Xəzərin statusu prezidentlərin görüşündə həll edilə bilər
Son günlərin əsas müzakirə mövzusu olan məsələlərdən biri də Xəzərin statusunun müəyyənləşdirilməsidir ki, bununla bağlı da sentyabrın 13-də Qazaxıstanda Xəzəryanı ölkələrin prezidentlərinin görüşünün keçirilməsi nəzərdə tutulur. Lakin beş Xəzəryanı ölkədən biri olan Türkmənistanın bir neçə gün bundan öncə ortaya qoyduğu sərt mövqe görüş öncəsi böyük əks-sədaya səbəb olub.
Belə ki, Türkmənistan rəhbərliyi prezident səviyyəsində bu məsələyə mövqe bildirərək Xəzərdə bəzi yataqların Azərbaycan tərəfindən qeyri-qanuni istifadəsini bəhanə gətirərək onu beynəlxalq arbitraj məhkəməsinə verməklə hədələmişdi. Bununla yanaşı, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Təhlükəsizlik Şurasının iclasında Xəzərdə Türkmənistanın hərbi bazasının yaradılması ilə bağlı da tapşırıq verib. Türkmənistan rəhbərliyi tərəfindən atılan bütün bu addımlar Xəzəryanı ölkələrdə böyük əks-sədaya səbəb olmaqla yanaşı, Türkmənistan tərəfindən gözlənilməz bir hərəkət kimi də qəbul olundu. Türkmənistanın Astanada keçiriləcək görüşöncəsi belə bir bəyanatla çıxış etməsi hansı məqsədləri güdə bilər? Və yaxud rəsmi Aşqabad belə sərt mövqe göstərməklə nəyə nail olmaq niyyətindədir? Bu suallara aydınlıq gətirmək üçün politoloq Elman Nəsirova müraciət etdik.
Politoloq məsələyə münasibət bildirərkən Türkmənistanın belə mövqe göstərməsinin onun Xəzəryanı ölkələr öz mövqeyini möhkəmləndirmək məqsədilə atılan addımlar kimi qəbul edilməli olduğunu qeyd etdi:
"Xəzərin statusu məsələsi Xəzəryanı ölkələrin həll edə biləcəyi bir məsələdir və təəssüf ki, bu məsələ indiyə kimi açıq qalıb. Məsələ üzrə yaradılan işçi qrupun səyləri heç bir nəticə verməyib. Prezidentlər səviyyəsində keçirilən son görüş isə Tehranda olmuşdu. Bunun da, hələlik, hansısa bir konkret nəticəsi yoxdur. Burada, əsasən, Xəzərin orta xətt prinsipi ilə bölünməsi məsələsində Azərbaycanın, Rusiyanın, Qazaxıstanın mövqeləri üst-üstə düşür və bu məsələ ilə əlaqədar konkret hüquqi sənədlər də imzalanıb. Əsas məsələ Türkmənistanın və İranın mövqeyi ilə bağlıdır. Türkmənistan hazırda Xəzərin orta xətt prinsipi ilə bölgüsünü qəbul etsə də, bu orta xəttin müəyyənləşdirilməsində yeni metodikanın işlənib hazırlanmasını tələb edir. İran isə Xəzərin beş ölkə arasında bərabər bölünməsi prinsipini irəli sürür. Lakin son zamanlar Türkmənistanın mövqeyində Xəzərin bölünməsi ilə bağlı siyasi diplomatik təzyiqlərinə yeni detallar da əlavə edilməkdədir. Siyasi diplomatik təzyiq dedikdə, mən onu nəzərdə tuturam ki, Türkmənistan prezidenti Azərbaycanı onunla hədələmişdi ki, "Kəpəz", "Azəri", "Çıraq" yataqlarından birtərəfli istifadəyə görə onu beynəlxalq arbitraj məhkəməsinə verəcək. Bu, onun siyasi-hüquqi müstəvidə təzyiqləri idi. İndi isə artıq buna yeni nüanslar əlavə edilir. Söhbət hərbi müstəvidə təzyiqlərdən gedir. Bu da, ondan ibarətdir ki, Türkmənistan prezidenti ötən həftə Təhlükəsizlik Şurasının iclasında belə bir bəyanatla çıxış edib ki, Xəzərdə Türkmənistan özünün hərbi dəniz bazalarına malik olmalıdır. Bu münasibətlə o ölkənin müdafiə nazirliyinə və sərhəd qoşunlarına hərbi baza yaradılması ilə bağlı hərbi katerlərin alınması və onların "Torpeda" raketləri ilə təchiz edilməsi haqqında tapşırıq verib. Yəni söhbət burada, əsasən, Türkmənistan tərəfindən Xəzərin hərbiləşdirilməsi siyasətini həyata keçirməkdən gedir. Bugünkü reallıq ondan ibarətdir ki, Xəzərdə yalnız Rusiyanın hərbi bazası var. Azərbaycanın hərbi donanması olsa da, bu, hələ hərbi baza statusunda deyil. Türkmənistanın belə bir iddiaya düşməsi isə, ondan xəbər verir ki, Türkmənistan qarşısında duran bir sıra taktiki vəzifələri həyata keçirmək üçün belə təzyiq üsullarını seçir. Qarşıdan gələn Xəzəryanı ölkələrin prezidentlərinin görüşünə Türkmənistan öz statusunu müəyyənləşdirmək üçün təzyiqlərlə gəlmək niyyətindədir. Mənə elə gəlir ki, Astana görüşünün yaxınlaşması Türkmənistanın mövqelərinin sərtləşməsinin əsas amillərindəndir."
Elman Nəsirov Türkmənistanın mövqelərinə aydınlıq gətirərkən bunu NABUCCO layihəsi ilə də əlaqələndirdi: "Türkmənistan onun da fərqindədir ki, bu yaxınlarda Türkiyədə NABUCCO layihəsinin reallaşdırılması ilə bağlı ölkələr arasında saziş imzalandı. Lakin hələlik, bununla bağlı təchizatçı ölkə kimi Türkmənistanla saziş imzalanmayıb. Avropa Birliyi ölkələri bu sazişin imzalanmasında, Türkmənistanın bu layihədə iştirakında çox maraqlıdırlar. Bu reallığı dərk edən Türkmənistan manevr etmək niyyətindədir. Məhz bu reallıqlardan çıxış edən Türkmənistan təzyiq göstərməkdən də çəkinmir. O, belə düşünür ki, Qərb onun şıltaqlıqları ilə daha çox oynayacaq.
Bundan başqa, politoloq Türkmənistanın belə bir mövqe göstərməsində digər Xəzəryanı ölkələr olan Rusiya və İranın da rolunun ola biləcəyini istisna etmədi: "Mən belə düşünürəm ki, Türkmənistanın öz mövqeyini istər hüquqi müstəvidə, istərsə də hərbi sahədə belə sərt şəkildə ortalığa qoymasında Moskvanın da rolu var. Belə ki, rəsmi Moskva NABUCCO layihəsinin qatı əleyhdarıdır və bunu heç gizlətmir də. Belə olan təqdirdə, Türkmənistana müəyyən təzyiqlərin edilməsi və Türkmənistanın təchizatla bağlı öz mövqeyini dəyişməsi, NABUCCO layihəsinin digər potensial iştirakçısı ola biləcək Azərbaycanla münasibətləri korlaması fonunda, əslində, NABUCCO-ya təsir edə biləcək iki ölkə arasında konfliktin yaranması və beləliklə, layihənin gerçəkləşdirilməsi yolunda böyük bir maneənin yaradılması məqsədini güdən bir plan ola bilər.