PDF Oxu

Əsas

  • 15

Prezident İlham Əliyevin uğurlu siyasəti bəhrəsini verir

Prezident İlham Əliyevin uğurlu siyasəti bəhrəsini verir

Məlum olduğu kimi, ABŞ-ın "Gallup" beynalxalq təşkilatı keçmiş SSRİ respublikalarında sorğu keçirib və rəyi soruşanların 77 faizinin Azərbaycan iqtidarının apardığı siyasəti dəstəklədiyini bildirib. Bu və digər suallarımızla partiya sədrlərinə müraciət etdik.

Tahir Kərimli, Vəhdət partiyasının sədri:

- Bu sorğunun nəticələri ilə bağlı olaraq yetərincə yaxından tanış olmuşam və yüksək qiymətləndirmişəm. Azərbaycan cəmiyyəti çox yaxşı bilir ki, cənab İlham Əliyevin bir dövlət başçısı kimi alternativi yoxdur. Fikrimcə, bütün bu məsələlər haqqında fakt ondan ibarətdir ki, həqiqətən də, bizim dövlət başçısı bu gün cəmiyyətdə alternativsizdi. Ölkəmizdə yaşayan insanlar ümidlərini ona bağlayır. Hazırda ölkəmizdə böyük dəyişikliklər baş verir və paytaxtımızda çoxlu sayda tikinti işləri aparılır. Eyni zamanda, regionlarda da inkişafı gedir və qlobal miqyasda Azərbaycanın yeri daha da möhkəmlənir. Fikrimcə, bu, beynalxalq təşkilatlarda olan rəqəmlər real nəticəni ifadə edir.
Dünya yaxşı başa düşür ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyev cənablarını dəstəkləyir. Prezident İlham Əliyev uğurlu xarici və iqtisadi siyasət həyata keçirir. Məhz bunların nəticəsində beynəlxalq maliyyə böhranı ölkəmizin iqtisadiyyatına ciddi təsir göstərməyib. Bizim heç bir dövlətlə (Ermənistanı çıxmaq şərti ilə) düşmənçilik siyasətimiz yoxdur. İndiki zamanda biz dostluğa və irəliləyişə doğru gedirik. Bir məsələni də qeyd edim ki, son aylar müxtəlif ölkələrin dövlət və hökumət başçıları respublikamıza səfərlər edirlər. Nəzərə almalıyıq ki, əbədi düşmənimiz olan Ermənistana bu qədər prezident, hökumət başçısı və digər rəsmi şəxslər səfər etməyiblər. Bu, dünya dövlətlərinin ölkəmizə marağından irəli gəlir.

Mais Səfərli, "Yurddaş" partiyasının sədri:

- Bu, gerçəkliyi özündə əks etdirən bir sorğudur. Doğurdan da, bu gün Azərbaycan əhalisinin çox böyük əksəriyyəti Prezident İlham Əliyevin yürütdüyü siyasəti böyük ruh yüksəkliyi ilə dəstəkləyir və bəyənir. Cənab İlham Əliyev hazırda ikinci prezidentlik dövürünü həyata keçirir. Bu gün İlham Əliyev bir prezident kimi Azərbaycan dövlətinin yüksək səviyyədə inkişaf etməsi üçün hər cür şərait yaradıb. Mən bir faktı qeyd etmək istərdim ki, bu gün dünya dövlətləri iqtisadi və maliyə böhranı içərisində çapalayır. Amma bu gün bir vətəndaş olaraq dünyada gedən bu ağrılı maliyyə və iqtisadi böhranı o qədər də hiss etmirik. Nəyə görə bu böhranı biz hiss etmirik? Çünki Azərbaycan Prezidenti bütün bu proseslərin qarşısını almaq üçün şərait yaradıb. Ölkəmizdə əvvəlki kimi yenə də yeni iş yerləri açılmaqdadır, eyni zamanda, yoxsulluğun səviyyəsi getdikcə aşağı düşməkdədir və işsizlik həllini tapmaqdadır. Azərbaycan dövlətinin normal inkişaf etməsi səbəbi təbii ki, Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Ona görə də hesab edirəm ki, ABŞ-ın qeyri-hökumət təşkilatının keçirdiyi bu sorğu son dərəcədə obyektivdir.
Azərbaycanın həm iqtisadi baxımdan, həm də siyasi baxımdan nüfuzu artıb və bu gün ölkəmiz bölgədə lider dövlətə çevrilibdir. Eyni zamanda, dünyanın hörmətli bir dövlətinə çevrilib. Prezident İlham Əliyev böyük söz sahibidir. Dünya dövlətlərinin liderləri dünyada, regionda baş verən proseslərlə bağlı hər hansı bir qərar qəbul edəndə, hökmən bizim prezidentimizin rəyini mütləq nəzərə alırlar. Ona görə də, bunların hamısı, təbii ki, Qarabağ probleminin həll olunmasında öz müsbət rolunu göstərir. Burada bir məsələyə diqqət yetirmək kifayətdir ki, hazırda gedən danışıqlar prosesi, məsələnin Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın suverenliyi çərçivəsində həll olunması istiqamətində gedir. Halbuki ermənilər 5-6 il bundan əvvəl Azərbaycanın ərzi bütövlüyü ilə bağlı heç nə dinləmək istəmirdilər. Amma bu gün bu danışıqlar prosesi məhz bu çərçivədə gedir. Ona görə də, hesab edirəm ki, Qarabağ məsələsinin həll, uzaqda deyil. Ölkə başçısı İlham Əliyev Dağlıq Qarabağ məsələsini Azərbaycanın milli maraqlarına uyğun şəkildə həyata keçiriləcək.

Digər xəbərlər