PDF Oxu

Əsas

  • 17

Sağlam cəmiyyət qüdrətli dövlətin təməlidir

Sağlam cəmiyyət qüdrətli dövlətin təməlidir
Hər bir dövlətin əsas öhdəliklərindən biri də, xalqın sağlam gələcəyini təmin etməkdən ibarətdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan insanların sağlamlığının qorunması dövlətimizin rəhbərinin daim diqqət mərkəzindədir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il aprelin 14-də imzaladığı yeni Dövlət Proqramında deyilir: "Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərmiş və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm tədbirlər görülmüş, o cümlədən, tibb müəssisələrinin maddi-texniki bazası əsaslı dərəcədə yaxşılaşdırılmışdır".
Ötən illər ərzində Azərbaycan səhiyyəsinin bir çox sahələrində olduğu kimi, ana və uşaqların mühafizəsi işində də nailiyyətlər əldə edilib. Çünki uğurla başlanan səhiyyə strategiyasında Azərbaycanda səhiyyənin diqqətçəkən sahələri içərisində ana və uşaqların mühafizəsi işi önə çəkilir və prioritet sahə olaraq müəyyən edilib. Əslində, bu, belə də olmalıdır, çünki uşaqlara tibbi xidmət, uşaqların sağlamlığı, uşaq səhiyyəsi, səhiyyənin ən əsas, vacib sahələrindən biridir.
Uşaqlara göstərilən tibb xidməti, onların sağlamlığının bərpa edilməsi bizim gələcəyimiz üçün vacibdir. Təsadüfi deyil ki, ölkə başçısının xüsusi sərəncamı ilə 2009-cu il bütövlükdə Azərbaycanda "Uşaq ili" elan edilib.
1992-93-cü illərdə Azərbaycanda uşaq xəstəlikləri ilə bağlı bir çox problemlər mövcud idi və onların həllinin çoxu sual altında idi. Poliomielit, difteriya, qızılca, məxmərək kimi bir çox xəstəliklər baş alıb gedirdi və hətta bu xəstəliklərin çoxu epidemiya həddinə çatmışdı.
Ulu öndərin apardığı uğurlu səhiyyə siyasəti nəticəsində MDB dövlətləri içərisində, ilk dəfə olaraq, o dövrdə Azərbaycan Avropadan külli miqdarda kredit əldə etdi və bu kredit, ilk növbədə, uşaqların peyvəndlə təmin olunması, vaksinasiya işinə və yoluxucu xəstəliklərin qarşısının alınmasına, mövcud xəstəliklərin müalicə və profilaktikasına yönəldildi.
Beləliklə, MDB ölkələri içərisində Azərbaycan, ilk dəfə olaraq, 1996-cı ildə həm poliomielit, həm difteriya kimi qorxulu xəstəliklərin, o cümlədən, qızılca və məxmərəyin epidemiya törətmək təhlükəsindən tam uzaqlaşdı. Hətta 1996-cı ildən 2002-ci ilə qədər Azərbaycanda poliomielit xəstəliyi müşahidə edilmədiyinə görə 2002-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri tərəfindən Azərbaycan poliomielitsiz ölkə sertifikatı aldı.
Bunu difteriya xəstəliyi haqqında da demək olar. Difteriya ilə xəstələnmə sıfır həddinə çatıb. Yəni, bu, o deməkdir ki, bu gün bütöv respublika üçün qorxulu sayılan difteriya xəstəliyinə tutulan və ölən uşaqlar yoxdur.
Əvvəllər Azərbaycanda peyvənd işi müxtəlif təşkilatların dəstəyi və humanitar yardımı ilə həyata keçirilirdisə, indi peyvənd işi bütövlükdə dövlət vəsaiti hesabına aparılır. 2010-cu ilədək qızılca və məxmərək xəstəliklərinin də sıfıra endirilməsi gözlənilir.
May ayında Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı, YUNESKO və İSESKO -nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə tikilib istifadəyə verilən Talassemiya Mərkəzinin açılışını misal göstərmək olar. Bu səhiyyə ocağında nəinki irsi qan xəstəliyi olan uşaqların müalicəsi və profilaktikası, hətta yaxın zamanlarda sümük iliyinin transplantasiyası kimi ağır əməliyyatın da həyata keçiriləcəyi reallaşacaq.
Söhbət təkcə bu sahədə uşaqların problemlərinin həllindən deyil, Azərbaycanda gənc nəslin sağlam böyüməsi üçün silsilə tədbirlərin həyata keçirilməsindən gedir. Bəli, Azərbaycanda bu gün uşaqlara göstərilən dövlət qayğısı nəyinsə xatirinə, yaxud kampaniya xarakterli deyil, daimi və yüksələn xəttlə davam etdirilir.
Bu gün bizi əhatə edən ölkələrin heç birində bütövlükdə bu xidmətlər dövlət tibb müəssisələrində pulsuz həyata keçirilmir. Bu da Azərbaycan dövlətinin xalqa, əhaliyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyev Azərbaycan xalqının öz gələcəyinin əsasını bu gündən sağlam şəkildə qoyur.

Digər xəbərlər