PDF Oxu

Əsas

  • 7

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN UĞURLU NEFT STRATEGİYASI

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN UĞURLU NEFT STRATEGİYASI
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də məhz müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi olmuşdur. 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycanın son 15 ildə böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır.
Bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına yönəlmişdir. Ulu öndərimiz Heydər Əliyevin banisi olduğu yeni neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olunmasına deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönəldilmiş siyasi xəttin yürüdülməsinə, buna uyğun situasiyanın formalaşdırılmasına xidmət edir. Məhz bu strategiya nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilmiş, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Ötən il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi isə böyük tarixi hadisə olmaqla, öz məzmununda Azərbaycana daha böyük iqtisadi dividendlər vəd edir. Sevindirici haldır ki, ümummilli liderimizin əsasını qoyduğu strateji siyasi kurs onun layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyevin böyük əzm və qətiyyətlə davam etdirdiyi sosial-iqtisadi siyasət strategiyası gündəlik həyatımızda yeni-yeni nailiyyətlərə yol açır. Ümummilli liderimizin 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Mən ona özüm qədər inanıram" deməklə özünün layiqli davamçısı kimi cəmiyyətə təqdim etdiyi İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş böyük nailiyyətlər Azərbaycan xalqının öz seçimində qətiyyən yanılmadığını bir daha təsdiqləyir. 2008-ci ilin 15 oktyabrında xalqın yüksək etimadı ilə müstəqil Azərbaycan Respublikasının yenidən Prezidenti seçilmiş İlham Əliyev cəmiyyətin ona bəslədiyi böyük etimad və rəğbəti doğrultmuş, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirməklə, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir. Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsindən bəhrələnən dövlət başçısı İlham Əliyev ulu öndərimizin möhkəm təməllər üzərində formalaşdırdığı idarəçilik ənənələrini davam etdirmək üçün zəruri liderlik keyfiyyətlərinə malikdir.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 5 il yarım ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə, obyektiv reallığa adekvat addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, yeni dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olmuşdur. Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən işlər, əldə olunan uğurlu nəticələr hələ ötən əsrin 90-cı illərinin ortalarından ulu öndərimiz Heydər Əliyev tərəfindən başlanmış çoxşaxəli islahatlar kursunun məntiqi davamıdır. Ümummilli liderimiz Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış yeni neft strategiyasının yüksək dinamizmlə həyata keçirilməsi, Azərbaycanı Cənubi Qafqaz regionunda əsas söz sahibi edən qlobal layihələrin reallaşdırılmasında ardıcıllığın təmin olunması, müdafiə potensialımızın güclənməsi, beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, tarazlaşdırılmış xarici siyasət kursu, iqtisadiyyatda liberallaşdırma, elm-təhsildə yeni informasiya texnologiyalarının tətbiqi İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Yalnız bir faktı vurğulayaq ki, son iki il ərzində müstəqil Azərbaycan dövlətinin müdafiə potensialı iki dəfədən çox artmış, respublikamızın təkcə hərbi büdcəsi bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə yaxınlaşmışdır. İstər sosial-iqtisadi inkişaf göstəriciləri, istərsə də demokratik ənənələrin cəmiyyət tərəfindən əxz olunması baxımından, "Avropa ailəsi"nin nüfuzlu üzvü kimi tanınan Azərbaycanın Cənubu Qafqaz regionunda çoxdan liderə çevrilməsi, respublikamızın bu coğrafi çevrədə hansı gücə sahib olması həqiqəti ötən ilin qışında bölgənin digər dövlətlərində yaranmış kəskin enerji böhranı zamanı bir daha üzə çıxmışdır.
Qeyd etmək yerinə düşər ki, "Əsrin müqaviləsi" tarixə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti siyasətində baza prioritetini - neft strategiyasını müəyyən etmiş ilk iri iqtisadi sənəd kimi düşmüşdür. Lakin "Əsrin müqaviləsi"nin əhəmiyyəti hələ o vaxt da təkcə gözlənilən merkantil səmərə ilə məhdudlaşmırdı. Layihə onun siyasətində həmişə olan və dilə gətirilməyən, ən uzaqgörən məsləkdaşlarının oxuya bildiyi mülahizələrin məcmusu idi. Bu mənada "Əsrin müqaviləsi" ayrı-ayrı dövrlərin əlaqəliliyi ideyasını, Heydər Əliyev siyasətinin əsas məqsədinə - ictimai rifaha xidmət edən dəyərləri əks etdirən dünyagörüşü aktına çevrildi.
İndi həmin vaxtdan 15 il ötür. Bu müddətdə "Əsrin müqaviləsi"nin Azərbaycana verdiklərini, nailiyyətlərini saymaqla qurtaran deyil. Deməli, Azərbaycan Xəzəryanı dövlət olaraq ilk dəfə Qərbin böyük neft şirkətləri ilə saziş imzalamaqla, ümumiyyətlə, Xəzər regionunda beynəlxalq əməkdaşlığın əsasını qoydu. Bununla da Prezident Heydər Əliyev öz ölkəsinin - Azərbaycanın bütün dünyada təsdiq olunmasına - sivil ölkə kimi qəbul olunmasına nail oldu.
"Əsrin müqaviləsi", əslində, hələ neçə əsr bundan sonra da Azərbaycan dövlətinin inkişafına və xalqımızın yeni-yeni nəsillərinin həyatının yaxşılaşmasına səbəb olacaqdır. Bu müqavilə təkcə neftdən gələn gəlir deyil, həm də ölkəmizə gətirilən mütərəqqi texnologiyalar, sahə infrastrukturunun yenidən qurulması, peşəkar kadrların hazırlanması, iqtisadi potensialın yüksəlişi deməkdir. Şübhəsiz ki, Azərbaycanın yeni neft strategiyasının və doktrinasının reallaşmasında Azərbaycan Prezidenti İlham Əliyevin əməyi də olduqca böyükdür. Hələ Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışarkən Onun ölkədə neft sənayesinin inkişafında, yeni neft strategiyasının hazırlanmasında və gerçəkləşməsində, "Əsrin müqaviləsi"nin həyata keçirilməsində müstəsna xidmətləri olmuş, Azərbaycan Prezidenti kimi hazırda bu işi uğurla davam etdirir. Transmilli şirkətlərin Azərbaycana gəlməsi yalnız sərmayə axını demək deyildi, bu həm də dünyanın Azərbaycana inamı demək idi.
Yeri gəlmişkən, qeyd edək ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü siyasətin nəticəsində ölkəmiz neft və neft məhsullarının istehsalı, ixracı və tranziti üzrə dünya ölkələri arasında özünəməxsus yer tutmuş, dünyanın neft şirkətləri ilə imzalanmış neft müqavilələri nəticəsində ölkə iqtisadiyyatına sərmayə qoyuluşu, həmçinin, neft məhsullarının ixracının miqdarı xeyli artmışdır.
"Əsrin müqaviləsi"nin reallaşdırılması indi, neçə illər keçəndən sonra, çox düzgün olaraq, Azərbaycan xalqının malik olduğu potensial qüvvə barədə düşünməyə vadar edir. Bu qüvvə adi gözlə görünməyən enerji ehtiyatlarından, millətin iradə gücündən və böyük amallara can atmasından asılıdır.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin Regionlarla İş Departamentinin müdir müavini

Digər xəbərlər