PDF Oxu

Əsas

  • 8

Dövlətin təhsil siyasətinin uğurlu nəticələri

Dövlətin təhsil siyasətinin uğurlu nəticələri
"Gülüstan" sarayında keçirilən respublika müəllimlərinin sentyabr konfransında ötən dərs ilində əldə olunan uğurlar, həlli vacib problemlər, qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparıldı. İlk öncə konfrans iştirakçıları foyedə təşkil olunmuş kitab sərgisi təhsilin inkişaf istiqamətlərinin uğurlu olduğunu nümayiş etdirirdi. Dövlət himni səsləndikdən sonra əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlətin təhsil siyasətini əks etdirən videoçarxın nümayişi bu sahənin inkişafı üçün qəbul olunan dövlət proqramlarının tətbiqi, aparılan islahatlar barədə əyani təsəvvür yaratdı.
Konfransı giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov "2008-2009-cu dərs ilinin yekunları və 2009-2010-cu dərs ilində qarşıda duran vəzifələr" adlı geniş məruzə ilə çıxış etdi. M.Mərdanov çıxışı zaman ictimaiyyət arasında böyük nüfuza malik müəllimlərin, pedaqoji kollektivlərin gördüyü işlərdən danışdı. Ümummilli lider Heydər Əliyevin "Azərbaycanda müəllim adına daim hörmət olmuşdur" sözlərini xatırlatmaqla pedaqoqların cəmiyyətin formalaşması, ziyalı potensialının zənginləşməsi üçün çəkdiyi zəhmətin daim yüksək qiymətləndirildiyini diqqətə çatdıran təhsil naziri Prezident İlham Əliyevin son illərdə elmə, məktəbə göstərdiyi qayğının real həyatda təsdiqini tapmasını dövlət başçısının bu sözləri ilə bir daha yada saldı: "Azərbaycan zəngin, təbii neft-qaz yataqlarına malikdir. Amma təbii sərvətlər gec-tez tükənəcəkdir. Bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını təmin edəcək uzun illər bundan sonra da. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkələrin inkişafında aparıcı rol oynayan neft-qaz deyil, bilikdir."
M.Mərdanov onu da bildirdi ki, ölkə təhsilinin inkişafı üçün maraqlı layihələr həyata keçirən "Yeniləşən Azərbaycana - Yeni məktəb" Proqramı çərçivəsində məktəb tikintisinə diqqəti artıran Heydər Əliyev Fondu, fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlər yüksək qiymətləndirildi. Vurğuladı ki, elmi-texniki tərəqqi əsri olan XXI yüzillikdə yeni texnologiyaların tətbiqi ilə dünya təhsil sisteminə inteqrasiyaya üstünlük verən Azərbaycan təhsilinin bugünkü nailiyyətləri isə sevindiricidir.
M.Mərdanov ötən ildə təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verdi. Qeyd etdi ki, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması, ictimaiyyət tərəfindən razılıqla qarşılanan, Prezident İlham Əliyevin sərəncamına uyğun ilin ən yaxşı 50 məktəb və 100 müəlliminin seçilməsi üçün müsabiqələrin keçirilməsi, informasiya texnologiyalarının tətbiqi, kadr hazırlığı və ucqar məktəblərdə ehtiyac duyulan fənlər üzrə müəllimlərin yerləşdirilməsi kimi təşəbbüsləri təhsilə qayğı kimi qiymətləndirildi. Ən yaddaqalan hadisə isə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda dünyada savadlılığın dəstəklənməsi üzrə YUNESKO-nun regional, İSESKO ilə birlikdə islam ölkələri ali təhsil və elmi-tədqiqat nazirlərinin iştirakı ilə keçirilən konfranslar, Azərbaycan müəllimlərinin XIII qurultayı, ən başlıcası isə illərdən bəri müzakirə olunan "Təhsil haqqında" Qanunun qəbulu respublikada təhsilin inkişafına dəstək kimi dəyərləndirildi. "2008-2009-cu tədris ilində təhsilin inkişafına dövlət büdcəsindən ayırmalarda diqqətçəkən artımlar (238 milyon manat) da deyilənlərin əyani subutudur. Bu fərq investisiyaların tətbiqində də hiss olunur. 2008-ci ildə 220 milyon manat sərmayə ayrılıb. Cari dərs ilindən isə təhsil sahəsinə 60 milyon manat investisiya yönəldiləcək. Müəllimlərin orta əmək haqqı 268 manatdan artıqdır. Məktəbəqədər tərbiyə müəssisələrində, texniki -peşə, orta -ixtisas, ali məktəblərdə hər nəfər üçün ayrılan dövlət vəsaiti də artırılıb.
Təhsil naziri ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaradıldığını vurğulayaraq bildirdi ki, son illər respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərin, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi dövlət başçısının təhsilə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil sahəsində həyata keçirilmiş islahatların əsas istiqamətlərindən söz açan nazir uşaq-tərbiyə müəssisələrinin fəaliyyətindən bəhs edərək 2007-2010-cu illəri əhatə edən "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"nı, sənəddə dünya təcrübəsinə uyğun olaraq 5 yaşlı uşaqların icbari təhsilə cəlb olunmasının əhəmiyyətini vurğuladı. Qeyd olundu ki, bu il 320 yerlik iki uşaq bağçası inşa edilmiş, paytaxtda 20, Sumqayıt şəhərində isə 1 uşaq bağçası əsaslı təmir olunmuşdur. Yeni dərs ilində 16 məktəbəqədər tərbiyə müəssisəsi istifadəyə veriləcəkdir. Son 20 ildə ilk dəfə olaraq 37 adda əyani, illüstrativ təlim vəsaitləri hazırlanaraq uşaq bağçalarına çatdırılıbdır.
Həmçinin, təhsilin əsas mərhələsi olan orta məktəblərdə həyata keçirilən islahatlar, məktəb tikintisi barədə məlumat verildi. Qeyd olundu ki, ötən tədris ilində ümumilikdə 179 yeni məktəb binası, 42 məktəbdə isə 15 min yerlik əlavə korpuslar tikilərək istifadəyə verilibdir. Bununla yanaşı, 118 məktəb binası əsaslı təmir olunmuş, 293 məktəbin istilik sistemi bərpa edilibdir. Bütün bunlar dövlət başçısı İlham Əliyevin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər" tələbinin yerinə yetirilməsinin real nəticələridir. Nazir məktəblərin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişafı məsələlərindən danışaraq, Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etdi. Bildirildi ki, hər il yüzlərlə şagird fondun təşəbbüsü ilə inşa edilən, sinif otaqları ən müsir avadanlıq və kompüterlərlə təchiz olunmuş məktəblərdə təhsillərini davam etdirirlər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, təhsilin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan "Yeniləşən Azərbaycana-Yeni məktəb" layihəsi əsasında 280-dən artıq məktəb binası tikilibdir: "İkinci mərhələsi başlanan bu layihə sayəsində yüzlərlə məktəb yenidən bərpa olunmuşdur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər yeni dərs ilinin əvvəlində birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması artıq ənənəyə çevrilibdir. 2004-cü ildən başlayaraq fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan uşaqları, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı yeni tədris ilində dərs vəsaitləri ilə təmin edir. Rusiya Federasiyası, Hollandiya, Türkiyə və Rumıniyada yaşayan məktəbli soydaşlarımız da bu qayğıdan bəhrələnirlər. Elm və təhsil sahəsinə qrantların ayrılmasında, xüsusi istedadı ilə seçilən şagirdlərə, tələbələrə və alimlərə təqaüdlərin verilməsinə diqqətlə yanaşan fondun prezidenti, Mehriban xanım Əliyevanın ideyaları ilə gerçəkləşən hər bir işin təməlində insanlara olan sevgi hiss olunur".
Konfransda Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda iştirakı, qazanılan uğurlar, xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı naminə görülən işlər, vahid məktəbli formasının tətbiqi barədə də danışıldı. Nazir məktəb həyatında önəmli prioritet olan dərsliklər, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması mexanizmi ilə bağlı məsələlərə də aydınlıq gətirdi: "Son illərdə bu sahəyə xüsusi diqqət yetirilir. Ötən il 4 milyondan çox dərslik çap edilərək şagirdlərə pulsuz paylanmışdır. 2009-2010-cu tədris ilində isə 4 milyon 256 min dərs vəsaiti çap edilərək şagirdlərə çatdırılacaqdır. Səmərəli islahat kimi birinci sinif şagirdləri üçün dərsliklər yeni kurrikulum əsasında çap edilmişdir. Ötən il ilk dəfə olaraq, Heydər Əliyev Fondunun dəstəyi ilə 130 adda 1,4 milyon ədəd əyani tədris vasitəi qısa müddətdə çap edilərək məktəblərə çatdırılmışdır. Bu il Azərbaycanın peşə təhsili tarixində ilk dəfə olaraq texniki peşə məktəblərinin şagirdləri üçün 8 fənn üzrə dərslik hazırlanmışdır. Cari tədris ilindən etibarən pilot layihə kimi Azərbaycanın pedaqoji kadr hazırlayan üç ali məktəbində (Azərbaycan və Gəncə Dövlət Pedaqoji Universitetlərində, Müəllimlər İnstitutunda) "Təhsilin əsasları" fənninin tədrisinə başlanılacaqdır. İlk dəfə olaraq həmin ali təhsil ocaqlarında ibtidai təhsilin metodikası və pedaqogikası fakültələrində bu fənn tədris ediləcəkdir".
M.Mərdanov onu da bildirdi ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər barədə məlumat verən nazir bildirdi ki, dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrin sayı cari ildə 304 nəfərə çatdırılmışdır. Hazırda Azərbaycan gəncləri 20-dən çox ölkənin tanınmış ali məktəblərində təhsillərini davam etdirirlər. Xarici ölkələrdə oxuyan 43 azərbaycanlı gənc təhsillərini başa vuraraq vətənə qayıdıb.
Konfransda müasir dövrün tələblərindən olan təhsil sisteminin informasiyalaşdırılmasından, bu sahədə həyata keçirilən layihələrdən, milli təhsil portalının yaradılmasından, müəllimlərin hərtərəfli hazırlığı üçün görüləcək işlərdən danışıldı. Nazir konfrans iştirakçılarına çatdırdı ki, məktəblərdə İKT-nin tətbiqi ilə bağlı və iki mərhələdə həyata keçirilən Dövlət Proqramınının tələblərinə uyğun olaraq xeyli iş görülüb. 18 mindən çox müəllim İKT üzrə təşkil olunan təlim kurslarında, treninqlərdə iştirak edib. "Bu sahədə görülən işlərin səmərəsini artırmaq üçün dünyanın məşhur şirkətləri "Microsoft" və "İntel"in rəhbərləri ilə memorandum imzalamışıq" söyləyən məruzəçi bildirdi ki, əsas məqsəd "Hər şagirdə bir noutbuk" layihəsinin həllinə nail olmaqdır: "I-VI-cı sinif şagirdləri üçün 100 ədəd noutbuk alınıbdır. İlin sonunda şagirdlərə 400 noutbuk hədiyyə ediləcəkdir. İki il ərzində isə bunların sayı 4 minə çatdırılacaqdır. Eyni zamanda, xarici dillərin, xüsusilə, rus və ingilis dillərinin tədrisinə ciddi yanaşılacaqdır. Bu sahədə beynəlxalq təcrübədən geniş istifadə olunacaq. Böyük Britaniyanın "British Council" təşkilatının dəstəyi ilə bu işə başlanılmışdır. Bakının 7 məktəbində I-V siniflərdə xarici dillərin öyrənilməsinə ayrılan akademik saatların 2 dəfədən çox artırılması nəzərdə tutulur. Cari ildən Azərbaycanın 50 məktəbində rus dilinin mütəmadi şəkildə xarici dil kimi öyrədilməsi layihəsinə də başlanacaqdır.
Konfransda çıxış edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə tədbir iştirakçılarını ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının gedişini, abituriyentlərin fənlər üzrə göstəricilərini əks etdirən statistik məlumatlarla tanış etdi.
Tədbirdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü, Horvard Universitetinin məzunu Emin Hüseynov, Nərimanov rayonundakı 182 nömrəli körpələr evi-uşaq bağcasının müdiri Ulduz Məmmədova, Bakı şəhər 6 nömrəli məktəb-liseyinin ibtidai sinif müəllimi Gülşən Orucova, "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi" layihəsinin eksperti Fuad Dərgahlı, Azərbaycan Texniki Universitetini təmsil edən, texnika elmləri doktoru Sübhan Namazov, 23 nömrəli orta məktəbin müəllimi Solmaz Abdullayeva çıxış edərək təhsildə baş verən yeniliklərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Konfransda təhsil sisteminin daha da təkmilləşdirilməsi, məktəbəqədər təlim müəssisələrində işin canlandırılması, uşaqların qida rasionunun zənginləşdirilməsi üçün maraqlı təkliflər irəli sürüldü.
Sonda Prezident İlham Əliyevin sərəncamına əsasən keçirilən müsabiqənin qalibləri olan "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" nominasiyalarının qalibləri layiq görüldükləri mükafatla təltif olundular.
Konfransda baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Yeni Azərbaycan Partiyası Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov nazirlik və dövlət komitələrinin nümayəndələri, millət vəkilləri iştirak edirdilər.

Digər xəbərlər