Musa Quliyev: “Türkiyəyə səfərimizin məqsədi reproduktiv sağlamlıq sahəsi ilə bağlı təcrübəni öyrənməkdir”
Milli Məclisin bir qrup deputatı Türkiyədə səfərdədir. Səfərin məqsədi barədə məlumat verən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev bildirib ki, Türkiyənin reproduktiv sağlamlıq sahəsi ilə bağlı təcrübəsi öyrəniləcək.
M.Quliyevin sözlərinə görə, səfər çərçivəsində Türkiyənin Səhiyyə Nazirliyində, Böyük Millət Məclisində və səhiyyə ocaqlarında görüşlər keçiriləcək. Komitə sədrinin müavini xatırladıb ki, Milli Məclisdə "Reproduktiv sağlamlıq və ailə planlaşıdırılması haqqında" qanun layihəsi müzakirə edilib: "Qanun layihəsinə münasibət birmənalı olmadığına görə, təkmilləşdirilməsi üçün geri qaytarılıb. Hazırda bu məsələ ilə bağlı ictimai müzakirələr gedir, dünya dövlətlərinin təcrübəsi öyrənilir. Reproduktiv sağlamlıqla bağlı Türkiyənin də böyük təcrübəsi var".
M.Quliyev qeyd edib ki, qazanılan təcrübələr qanun layihəsində nəzərə alınacaq və bundan sonra isə sənəd yenidən Milli Məclisin müzakirəsinə çıxarılacaq.