PDF Oxu

Əsas

  • 10

Ermənistan-Türkiyə əlaqələrində Azərbaycan faktoru

Ermənistan-Türkiyə əlaqələrində Azərbaycan faktoru

Bir neçə gündür dünyanın gündəmində olan məsələlərdən biri də, Türkiyə-Ermənistan sərhəddinin açılması ilə bağlı aparılan danışıqlardır. "Türkiyə Cümhuriyyəti və Ermənistan Respublikası arasında diplomatik əlaqələrin qurulmasına dair Protokol" adlanan sənəddə iki ölkə arasındakı mövcud sərhədlərin qarşılıqlı olaraq tanınması nəzərdə tutulur. Protokola görə, 6 həftə sonra imzalanması nəzərdə tutulan protokol hər iki ölkənin parlamentindən keçməlidir. Beləliklə, 3 ay yarımdan sonra Türkiyə-Ermənistan sərhəddi açıla bilər.
Hulusi Kılıç: "Ermənistanla aparılan danışıqlar prosesinin Azərbaycanın mənafeyinə zərər verməsindən söhbət gedə bilməz"

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını nəzərdə tutan protokolların açıqlanmasından sonra başlanmış müzakirələrə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç münasibət bildirib.
Səfir deyib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Davudoğlunun açıqlamaları Qafqazda davamlı sülhün və beynəlxalq hüquq müstəvisində daimi sabitliyin təmin olunması üçün regional sülhün əldə olunması istiqamətində aparılan bütün proseslərdəki irəliləyişin vacibliyini göstərir.
"Ermənistanla aparılan danışıqlar prosesinin Azərbaycanın mənafeyinə zərər verməsindən söhbət gedə bilməz. Bu danışıqlar prosesinin Dağlıq Qarabağ və işğal altında olan torpaqlarla əlaqədar problemin həllinə təkan verəcəyinə inanıram. Bununla yanaşı, baş nazirimizin də dediyi kimi, imzalanacaq protokolların qüvvəyə minməsi üçün Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiq olunması lazımdır. Belə bir vaxtda Azərbaycanın Türkiyəyə inanmağını gözləyirik"-səfri vurğulayıb.

AKP-nin "erməni açılımı"nın daha bir gizli tərəfi üzə çıxdı

Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin bərpasını nəzərdə tutan protokollar parlamentlər səviyyəsində təsdiqlənsə, regionda enerji tarazlığı dəyişcək. Bu barədə məlumatı Türkiyənin "Star" qəzeti ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyindəki mənbəyə istinadən yayıb. Qəzetin iddiasına görə, protokolun qəbul edilməsindən sonra "Nabukko" layihəsində texniki dəyişikliklər baş verəcək və Avropa Birliyi həmin boru kəmərinin Gürcüstandan yox, Ermənistandan keçməsini tələb edəcək.
Məlumata görə, AB uzun müddətdir "Nabucco" layihəsinə Ermənistanı da qoşmaq istəyir. Xüsusilə Fransanın bu istiqamətdə böyük təzyiqlər göstərdiyi bildirilir. AB Bakı-Tiflis-Ceyhan ixrac boru kəmərinin Gürcüstandan keçdiyini bildirir, Rusiyanın bu ölkəyə müdaxiləsi səbəbi ilə ikinci bir layihənin də bu ölkədən keçməsini risk hesab edir. Bu səbəblə də enerji layihələrində Ermənistan alternativ ölkə kimi qiymətləndirilir.

Türkiyə müxalifətindən Azərbaycana dəstək - CHP Türkiyə-Ermənistan razılaşmasına səs verməyəcək

Türkiyənin ana müxalifət partiyası Azərbaycan torpaqlarının işğaldan azad edilməsini əsas şərt kimi irəli sürüb. Cümhuriyət Xalq Partiyası (CHP) sədri Dəniz Baykal Türkiyə və Ermənistan arasında imzalanan protokol Böyük Millət Məclisində səsverməyə çıxarılan zaman partiyasının millət vəkillərinin ona səs verməyəcəyini açıqlayıb.
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, Dəniz Baykal deyib ki, Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını azad etməyənə qədər belə bir protokolu CHP-nin dəstəkləməsindən söz gedə bilməz. Onun sözlərinə görə, protokolda Ermənistanın Azərbaycanda işğal etdiyi torpaqlardan geri çəkilməsi ilə bağlı heç bir zəmanətdən söhbət açılmayıb.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın keçən ay Azərbaycana səfəri zamanı verdiyi "Ermənistan Qarabağdan geri çəkilmədən sərhədi açmayacağıq" sözünü xatırladan Baykal imzalanan protokolla Ərdoğanın sözlərinin ziddiyyət təşkil etdiyini bildirib.

Edvard Nalbandyan Ermənistanın planlarını açıqladı

"Türkiyə ilə sərhədlərin açılacağı halda Ermənistan bölgədəki bütün beynəlxalq layihələrə qoşulmağa çalışacaq". Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan dünən keçirdiyi mətbuat konfransında nikbin bəyanatlar səsləndirib.
SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, xarici işlər naziri deyib ki, Türkiyə ilə münasibətlərin normallaşacağı, sərhədlərin açılacağı halda Ermənistan bölgədəki bütün beynəlxalq layihələrə qoşulmağa çalışacaq. Nalbadyan iddia edib ki, əgər bölgədə dəyişiklik baş verərsə, bunun Azərbaycan üçün də müsbət əhəmiyyəti olacaq.
Qeyd edək ki, hazırda bölgədəki əsas beynəlxalq layihələr Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ərzurum qaz kəməri, o cümlədən çəkilməsi nəzərdə tutulan "Nabucco" qaz kəməridir.
Qeyd edək ki, bu gün Türkiyə-Ermənistan münasibətlərindəki yaxınlaşma prosesinə etiraz edən Daşnaksütun Partiyası Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında kütləvi aksiya keçirib. Aksiyaya 1000 nəfərə yaxın insan qatılıb.

Digər xəbərlər