PDF Oxu

Əsas

  • 19

Türkiyə-Ermənistan yaxınlaşması

Türkiyə-Ermənistan yaxınlaşması

Xəbər verdiyimiz kimi, srağagün İsveçrə, Türkiyə və Ermənistan xarici işlər nazirlikləri birgə bəyanat verərək bildiriblər ki, Ankara və Yerevan diplomatik əlaqələrin qurulması istiqamətində məsləhətləşmələrə start veriblər. Diplomatik münasibətlərin qurulması barədə protokol 6 həftədən sonra imzalana bilər. XİN-lərin bəyanatında vurğulanır ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqların nəticəsi olaraq artıq paraflanmış iki protokol- "İki ölkə arasında diplomatik əlaqələrin qurulması haqqında protokol" və "İkitərəfli münasibətlərin inkişaf etdirilməsi haqqında protokol" ətrafında siyasi məsləhətləşmələrə başlamaq barədə razılığa gəliblər.

Rəcəb Tayyib Ərdoğan Bakıda verdiyi sözünü tutmadı

Qeyd olunan protokollar ikitərəfli münasibətlərin nizamlanması çərçivəsini müəyyənləşdirir. Daxili siyasi məsləhətləşmələr 6 həftə ərzində yekunlaşacaq, bundan sonra iki protokol imzalanacaq və ratifikasiya üçün parlamentlərə təqdim olunacaq.
Hər iki tərəf öz Konstitusiyasına və qanunvericiliyə uyğun olaraq ratifikasiyanın tezliklə baş tutması üçün əllərindən gələni edəcək. Sənəddə qeyd olunur ki, ikitərəfli münasibətlərin nizamlanması regional sülh və sabitliyin təminatına xidmət edəcək. Bəyanatda o da vurğulanır ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə birgə səyləri davam etdirmək barədə üzərlərinə öhdəlik götürüb.
Qeyd edək ki, Türkiyə və Ermənistan XİN, həmçinin, İsveçrə Xarici İşlər Nazirliyinin Federal Departamenti bu il aprelin 22-də iki ölkə arasında münasibətlərin tənzimlənməsini nəzərdə tutan "Yol xəritəsi"nə dair birgə bəyanatla çıxış etmişdi.
Xatırladaq ki, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər Ankaranın təşəbbüsü ilə 1993-cü ildən kəsilib. Həmin vaxtdan iki ölkə arasında sərhədlər də bağlanıb. Bunun əsas səbəbləri isə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və qondarma "erməni soyqırımı" iddiasıdır.
Bu ilin mayında isə Bakıya gələn Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxış edərkən Azərbaycanın işğal edilmiş əraziləri azad edilməyincə və Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla münasibətlərin bərpa edilməyəcəyini vəd etmişdi.
Türkiyə XİN-in internet səhifəsində yerləşdirilmiş açıqlamada deyilir ki, siyasi məsləhətləşmələr 6 həftəyə, yəni oktyabrın 14-də Türkiyə-Ermənistan futbol komandalarının oyunundan öncə başa çatacaq və sonra iki ölkə parlamentinin müzakirəsinə veriləcək iki protokol imzalanacaq.

Ermənistan müxalifəti Yerevan və Ankara rəsmilərinə güvənmir

Türkiyə ilə diplomatik əlaqə yaratmağa başlayan Ermənistanda müxalifət ayağa qalxıb. SİA-nın məlumatına görə, Ermənistan müxalifəti ölkənin 4 hüququndan imtina etməsini sərt şəkildə tənqid edib.
Adıçəkilən ölkənin müxalifəti prezident Serj Sarkisyanı belə hərəkət etdiyi üçün həm də xəyanətlə günahlandırıb. Müxalifət nümayəndələrinin fikrincə, Ermənistan ilk şərt kimi "Qars" razılaşmasını de-fakto olaraq tanıyıb.
Bundan əlavə, işğalçı ölkə "erməni soyqırımı"nın tarixçilərin müzakirəsinə buraxılması şərtini də qəbul edib. Erməni müxalifəti Sarkisyanı 4 xəyanətlə suçlayır:
1.Erməni tərəfi "erməni soyqırımı" məsləsini tarixçilərin üzərinə buraxılması şərtini qəbul edib;
2.Ermənistan zərərin kompensasiya edilməsi tələbindən uzaqlaşıb;
3.Ermənistan Türkiyəni tənqid etməkdən imtina edib;
4.Ankaranın Dağlıq Qarabağ şərti qəbul edilib.
Qeyd edək ki, artıq işğalçı Ermənistanın müxalif qüvvələri 1915-ci il hadisələrinin araşdırılması üçün komissiya yaradılması şərtini qəbul etmir.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi hesab edir ki, imzalanacaq sənədlərin parlamentdə ratifikasiyasının nəzərdə tutulması da narahatlıq yaradır: "Bu, Serj Sarkisyana məsuliyyəti parlamentlə bölüşdürmək imkanı verir. Türkiyə isə Dağlıq Qarabağ probleminin həll olunmaması bəhanəsi ilə ratifikasiya məsələsini uzada və bununla da, Türkiyə-Ermənistan sərhədlərinin açılmasını təxirə sala bilər".
Sabiq xarici işlər naziri Aleksandr Arzumanyan isə, tarixi məsələlərin öyrənilməsi üçün alt komissiyanın yaradılması barədə bəndin xüsusi narahatlıq doğurduğunu deyib. O, 1915-ci il hadisələrinin araşdırılması üçün bu cür komissiyanın yaradılmasının qəbuledilməz olduğunu bildirib.
Müxalifətdəki "İrs" Partiyasının deputatı Stepan Safaryan da bəyan edib ki, Türkiyə tərəfi Ermənistanla sərhədlərin açılması ilə bağlı irəli sürdüyü hər 3 şərtini protokollara saldırmağa nail olub. Sənədləri nəzərdən keçirərkən, aydın olur ki, Ermənistan ilk şərt kimi Qars müqaviləsini de-fakto tanıyır və ikinci şərt olaraq "erməni soyqırımı"nın tarixçilərin müzakirə müstəvisinə keçirilməsinə de-yure razılaşır: "Bu, faktiki, o deməkdir ki, erməni tərəfi soyqırımın nəticələri ilə barışıb, zərərin kompensasiya edilməsi tələbindən, hətta Türkiyənin ünvanına tənqiddən vaz keçib".
Safaryan qeyd edib ki, Ankaranın Dağlıq Qarabağla bağlı üçüncü şərti də protokollarda əksini tapıb. Belə ki, tərəflər zorakılıq və radikalizmi təşviq etməmək və dözümlülük göstərmək barədə öz üzərinə öhdəlik götürür.
"Erməni Könüllüləri" milli-siyasi təşəbbüs birliyi isə razılaşmaları cinayətkar Sarkisyan hakimiyyətinin xəyanəti kimi qiymətləndirərək dünya ermənilərini bu sənədlərin imzalanmasına müqavimət göstərməyə çağırıb.

"Ölkədə milli birliyə nail ola bilməyən Türkiyə hökuməti xarici təzyiqlər qarşısında gücsüz qalıb"

"Bizim üçün önəmli olan Türkiyə nümayəndələrinin və Türkiyə XİN-in Ermənistanla apardığı danışıqların Azərbaycanın maraqlarına toxunmayacağı təminatıdır". Bu fikri isə YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.
"Hazırda sənədlər üzərində iş gedir, hələ Türkiyə cəmiyyəti bu sənədlərin nə olduğunu bilmir, hələ cəmiyyəti bu sənədləri dərk etməyə hazırlamaq lazımdır",- deyə Qurbanlı bildirib və xatırladıb ki, rəsmi Ankara bir neçə dəfə Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacağını vəd edib.
"Ölkə daxilində milli birliyə nail ola bilməyən Türkiyənin mövcud hökuməti xarici təzyiqlər qarşısında gücsüz vəziyyətdə qalıb, buna görə də, Türkiyənin və Azərbaycanın maraqlarına zidd olan xarici siyasət yürütməyə məcbur olub". Bu sözləri isə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bəyan edib.
Türkiyə vətəndaşlarına müraciət edən Həsənquliyev onları tarix tərəfindən birmənalı şəkildə Azərbaycan türklərinə qarşı xəyanət kimi dəyərləndiriləcək bu addımın qarşısının alınması üçün etiraz səslərini ucaltmağa çağırıb.

Digər xəbərlər