bərabər paylanmasını və yaşam ehtiyaclarının qarşılanmasını təmin edir. Bu mənada son vaxtlar enerji təminatı məsələsi daha böyük önəm daşıyır. Bəşəriyyətin sürətli inkişafı insanları enerjidən asılı duruma gətirib. Dünya enerji mənbələrinin, əsasən, Orta Şərqdə cəmlənməsi fonunda əhalinin daha sıx məskunlaşdığı və energetikaya tələbatın daha çox olduğu Qərbdə enerji təhlükəsizliyi üçün problem yaradır.
Avropa Birliyi ölkələrinin təbii qaz təchizatında Azərbaycan etibarlı tərəfdaşlardan biri kimi mühüm rol oynayır və bu rol getdikcə artır. Xəzər regionundan enerji ixracında Azərbaycanın alternativ variantlara malik olması, xüsusilə, böyük önəm daşıyır.
Müasir dövrdə Avropa qitəsində əsas yanacaq növü kimi qəbul edilən təbii qaza tələbat sürətlə artır. Bu baxımdan, Avropada enerji təhlükəsizliyi problemi strateji əhəmiyyət kəsb edir və onun həlli istiqamətində nüfuzlu mütəxəssislər, alimlər və tədqiqatçılar araşdırmalar aparır, müxtəlif variantlar və yollar axtarılır və beləliklə də yeni enerji təhlükəsizliyi sisteminin yaradılmasına səy göstərilir.
Göstərilən amilləri nəzərə alaraq, təbii qaz təminatında etibarlı mənbələr axtaran Avropa qlobal maliyyə böhranına baxmayaraq, "Nabucco" layihəsinin daha tez reallaşmasını ön plana çəkərək onun gerçəkləşməsi üzrə əsas tərəf rolunda Azərbaycana üstünlük verir.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri enerji mənbələrinin şaxələndirilməsi sahəsində regionda tamamilə yeni vəziyyət yaradıb. Hazırda Avropanın alternativ marşrutlarla təbii qazla təmin olunmasında əsas diqqət yenidən Azərbaycana yönəlib.
Avropa Birliyinə daxil olan bir neçə ölkə hələ 2002-ci ildə Mərkəzi Asiyadan Avropaya təbii qaz yanacağı nəql edilməsi məqsədilə boru kəməri xəttinin çəkilməsi barədə məsləhətləşmələrə başlayıb. 2004-cü ildə layihənin ilkin variantı nəzərdən keçirilib və bu zaman həmin xətt öz başlanğıcını İranın qaz yataqlarından götürməli, Fars körfəzindən keçməklə Avropaya qədər uzanmalı idi. Lakin İranda "uranın zənginləşdirilməsi proqramı" ilə bağlı cərəyan edən hadisələr bu marşrutun reallaşmasına maneələr yaradaraq, onun yeni variantda işlənilməsini şərtləndirdi.
2006-cı ilin iyununda "Nabucco layihəsi" imzalanarkən təbii qaz təchizatçısı kimi Azərbaycan əsas diqqət mərkəzində qalaraq, İran, İraq, Türkmənistan və Misir də təchizatçı ölkələr sırasında nəzərdə tutulurdu.
Bir məqamı da qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycanda qaz yataqlarının işlənilməsi və təbii qaz hasilatı sahəsində vəziyyət tamamilə dəyişib. Ölkəmiz öz daxili qaz tələbatını ödəməklə yanaşı, onu dünya bazarlarına idxal edir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycanı, "Əsrin müqaviləsi" kontekstində həyata keçirilən milli neft strategiyasının məntiqi nəticəsi kimi, təkcə neft deyil, həm də qaz ixrac edən ölkəyə çevirib.
Kəşfiyyat-axtarış tədbirləri nəticəsində ölkəmizdə 2 trilyon kubmetr həcmində qaz ehtiyatlarının olması müəyyənləşdirilib. Bu səbəbdən də, Azərbaycan "Nabucco" layihəsində artıq həm təchizatçı, həm də tranzit ölkə hesab olunur.
Təbii qaz yanacağına ciddi ehtiyac duyan Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyə son nəticədə Misirin maye qaz ehtiyatlarının nəql edilməsindəki məlum problemlər, İran və İraq variantları ilə bağlı bəzi geosiyasi amillər nəzərə alınaraq, Rusiyadan yan keçməklə Türkiyə ərazisindən Avropayadək uzanan yeni qaz nəqli marşrutu ideyasını qətiləşdirdi. İki qitəni- Asiya və Avropanı, başqa sözlə desək, iki sivilizasiyanı birləşdirəcək nəhəng qlobal iqtisadi (ticarət), nəqliyyat layihəsi olan "Nabucco" boru kəmərinin yaradılması ideyası beləcə rüşeymləşdi.
Marşrutun seçilməsində Türkiyə amili xüsusilə vurğulanmalıdır. Belə ki, Türkiyənin qazpaylayıcı şəbəkəsi Avropada ən nəhəng sistemdir və buradan kifayət qədər qaz nəql etmək mümkündür. Eyni zamanda, Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən və illik nəqletmə gücü, təxminən, 20 milyard kubmetr olan Bakı-Tbilisi-Ərzurum beynəlxalq boru kəmərinin fəaliyyət göstərməsi toxunulmuş amili daha da aktuallaşdırır.
Nəhayət, 2009-cu il iyulun 13-də ilk mərhələdə Xəzər hövzəsi qazının Avropaya nəql edilməsini nəzərdə tutan "Nabucco" layihəsinə dair Ankarada beynəlxalq müqavilə- hökumətlərarası saziş imzalandı. Beləliklə, artıq haqqında uzun müddət söhbət gedən layihənin gerçəkləşməsi üçün normativ hüquqi baza yaradılıb.
"Əsrin kontraktı" adlandırılan və XXI əsrin ən nəhəng qaz ixrac marşrutlarından biri hesab edilən "Nabucco" layihəsinə aid beynəlxalq sazişi Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə rəsmiləri imzalanıb. İmzalama mərasimində 30-a yaxın ölkənin nümayəndələri, həmçinin, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu da iştirak edib.
Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri olduqca maraqlı və təqdirəlayiqdir: "Azərbaycan həmişə "Nabucco" layihəsini dəstəkləyib. Ümumiyyətlə, "Nabucco" bir layihə kimi Azərbaycandan Türkiyəyə qaz kəmərinin çəkilməsindən sonra ortaya çıxıb. Əgər 1996-cı ildə bp və digər şirkətlərlə "Şahdəniz" qaz yatağının istismarına dair saziş imzalanmasaydı və Azərbaycan partnyorlarla birgə Bakı-Tbilisi-Ərzurum qaz kəmərini tikməsəydi, bu gün "Nabucco" layihəsinə dair sazişin imzalanması mümkün olmazdı. Bu gerçəklik göstərir ki, Azərbaycan "Nabucco"nun təşəbbüskarı olmaqla yanaşı, eləcə də əməldə diversifikasiya və nəql infrastrukturunun yaradılmasını dəstəkləyən ölkədir".
Digər sahələrdə olduğu kimi, enerji əməkdaşlığı sahəsində də Azərbaycanın Avropa Birliyinin etibarlı tərəfdaşına çevrilməsi diqqətəlayiq haldır. Son illərdə neft-qaz sənayesi sahəsində beynəlxalq əməkdaşlıq haqqında Azərbaycanın bağladığı ikitərəfli və çoxtərəfli sazişlər, habelə, dövlətdaxili (milli) qanunların qəbul edilməsi bu sferada münasibətlərin hüquqi tənzimlənməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Məsələn, Azərbaycanla Avropa Birliyi arasında strateji enerji tərəfdaşlığı haqqında Memorandum, Azərbaycan Respublikası və Yunanıstan Respublikası hökuməti arasında təbii qaz və neft sahəsində əməkdaşlıq haqqında Memorandum, Azərbaycan Respublikası ilə Moldova Respublikası hökuməti arasında yanacaq-energetika kompleksi sahəsində əməkdaşlıq haqqında Saziş, "İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı, "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Azərbaycan Respublikasının Qanunu və s.
Göründüyü kimi, "Nabucco" layihəsinin reallaşmasında vacib rol oynayan Azərbaycan təbii qaz sahəsində əməkdaşlıq etmək istəyən digər ölkələrlə də sıx əlaqələr yaradır.
"Nabucco" qaz boru kəməri xəttinin çəkilməsinə 2011-ci ildən başlanılması nəzərdə tutulur. Mütəxəssislərin bu qlobal layihəni ilkin qiymətləndirməsi 8 milyard avro məbləğindədir. Boru kəmərinin ümumi uzunluğu 3.300 kilometr olacaq və onun 1558 kilometrlik hissəsi Türkiyə ərazisindən keçəcək. Xəzər bölgəsindən və Yaxın Şərqdən gələcək qaz xətti Türkiyədən Bolqarıstana (392 kilometr), oradan isə Rumıniyaya (457 kilometr), daha sonra Macarıstana (388 kilometr) keçərək Avstriyanın paytaxtı Vyana şəhərinə (46 kilometr) çatacaq.
Boru kəmərinin inşa edilməsi məqsədilə yaradılmış konsorsiuma Avstriyanın "OMV Gaş GmbH", Türkiyinən "BOTAŞ", Bolqarıstanın "Bulqarqaz", Rumıniyanın "TRANSQAZ S.A.", Macarıstanın "MOL Natural Gaş Transmission Company LTD" və Almaniyanın "RWE AG" şirkətləri daxildir. İştirakçıların hər biri 16,67 faiz paya malikdir.
Layihənin ümumi dəyərinin 30 faizinə pay iştirakçıları əsasında "Nabucco Gas Pipeline international" sərmayə qoyacaq, qalan 70 faiz isə kreditlər hesabına ödəniləcəkdir. Boru kəmərinə ilk mavi yanacağın vurulması 2014-cü ilə nəzərdə tutulur.
Xəttin əvvəlcə Azərbaycan və Türmənistan təbii qazı ilə doldurulması, sonra isə Rusiya, İran, İraq və Misirin də kəmərə qoşulması gözlənilir. Kəmərlə ildə 31 milyard kubmetrə qədər qaz ixracı planlaşdırılır.
Ümumilikdə götürdükdə, "Nabucco" boru kəmərinin bir sıra əhəmiyyətli cəhətlərini (siyasi, sosial-iqtisadi, elmi-texniki və s.) xüsusilə qeyd etmək lazımdır. Belə ki, bu layihənin reallaşması regionda siyasi sabitliyin və təhlükəsizliyin qorunub saxlanılmasında strateji amil kimi mühüm rol oynayır, habelə, region ölkələri arasında beynəlxalq əməkdaşlıq və tərəfdaşlığın qarşılıqlı faydalı prinsiplər əsasında inkişaf etdirilməsinə pozitiv təsir göstərir.
Bu isə, öz növbəsində, region ölkələrinin iqtisadi cəhətdən daha da qüdrətlənməsinə, sosial-iqtisadi durumun və əhalinin rifahının yüksəldilməsinə, ictimai-mədəni əlaqələrin genişləndirilməsinə, turizmin və digər infrastruktur sahələrinin dinamik inkişafına öz töhfəsini verəcək.
Sırf fəlsəfi-hüquqi və elmi kontekstdə yanaşsaq, "Nabucco" layihəsinin gerçəkləşməsi, eyni zamanda, beynəlxalq nəqliyyat hüququnun yeni təşəkkül tapmış subinstitutlarından biri olan beynəlxalq boru kəmər nəqliyyat hüququnun, eləcə də dövlətdaxili (milli) boru kəmər nəqliyyat hüququnun formalaşmasına və inkişafına impulsiv təkan verə bilər.
Təbii ki, layihənin reallaşması mərhələsində boru kəməri nəqliyyatının tikintisi, istismara verilməsi, istifadəsi, profilaktik-təmir işlərinin aparılması, yerin təki, ekologiya, texniki təhlükəsizlik, tranzit nəqletmə və digər münasibətlərin hüquqi cəhətdən tənzimlənməsinə aid beynəlxalq, universal və milli səviyyədə hüquqi sənədlər paketinin işlənib hazırlanması və qəbul edilməsi vacib şərtlərdən biridir.
Hər halda, qeyd edilməlidir ki, ətrafında nə qədər maneələr yaradılsa da, "Nabucco"ya ehtiyac var və Avropanın qaza olan tələbatının getdikcə artacağı haqda proqnozlar fonunda bu layihənin aktuallığı da artır. Bu mənada nəhəng qaz ehtiyatlarına malik Azərbaycan öz enerji ehtiyatlarını Qərbə ixrac etmək üçün daha bir beynəlxalq kanal əldə edəcək ki, bu da, öz növbəsində, ölkəmizin iqtisadi nüfuzunun artmasını şərtləndirəcək.