PDF Oxu

Əsas

  • 13

“Azərbaycan bir nömrəli islahatçı ölkədir”

“Azərbaycan bir nömrəli islahatçı ölkədir”
Qloballaşan dünyada hər bir dövlətin demokratik dəyərlərə sadiqliyi, ilk növbədə, onun insan hüquqlarına münasibəti ilə müəyyən olunur. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı həyata keçirdiyi kompleks tədbirlər respublikamızın Avratlantik məkana inteqrasiya siyasətinə sadiq olduğunu əyani şəkildə göstərdi. Şəxsiyyətin toxunulmazlığı, söz, mətbuat, vicdan azadlığı, bütün vətəndaşların bərabər hüquqlara malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmuşdur.
Elə bunun nəticəsidir ki, 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi tanıdığını bəyan etmişdi. Bu fakt ölkəmizdə elmi əsaslar üzərində aparılan iqtisadi islahatların məqsədyönlülüyündən xəbər verir. Dünya Bankının 2009-cu il üzrə "Qlobal iqtisadi perspektivlər" adlı hesabatında ümumi daxili məhsulun artımına görə ölkəmiz yenə də birinciliyini qoruyub saxlamışdır. Həmin hesabatda bildirilir ki, Prezident İlham Əliyev qloballaşma dövrünün reallıqlarına uyğun rasional siyasət yürüdür. Bu sahədə həyata keçirilən islahatlar mahiyyət etibarilə respublikada demokratikləşmə proseslərinin daha da sürətləndirilməsinə, vətəndaş cəmiyyəti təsisatlarının güclənməsinə gətirib çıxarmışdır. Təsadüfi deyil ki, dünyanın nüfuzlu maliyyə qurumları vaxtaşırı açıqladıqları hesabatlarda Azərbaycanı iqtisadi inkişaf tempinə görə lider dövlət hesab edirlər. Bütun bunlar Azərbaycan rəhbərliyinin uğurla apardığı iqtisadi-sosial siyasətin məntiqi nəticəsidir.
Hesabatda beynəlxalq maliyyə böhranının təsirlərinin bu il də davam edəcəyi bildirilir və bunun dünya dövlətlərində ümumi daxili məhsulun artım tempinə təsirsiz ötüşməyəcəyi vurğulanır. Bankın proqnozlarına görə, 2009-cu ildə dünya iqtisadiyyatının artımı 0,9 faizə çatacaq, gələn il isə bu rəqəm 3 faiz artacaq. Bank ekspertləri onu da bildirirlər ki, bu il Avropa və Mərkəzi Asiya ölkələrində iqtisadi artım 2,7 faiz, gələn il isə 5 faiz proqnozlaşdırılır. Belə şəraitdə isə Azərbaycan yenə də böyük iqtisadi artım göstəricilərinə malik ölkələr sırasında yer alacaq.
Dünya Bankının proqnozlarına görə, bu il Azərbaycanın iqtisadi artımı 10,4 faiz təşkil edəcək. Lakin o da istisna edilmir ki, cari il ərzində Azərbaycanda iqtisadi artım tempi daha yüksək rəqəmlərlə ifadə oluna bilər. Bunu digər beynəlxalq maliyyə qurumlarının açıqladığı proqnozlar da təsdiq edir. Avropa Yenidənqurma və İnkişaf Bankı 2009-cu ildə Azərbaycanda ÜDM-nin 15 faizlik artımını proqnozlaşdırırlar. Ötən ilin noyabrında açıqlanan bu proqnoz, bankın hesabatına daxil edilmiş qalan 27 ölkə üçün göstərilən digər nəticələrlə müqayisədə daha yüksəkdir. Həmin dövlətlərdə orta iqtisadi artım cəmi 4,5 faiz səviyyəsində qeyd edilir. Beynəlxalq Maliyyə Korporasiyası isə ötən ilin oktyabrında açıqladığı proqnozlarda Azərbaycanın yenə də ümumi daxili məhsulun artımında liderliyini qoruyub saxlayacağını bildirdi və cari il ərzində ölkəmizdə iqtisadi artımın ən azı 16,4 faiz təşkil edəcəyini açıqladı.
İqtisadçı millət vəkili Vahid Əhmədovun sözlərinə görə, dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadi inkişaf sürətinə görə yenə də dünyada liderliyini qoruyub saxlamışdır: "Bu isə, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi siyasətin real nəticəsidir. İqtisadi sahədə əldə olunan yüksək nəticələr ölkə əhalisinin sosial durumunun daha da möhkəmlənməsinə adekvat təsir göstərir. Azərbaycanda iqtisadi, siyasi, sosial sahələrdə aparılan köklü islahatların ölkə vətəndaşları tərəfindən razılıqla qarşılanması nüfuzlu beynəlxalq təşkilatların apardıqları rəy sorğularında da öz ifadəsini tapır".
Millət vəkili onu da bildirdi ki, ABŞ-ın nüfuzlu "Gallup" təşkilatının elan etdiyi yeni sorğu bu mənada xüsusi diqqəti cəlb edir. Keçirilən sorğunun nəticələrindən aydın olur ki, Azərbaycanda əhalinin 77 faizi ölkə rəhbərliyinin fəaliyyətindən razıdır. Adıçəkilən təşkilat bildirir ki, 12 postsovet ölkəsində hər min nəfərlə üzbəüz söhbətdə onlara belə bir sual verilib: "Sizcə, ölkə rəhbərliyi işinin öhdəsindən necə gəlir?" Bu suala cavabda "Rəhbərliyin işini bəyənirəm" deyənlərin sayına görə Azərbaycan ilk sırada gəlib və qeyd edildiyi kimi, respondentlərin 77 faizi ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti dəstəkləyib. "Gallup" təşkilatının tərtib etdiyi siyahıda Azərbaycandan sonra növbəti yeri Qazaxıstan tutur. Qazaxıstanda aparılan sorğuda 71 faiz respondent ölkə rəhbərliyinin siyasətini dəstəklədiyini bildirib. Sorğudan o da məlum olub ki, Rusiyada 56 faiz, Belorusda 46 faiz, Qırğızıstanda 43 faiz, Latviyada 27 faiz, Moldovada 25 faiz, Gürcüstanda 21 faiz, Estoniyada 20 faiz, Litvada 13 faiz hakimiyyət tərəfindən həyata keçirilən siyasətdən razıdır.
V.Əhmədovun sözlərinə görə, sorğunun nəticələri Azərbaycan rəhbərliyinə xalqın yüksək etimad göstərdiyini sübuta yetirir. Ölkə əhalisi aparılan çoxşaxəli islahatların davamlı olmasını zəruri sayır. Son beş il yarımda əhalinin sosial durumunun daha da yaxşılaşması ölkə rəhbərliyinə olan inamı daha da artırmışdır. Azərbaycan Avropanın keçmiş kommunist ölkələri arasında legitimlik əmsalı üzrə də lider mövqedən çıxış edir. Qeyd edim ki, Portlend Dövlət Universitetinin siyasi elmlər üzrə dosenti Bryus Cilli "Hakimiyyət hüququ. Dövlət öz legitimliyini necə qazanır və itirir" adlı kitabında müəllif bu nəticəyə gəlib. Aparılan elmi təhlildən sonra Azərbaycanın Avropanın keçmiş kommunist ölkələri arasında hakimiyyətin legitimlik əmsalı üzrə liderlik etməsi faktı göstərilib: "Postkommunist Avropa" regional qrupunda Azərbaycan bu göstərici üzrə Mərkəzi və Şərqi Avropanın 21, eləcə də MDB-nin Avropa hissəsindəki bütün ölkələri (Rusiya, Ukrayna, Belorus, Moldova və Gürcüstanı) qabaqlayaraq birinci yeri tutur".
Onu da vurğulamaq dazımdır ki, hələ bir neçə il bundan əvvəl belə bir təşəbbüslə çıxış edən "Gallup" Cənubi Qafqaz dövlətləri arasında sorğu keçirərək ölkə vətəndaşlarının dövlət başçılarına inamını ifadə edən göstəriciləri açıqlamışdı. Həmin sorğunun nəticələri 2003-də prezident seçkilərində opponentlərini yüksək faizlə arxada qoyaraq, xalq tərəfindən geniş mənada dəstəklənən İlham Əliyevin qazandığı səs 76, 84 faizdən də artıq idi. Səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən, ölkəyə rəhbərliyə başladığı az müddətdə xalq-lider birliyinin uğurunu apardığı məqsədyönlü siyasəti ilə doğruldan cənab İlham Əliyevin seçkilər zamanı qazandığı reytinq daha yüksək səviyyədə təkrarlandı. Rəyi soruşulan respondentlərin 77 faizdən çoxu Prezident İlham Əliyevə inamlarını ifadə etdilər. Müqayisə üçün qeyd edək ki, həmin vaxt həmkarları M.Saakaşvili və R.Köçəryanı arxada qoyan Prezident İlham Əliyev indiki sorğunun nəticələrinə görə də liderdir.
Göründüyü kimi, ölkə rəhbərliyinin apardığı uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyadakı mövqeləri möhkəmlənmiş və respublikamıza olan maraq artmışdır. Nüfuzlu beynəlxalq maliyyə qurumlarının son hesabatlarına diqqət yetirdikdə bir daha aydın olur ki, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi iqtisadi inkişaf xətti düzgündür və bu istiqamət daha böyük nailiyyətlərin əldə edilməsinə imkan yaradacaqdır.

Digər xəbərlər