PDF Oxu

Əsas

  • 14

Qafqaz İslam Ordusunun Azərbaycanda xilaskarlıq missiyası

Qafqaz İslam Ordusunun Azərbaycanda xilaskarlıq missiyası

"Səs" qəzetinin redaksiyasında 15 sentyabr Bakının işğaldan azad olunmasının 91-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Tarixdən bizə məlumdur ki, 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad edib. Şəhər Stepan Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən - "Sentrokaspi diktaturası"ndan təmizləndi. 1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.

(Əvvəli ötən sayımızda)

Tariximizin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və sonrakı mövcudluğunda Bakının azad edilməsi mühüm rol oynamışdır. Çox böyük strateji mövqeyə malik olan Bakıya o dövrdə olan maraq və diqqəti nəzərə alsaq, onun azad edilməsinin də heç də asan olmadığını anlamaq olar. Belə bir tarixi yaşamış Azərbaycan mövcud olan zaman kəsiyində yaşantılarını salnamələr əsasında diqqətdən keçirib. Bu gün həmin hadisədən 91 il ötsə də, Azərbaycan tarixinin müəyyən bir hissəsi olan 15 sentyabrı xatırlamaq zəruri məqamlardandır.
"Səs" qəzetinin təşkil etdiyi dəyirmi masaya ənənəvi olaraq respublikanın tanınmış siyasi xadimləri, politolqları, ziyalıları, o cümlədən, millət vəkili, politoloq Aydın Mirzəzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri Musa Quliyev, BDU-nun professoru, tarix elmləri doktoru Musa Qasımlı, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Asif Rüstəmli, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının geostrateji araşdırmalar mərkəzinin direktor müavini, dosent Elman Nəsirov, ADPU-nun dosenti Nazir Əsədov, ETM "Təfəkkür" Universitetinin professoru, ekspert Cümşüd Nuriyev, tarix elmləri namizədi Nəsiman Yaqublu iştirak edirdilər.

TÜRKİYƏ QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏSƏYDİ, AZƏRBAYCAN HEÇ VAXT ÖZ SƏRHƏDLƏRİ DAXİLİNDƏ MÜSTƏQİLLİYİNİ BƏRPA EDƏ BİLMƏYƏCƏKDİ

Nazir Əsədov:

- 1918-ci ildə Trabzonda Zaqafqaziya xalqları ilə türklər arasında danışıqlar gedirdi. Danışıqlar da Qars, Ərdəhan və Batum ətrafında idi. Gürcülər həmin torpaqların türklərə keçməsi ilə razılaşmırdı. Belə olan təqdirdə, Türkiyə əlverişli bir fürsətin olduğunu görüb hərbi əməliyyatlara başlayır. Onu da deyim ki, burada Türkiyənin ən son məqsədi Azərbaycan idi. Çünki Azərbaycan Türkiyənin ən yaxın müttəfiqi ola bilərdi və yaranmış beynəlxalq vəziyyətdən istifadə edərək turançılıq ideyasını həyata keçirmək olardı. Bu ideyanı həyata keçirmək üçün məhz Azərbaycandan keçmək lazım idi. Lakin burada bir məsələ də, ondan ibarət idi ki, Almaniya Türkiyənin Qafqaza daxil olmasının qəti şəkildə əleyhinə idi. Çünki o da Azərbaycan neftinə şərik olmaq istəyirdi. Lakin Türkiyə Bakının işğaldan azad edilməsinə qədər Almaniyanın Azərbaycana girməsinə icazə vermədi. Hətta Almaniya dövləti də, Türkiyədən Bakıya onların da bir korpusunun girməsi üçün icazə istədiyi zaman belə, türklər buna razı olmadılar. O ki qaldı Türk İslam Ordusuna bu ordunun tarixini izlədikcə heyrətə gəlirsən ki, onların öz torpaqlarının bir hissəsi işğal altında olduğu zamanda belə, Azərbaycan uğrunda vuruşa gəldilər. Doğrudan da, 1918-ci il iyunun 26-da Nuru paşanın başçılığı altında Gəncəyə türk ordularının ilk hissələri daxil oldu. Onlar ilk döyüşlərini bolşeviklərə qarşı Qaraməryəm ətrafında keçirdilər. Burada türklər 200 nəfərə qədər itki verdilər. Bu, Qaraməryəm döyüşü sanki bir dərs oldu. Bundan nəticə çıxararaq, onlar Göyçay döyüşünə hazırlaşdılar. Bu zaman yerli əhalidən də onların qoşunlarına köməyə gəldilər. Onu da qeyd etmək lazımdır ki, Türkiyədən bura göndərilən sonrakı qüvvələr buraya gizli yollarla gəlirdilər. Çünki Almaniya onların buraya göndərilməsinə və ümumiyyətlə, Bakıya girmələrinə icazə vermirdi. Bunun da əsas səbəbi Bakıda bir çox qüvvələrin maraqlarının toqquşması idi. Birinci növbədə bolşeviklər istəyirdilər ki, Bakıda möhkəmlənsinlər və sovet hökumətini qursunlar. Bundan əlavə ingilislərin də burada maraqları var idi. Onlar da Bakını tutmağa cəhd göstərirdilər. Bütün bunlara baxmayaraq, Göyçay döyüşündən sonra Bakıya iki istiqamətdə yürüş təşkil edildi. Türkiyə qoşunları Azərbaycana gəlməsəydi, Azərbaycan heç vaxt öz sərhədləri daxilində müstəqilliyini bərpa edə bilməyəcəydi. Çünki ordumuz yox idi, siyasi qüvvələr arasında pərakəndəlik hökm sürürdü. Azərbaycanın əsas gəlir mənbəyi neft idisə, o da rusların əlində idi.
Qeyd etdiyim kimi, Bakıya iki istiqamətdə yürüş təşkil edilmişdi. Birincisi, şərq istiqamətində Şamaxıdan, ikincisi isə, cənub istiqamətində Kürdəmirdən idi. Həlledici döyüş avqustun 5-də olmalı idi və oldu da. Bu görüşdə Türk İslam Ordusunun məğlub olmasına baxmayaraq, sanki bu döyüş sentyabrın 14-15-də olacaq döyüşlər üçün bir ibrət dərsi oldu. Bu məğlubiyyətin səbəblərini müzakirə etdikdən sonra sentyabrın 14-15-də Bakı üzərinə çox güclü bir yürüş edildi.

BÜTÜN DÜNYA TÜRKLƏRİ, DÜNYA MÜSƏLMANLARI OSMANLIYA MƏNƏVİ VƏ ETNİK BAXIMDAN BAĞLI İDİLƏR

Musa Qasımlı:
- Mən, ilk növbədə, sizə bu dəyirmi masanı təşkil etdiyiniz üçün təşəkkür edirəm. Çünki belə müzakirələrdə insanların tarixi biliyi formalaşır, bəzi faktlar üzə çıxır, məlumatı olmayanlar dəqiq fikirlərə yiyələnirlər. Bu baxımdan belə müzakirələrin keçirilməsi çox əhəmiyyətlidir. Hesab edirəm ki, biz Bakının azad edilməsinə yalnız bir tarixi fakt kimi baxsaq, bu, yalnışlıq olardı. Mütləq Bakının azad edilməsinə bir proses kimi baxmaq lazımdır. O zaman biz baş verənlərin və şəhərin azad edilməsinin əhəmiyyətini dərk edərik. Tarixdən bizə məlumdur ki, 1917-ci ilin fevralında Romanovlar sülaləsi devrildi, müvəqqəti hökumət quruldu. 1917-ci ilin oktyabrında bolşeviklər çevriliş yolu ilə hakimiyyətə gəldilər. Bakıda rəsmi olaraq başda Stepan Şaumyan olmaqla sovet hökuməti quruldu. Mahiyyətinə görə sovet hökuməti anti-Azərbaycan siyasəti yeridirdi. Bakı Sovetinin real qüvvəsi olmadığından daşnak qüvvələrinə arxalanırdı. Bolşevik hökumətinin Brest danışıqlarından sonra - müharibədən çıxdıqdan sonra rus-türk cəbhəsi dağıldı, rus ordusu geri çəkildi. Onlarla birlikdə ermənilər də geri çəkildi. Ordunun qalıqları və silahlar ermənilərin əlinə keçdi. Ermənilər o vaxta qədər Anadoluda və Cənubi Azərbaycan ərazisində törətdiklərini hazırkı Ermənistan ərazisində, Borçalıda və Azərbaycan Respublikasının sərhədləri daxilində həyata keçirdilər. Buna cavab olaraq Antanta ölkələri-ABŞ, Fransa və İngiltərənin Tiflisdəki nümayəndələri həm maddi maliyyə dəstəyi ilə, həm də mənəvi yardımları ilə Tiflisin idarə edilməsi üçün Seymi qurdular. Bu Seym Zaqafqaziyadan seçilən deputatlardan ibarət idi. Həmin hökumətin də məqsədi törədilən qırğınların qarşısını almaq idi. Bu qırğınların da qarşısı alına bilmədi. Bu qırğınların törədilməsinə isə Leninin Qafqazda nümayəndəsi Stepan Şaumyan başçılıq edirdi. Belə bir şəraitdə Qafqazda qırğınların törədilməsinin zirvə nöqtəsi 1918-ci il martın 30-da Bakıda oldu. Bu soyqırımı təkcə Bakıda deyil, Azərbaycanın, demək olar ki, hər yerində törədildi.
Brest sülh müqaviləsindən sonra Osmanlı üçün tamamilə yeni bir şərait yarandı. Bu proseslərin gedişində Osmanlı Qafqazda xeyli dərəcədə möhkəmləndi və bu da əbəs deyildi. Osmanlının müttəfiqləri həmişə onu Mesopotamiya cəbhəsinə doğru yönəldirdilər və istəmirdilər ki, o, Cənubi Qafqazda möhkəmlənsin. Çünki burada yaşayan xalqların əksəriyyəti türklər idi. Həmin dövrdə Cənubi Qafqazda 6 milyon nəfərdən artıq insan yaşayırdısa, onların 3 milyondan çoxu türk idi. Bu, Osmanlının bir üstünlüyü idi.
1918-ci ilin əvvələrindən Seymin daxilində çoxlu ziddiyyətlər var idi. Gürcülərlə ermənilər arasında ixtilaflar var idi. Ermənilərlə azərbaycanlılar arasında ziddiyyət var idi, bu düşmənçiliklər Seymi dağıdırdı. Seymin saxlanması mümkün deyildi. Mayın 26-da gürcülər Seymdən çıxdıqlarını elan etdilər.
1828-ci ildə Azərbaycan bölüşdürüldükdən sonra ölkədə müstəqillik meyili xüsusi ilə üstünlük təşkil edirdi. Bu, özünü maarifçilik hərəkatında da göstərirdi. Onların sırasında Həsən bəy Zərdabi, Əhməd bəy Ağaoğlu, Mirzə Cəlil, Mirzə Fətəli Axundov, Abasqulu Ağa Bakıxanov və başqaları var idi. Bütün bunların hamısı milli şüurun formalaşmasına, milli özünüdərkə, milli muxtariyyətə və nəhayət, milli müstəqilliyə gətirib çıxardı. Azərbaycanın istiqlalı üçün ədəbiyyatçılar, jurnalistlər müstəsna rol oynamışdılar. Avropada bu hərəkatın önündə burjaziya getmişdisə, Azərbaycanda bu sırada maarifçilər idi. Bunun nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini bəyan etdi. Bunun üçün daxildə obyektiv şərtlər var idi. Bunlar isə, ondan ibarət idi ki, müstəqilliyi elan etmək üçün əhali, ərazi və hökumət qurulmalı idi. Azərbycanlılar Cənubi Qafqazda ən böyük əraziyə malik idilər. Əhalinin daha böyük hissəsini azərbaycanlılar təşkil edirdilər. Amma Azərbaycan hökuməti Azərbaycan sərhədləri daxilində deyil, ondan kənarda quruldu. O dövrdə Osmanlı zabitləri Gəncəyə gəldilər. Onların buraya gəlişi ilə Gəncədə sabitlik yaradıldı. Hökumətin buraya köçməsi üçün şərait yaradıldı. Amma Osmanlının buraya gəlməsinin əsasları nə idi? Osmanlının buraya gəlməsinin hüquqi-siyasi və mənəvi əsasları var idi. Mənəvi əsas nədən ibarət idi? Osmanlı həm türklüyün, həm də islamın mərkəzi idi. Bütün dünya türkləri, dünya müsəlmanları Osmanlıya mənəvi və etnik baxımdan bağlı idilər. Onlar belə düşünürdülər ki, Osmanlı onları zülmdən qurtarmalıdır. Dünya müharibəsinin gedişində osmanlılar komitələr yaradaraq, Almaniyaya, Avstriyaya, Bolqarıstana, Macarıstana göndərdilər. Onların içərisində iki nəfər azərbaycanlı Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu var idi.
1918-ci ildə Osmanlıya Rusiya ilə öz arasında bufer dövlətlər yaratmaq lazım idi. Bugünkü Ermənistan mövcudluğuna görə iki xalqa minnətdardır. Biri Osmanlıya, biri də Azərbaycana. Bunu tarixi sənədlər də sübut edir. Nuru Paşanın Bakıya gəlməsinin hüquqi-siyasi əsasları da var idi. 1918-ci il iyunun 4-də Batumda Osmanlı ilə Azərbaycan arasında imzalanan müqaviləni Azərbaycan tərəfdən Məmmədəmin Rəsulzadə və Məhəmmədhəsən Hacınski imzalamışdır. Müqavilədə deyilirdi ki, Azərbaycan hökuməti daxili təhlükəsizliyi təmin etməkdən ötrü yardıma ehtiyacı olarsa, Osmanlı hökuməti ona yardım göstərəcək. Azərbaycan hökuməti bu dövrdə rəsmi olaraq Osmanlıya müraciət etdi. Buradan belə bir sual ortaya çıxır: osmanlının burada maraqları var idimi, yoxsa yox? Heç şübhəsiz ki, Birinci Dünya müharibəsinin son mərhələsində Qafqazda və Yaxın Şərqdə iki neft mənbəyi uğrunda mübarizə gedirdi. Onlardan biri Mosul, digəri isə Bakı idi. Artıq Mosul neftindən Osmanlının əli çıxmışdı. Bundan sonra onlar cənuba üz tutdular. Osmanlının bu regionda neft maraqları var idi. Bu, həm də iqtisadi-hərbi-strateji maraqlar idi. Neft kimin əlində olacaqdısa, qələbə də onun olacaqdı. Neft uğrunda isə Rusiya müharibədən çıxdıqdan sonra Antanta ölkələri mübarizə aparmağa başladılar. 1918-ci ilin əvvəlində ingilislər Denstervilli Mesopotamiya cəbhəsindən Bakıya göndərmək istədilər, lakin iqlim şəraiti buna imkan vermədi. Fransızlar və amerikanların isə əsas maraqları iqtisadi maraqlar idi. Almaniya ilə Osmanlı neft barəsində müttəfiq idilər, lakin Almaniya Osmanlının Bakıya tək girməsində maraqlı deyildi. Çünki o zaman deyilirdi ki, Bakı Mərkəzi Asiyaya açılan qapı idi. Kim Bakıya sahib olsa, Mərkəzi Asiyaya açılan yola da sahib olacaq, Xəzərə nəzarəti ələ keçirəcək, bütün Qafqaza nəzarətə sahib olacaq. Deməli, dünyanın mərkəzinə gedən yol Azərbaycandan keçir. Belə şəraitdə vəziyyət kəskinləşdi və türk ordusu Azərbaycana gəldi. Bu ordunun adının Qafqaz İslam Ordusu qoyulmasının səbəbini isə Osmanlı həm hərbi, həm də diplomatik cəhətdən əsaslandırdı. Hərbi cəhətdən osmanlılar belə hesab edirdilər ki, əgər bu ordunun adı türk ordusu qalarsa, gedib Bakını azad etdikdən sonra, deyəcəklər ki, türk ordusu Bakını işğal etdi. Amma ordunun adı Qafqaz İslam Ordusu qoyulduqdan sonra onun başında türk zabitlər dayandı və yerli əhalidən də orduya qatıldılar. Yerli əhalinin orduya qatılmasında isə problemlər var idi. Çarizm bizi işğal etdikdən sonra azərbaycanlılar orduya çağrılmırdı. Birinci Dünya müharibəsinin gedişində azərbaycanlılar könüllü olaraq orduya getdilər. Azərbaycan Milli Ordusunun nüvəsini də elə bunlar təşkil etdilər. Məhz bu ordu Qafqaz İslam Ordusu adlandırıldı. Həmin dövrdə Gəncədə bizim ilk hərbi məktəbimiz açıldı. Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski kimi hərbçilər bu işdə mühüm rol oynayırdılar. Türk ordusu sentyabrın 15-də Bakını işğaldan azad etdi. Bu dövrə qədər isə Bakıda nə proseslər baş verirdi? Türk ordusunun hücumları qarşısında hökumət pis vəziyyətə düşmüşdü. Şaumyan başda olmaqla, sovet hökuməti görürdü ki, Bakını qoruyub saxlamaq mümkün olmayacaq. Bu zaman onlar Bakını qorumaq üçün ingilisləri buraya dəvət etdilər. Lenin ingilislərin Bakıya dəvət olunmasının qəti şəkildə əleyhinə idi. Çünki İngiltərə qocaman bir müsəlman imperatorluğunu yaratmışdı, Şərqi yaxşı bilirdi və ona görə də, Lenin başa düşürdü ki, ingilislər Bakını tutsalar, onu əldən verməyəcəklər. Ona görə səsvermə keçirildi və hakimiyyət devrildi, Sentrokaspi diktaturası hakimiyyətə gəldi. Sentrokaspinin adı diktatura olsa da, koalisyon bir hökumət idi. Müxtəlif siyasi partiyaların nümayəndələrindən ibarət idi. Burada əsas yeri daşnaklar və ermənilər tuturdu. Sentrokaspi diktaturası Denstervilli Bakıya dəvət etdi. Avqustun 4-də ingilis qüvvələri Bakıya gəldilər. Denstervill gələndə ermənilərə və çarizmin müstəmləkə siyasəti nəticəsində yerləşdirilmiş xalqlara güvənirdi. Amma Denstervilli gördü ki, ermənilər döyüşmək belə istəmirlər. O öz xatirələrində yazırdı ki, mən ermənilərə arxalanmaq istəyirdim, lakin onlar xəyanətkar və satqın çıxdılar. Denstervilli görürdü ki, Bakını əldə saxlamaq mümkün deyil. Bakının coğrafi mövqeyini ondan ibarət idi ki, Bakının bütün iqtisadi təminatı onun ətrafından asılı idi. Bakının ətrafı isə türk ordusu tərəfindən tutulduğundan Bakıda vəziyyət çətinləşdi. Xalq isə türklərin gəlməsini istəyirdi. Belə vəziyyətdə Sentrokaspi diktaturası pis vəziyyətə düşdü. Onlar şəhərdən çıxıb qaçmağa başladılar. Türk ordusunun topçuları arxiv sənədlərində də göstərildiyi kimi çox peşəkar idilər və onların hücumu zamanı Bakıda heç bir memarlıq abidəsinə zərər dəymədi. Bakı azad olunduqdan sonra Bakıdakı qoçuların bir qismi 1918-ci ilin martındakı soyqırımın əvəzini çıxdılar. Amma Qafqaz ordusu Bakıya gəldikdən bir neçə gün sonra şəhərdə sabitlik yarandı. Onlar bəyan etdilər ki, şəhərdə dinindən, irqindən, cinsindən, milliyyətindən asılı olmayaraq, hər kəsin hüququ birdir. Hər kəsin malı-mülkü, can təhlükəsizliyi qorunacaq. Hər kəs silahları təhvil verməyə başladı.
Bakının azad olunması, sadəcə, bir şəhərin azad olunması deyildi. Bakı bədəndə olan bir baş idi. Bu, bütün müsəlman dünyasına təsir edən bir vasitə idi. Bakı azad olmaqla Azərbaycan Xəzərdə üstünlük qazandı.

(Ardı var)

Digər xəbərlər