PDF Oxu

Əsas

  • 15

Son on ildə ictimai-siyasi durum sabitdir

Son on ildə ictimai-siyasi durum sabitdir
"Azərbaycanda son on ildə ictimai-siyasi durum sabitdir. Cəmiyyətin bütün səviyyələrində nizam-intizam bərpa olunub". Bu fikri söyləyən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2009-cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri öncəsi vəziyyətlə bağlı açıqlamasında bildirib. Ə.Həsənov ölkədə sabitliyin hökm sürdüyünü, ictimai-siyasi dairələrin qanunauyğun fəaliyyət göstərdiyini də vurğulayıb. Qeyd edib ki, cari ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri də sabit şəraitdə keçiriləcək: "Ona görə də bələdiyyə seçkiləri sabit yarış şəraitində keçəcək. Bələdiyyələr seçicilərin iradəsinə uyğun olaraq formalaşdırılacaq".
Siyasi partiyaların seçkilərdə iştirakına gəlincə, Ə.Həsənov bütün siyasi qüvvələrin bu prosesdə iştirak edəcəyinə əmin olduğunu deyib: "Çünki seçkilərdə iştirak etməyən partiyaların perspektivini görmürəm. Siyasi partiya vətəndaşların işlərində, bilavasitə, onların yerli seçkilərində iştirakı özünə rəva bilmirsə, onda prezident və parlament seçkilərində hansı üzlə onların qarşına çıxa bilər?"
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ə.Həsənov bu günlərdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi layihələrlə bağlı məsələyə aydınlıq gətirərək bildirib ki, istənilən qurumun fəaliyyətində nöqsanlar olur: "Məxsusi olaraq axtarsanız, istənilən qurumun fəaliyyətində nöqsan tapmaq olar. Amma düşünürəm ki, ilkin təcrübə kimi Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi ilkin layihəni müsbət qiymətləndirmək olar".
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi müsabiqənin nəticələrindən narazılıqlara münasibət bildirən şöbə müdiri belə halların labüd olmasını təəccüblü saymadığını da deyib: "Fond yeni yaranıb, yenicə fəaliyyətə başlayıb. Bəzi çətinliklər mövcuddur. Xüsusən, KİV-in təsnif olunmasında müəyyən problemlər var. Hansı KİV Azərbaycanda, sözün həqiqi mənasında, söz, mətbuat, məlumat fəaliyyəti həyata keçirir, cəmiyyətin şəffaflığını təmin edir, insanları informasiya ilə təmin edir, bunları təsnif etmək açığı müəyyən qədər çətindir. Amma biz quru yerdən başlamamışıq. Azərbaycanda Mətbuat Şurası var, Jurnalistlər Birliyi mövcuddur, ayrı-ayrı KİV-lər neçə illərdir fəaliyyət göstərir. Cəmiyyətdə onların fəaliyyəti ilə bağlı müəyyən məlumatlar mövcuddur".
Ə.Həsənov, həmçinin, müsabiqəyə qoşulub yüksək nəticə əldə etməyən KİV-in olduğunu və onların işlərinə fərdi şəkildə baxıldığını vurğulayıb: "Düşünürük ki, bugünkü narazılar sabah növbəti qrant müsabiqəsində razı qala, bugünkü razılar isə sabah narazı ola bilərlər".
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ə.Həsənov Azərbaycanda səfərdə olan ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ilə görüşü barədə də məlumat verib. Ə.Həsənov qeyd edib ki, görüş zamanı bir çox məsələlərin müzakirə olunduğunu deyib: "Bildirim ki, müzakirə olunan məsələlər arasında M. Haraştini narahat edən məqamlar da oldu. O, iki jurnalistin həbsdə olmasından narahatlığını ifadə etdi. Biz də bu prosesdən rahat olmadığımızı diqqətə çatdırdıq. Amma qeyd etdik ki, qanun qanundur və icra olunur. Biz gələcəkdə Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunması perspektivlərini də müzakirə etdik. Son zamanlar Azərbaycanda diffamasiya sahəsində mövcud vəziyyət müzakirə olundu və normal qiymətləndirildi, lakin bəzi problemlərin də olduğu bildirildi. Onların aradan qaldırılması istiqamətində ATƏT və Avropanın digər institutları ilə əməkdaşlığın gərəkliliyi qeyd olundu".
Ə. Həsənov onu da vurğulayıb ki, ATƏT nümayəndəsi Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasını müsbət qiymətləndirib.

Digər xəbərlər