Naxçıvan Muxtar Respublikası- 85 Təhsil sahəsində həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikanın orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti ilbəil yaxşılaşır
Qədim Azərbaycan torpağı olan Naxçıvan Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan, eyni zamanda, dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.
"Naxçıvan" "Nəqşi -cahan", yəni "dünyanın naxışı", "dünyanın bəzəyi" mənasını verir. Xalq arasında geniş yayılmış digər bir rəvayətə görə "Naxçıvan" toponimi Nuh peyğəmbərlə, daha doğrusu, "dünya tufanı" ilə bağlı olub "Nuhçuvan" - "Nuh tərəfdarlarının məskəni", "Nuhun diyarı" deməkdir. Həzrəti Nuh peyğəmbərin qəbri də Naxçıvan şəhərindədir. Bəzən isə Naxçıvan sözünü "Nakçuana/Naxçuan" - "möcüzəli və yaxşı sular diyarı", yaxud "müalicəvi mineral sular ölkəsi" kimi də izah edirlər. Muxtar respublika Zaqafqaziya yaylasının cənub-şərqində yerləşir. Ərazisinin çox hissəsini Kiçik Qafqazın Zəngəzur və Dərələyəz dağ silsilələri əhatə edir.
Naxçıvan Muxtar Respublikası mövcudluğu, bugünkü yaşayışı və nicatı üçün 1990-93-cü illərdə ümummilli lider Heydər Əliyevin siyasi təqib üzündən burada yaşayıb-işləməsinə, siyasi fəaliyyət göstərməsinə borcludur. Muxtar respublikanın əhalisi müstəqil dövlətçiliyin qurulması və möhkəmləndirilməsi, vətənimizin ərazi bütövlüyünün qorunması, ölkədə demokratik dəyərlərin bərqərar olması kimi ali amallara qovuşmaq üçün Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı uğrunda mübarizənin ön sıralarında getmişdir. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında xalqın təkidli istək və arzusu ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsini öhdəsinə götürdü. 1992-ci ilin noyabrında Azərbaycanın ən görkəmli ziyalıları, elm və sənət adamları, siyasi xadimləri Naxçıvana üz tutdular. Naxçıvan şəhərində Heydər Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. 1993-cü ilin yayına doğru Naxçıvan bütün ölkənin milli-demokratik hərəkatının mərkəzi, möhkəm dövlətçiliyin, siyasi sabitliyin hakim olduğu bir bölgə idi. Naxçıvanlılar 1993-95-ci illərin dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında, ölkədə sabitliyin və birliyin bərqərar olmasında fəallıq göstərmişlər.
Naxçıvana təyyarə ilə gələn qonaqlarda müasir üslubda tikilmiş beynəlxalq hava limanı MR haqqında ilk dəqiqələrdə müsbət fikir yaradır. İnsan Şərq şəhərindən daha çox, Avropa şəhərinə gəldiyini düşünür. Hava Limanından MR-in paytaxtına qədər olan magistral yoldakı rahatlıq elə ilk dəqiqələrdə avtomobildə gedərkən hiss olunur. Yolun kənarlarında səliqə ilə salınmış yaşıllıq zolaqları, meyvə bağları insanda xoş təəssürat yaradır. Son illər MR-də yaşıllıqların qorunmasına, meşə zolaqlarının bərpasına, yaşıllıq sahələrinin daha da genişləndirilməsinə böyük diqqət ayrılıb. Ümumiyyətlə, Naxçıvan MR-də Azərbaycanın nadir fauna və florası məskunlaşıb. MR-in ərazisi Azərbaycan Respublikası ərazisinin 6,2 %-ni təşkil etdiyi halda, növ müxtəlifliyinə görə florası ölkə florasının 60 faizə yaxınını, faunası isə 56 faizini təşkil edir. Dünyada olan 11 iqlim qurşağından 7-nə Naxçıvan Muxtar Respublikasında rast gəlinir. Naxçıvan Muxtar Respublikası ərazisində 3000-ə yaxın bitki növü, 373 heyvan növü, 226 quş növü var. Muxtar respublikadakı Ordubad Dövlət Yasaqlığı, Həsən Əliyiev adına Ordubad Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu və Arazboyu Dövlət Təbiət Yasaqlığında nadir fauna və flora növləri qorunur. Naxçıvanlılar zəngin flora və faunanı qorumaqla yanaşı, yaşıllıq sahələrinin genişləndirilməsini də hər zaman diqqət mərkəzində saxlayırlar.
Naxçıvan şəhərinin girəcəyində qonaqları düşmən üzərində hücuma keçməyə hazır vəziyyətdə olan xalq qəhrəmanı Koroğlunun şahə qalxmış Qırat üzərində möhtəşəm bir heykəli qarşılayır. Şəhərə daxil olarkən buradakı səliqə-səhman diqqəti cəlb edir. Hələ Sovetlər Birliyi dövründən inşa olunmuş binaların əksəriyyətinin fasad hissəsi tamamilə yenilənib. Bu da şəhərə tam bir müasirlik, yeni gözəllik gətirib. Müasir memarlıq üslubunda tikilən yeni binalar, istirahət bağlarında, parklarda, ümumiyyətlə, şəhərin hər yerində olan təmizlik, səliqə-sahman insanı valeh edir. Köhnə, yararsız tikililərdən, addımbaşı səpələnən, müasir tələblərə cavab verməyən ticarət obyektlərindən, bazarlardan indi əsər-əlamət qalmayıb. Demək olar ki, Naxçıvan şəhəri gözəlliyinə, təmizliyinə görə Avropa şəhərlərindən heç də geri qalmır. Naxçıvan dünyanın ən qədim şəhər məskənlərindən biridir. Şərqdə və bütün dünyada ən qədim şəhərlərdən biri hesab olunur. Orta əsr tarixçisi Stefan Orbelyani Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu haqda məlumat vermişdir. Sistemləşdirilmiş yazılı mənbələr, Naxçıvan ərazisindən arxeoloji qazıntılar zamanı əldə olunan arxeoloji materiallar, məşhur Gəmiqaya qayaüstü yazıları və bu ərazidəki digər abidələr bir daha sübut edir ki, Naxçıvan şəhərinin 5 min ilə yaxın yaşı vardır.
Son dövrlər MR-də təhsil ocaqları üçün yeni binaların tikilməsi geniş vüsət alıb. Azərbaycanda dövlət müstəqilliyin möhkəmləndirilməsindən sonra təhsil sistemi xüsusi diqqət və qayğı göstərilən strateji sahəyə çevrilmişdir. Ölkədə təhsilin daha da inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli dövlət proqramları, mühüm layihələr hazırlanmış və icrası təmin olunmuşdir. Görülmüş işlərin nəticəsi olaraq fərəhləndirici fakt ondan ibarətdir ki, müasir Azərbaycanda, o cümlədən, Naxçıvan Muxtar Respublikasında oxuyub-yazan əhalinin nisbət göstəricisi 100% olaraq ifadə olunur. Muxtar respublikada Naxçıvan və Şərur Türk liseyləri, Naxçıvan və Ordubad Qız liseyləri də daxil olmaqla 221 gündüz ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 205-i orta, 12-i əsas, 4-ü ibtidai məktəbidir. Muxtar respublikada həmçinin, 44 məktəbdənkənar tərbiyə müəssisəsi, Uşaq-Gənclər İdman və Şahmat məktəbi, 18 məktəbəqədər tərbiyə müəssisəsi var. Təhsil müəssisələrinin yeniləşməsi və maddi- texniki bazasının təkmilləşdirilməsi hər zaman diqqət mərkəzində saxlanılan ümdə məsələdir. Muxtar respublikanın bütün yaşayış məntəqələrində, o cümlədən, ən ucqar dağ kəndlərində müasir standartlara cavab verən yaraşıqlı təhsil ocaqları tikilir və ya əsaslı təmir olunur. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş 2005-2007-ci illəri əhatə edən "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"na uyğun olaraq muxtar respublikanın orta ümumtəhsil məktəbləri yeni informasiya texnologiyaları ilə təmin olunmuşdur. Həmçinin, 2006-cı ildə ölkə prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı ilə nəşr olunmuş klassik və dünya ədəbiyyatı nümunələrindən 230 adda 315 min ədəd kitab gətirilərək ümumtəhsil məktəb kitabxanalarına verilmişdir.
Təhsil sahəsində həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikanın orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti ilbəil yaxşılaşır, ali məktəblərə qəbul olanların sayı artır. 2008-ci ildə 5571 abituriyent ali məktəblərə sənəd vermiş, onlardan 1270 nəfər tələbə adını qazanmış və ən yüksək bal toplamış 5 tələbə Prezident təqaüdünə layiq görülmüşdür. Həmçinin, ali məktəblərə qəbul olunanların 219 nəfəri 500-700 intervalında bal toplamışdır ki, bu da 2007-ci illə müqayisədə 37% çoxdur.
Muxtar respublikada orta ümumi təhsillə yanaşı texniki peşə və orta ixtisas təhsili də inkişaf etmişdir. 1984-cü ildən texniki peşə məktəbləri həm də orta təhsil verir. Naxçıvanda 1 peşə liseyi, 3 peşə məktəbi və 3 texnikum mövcuddur.
Son illər ali təhsil müəssisələrinin inkişaf etdirilərək beynəlxalq universitetlərlə əlaqələrinin genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Ali təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər görülür. Hazırda muxtar respublikada 3 ali məktəb fəaliyyət göstərir. Bu məktəblərdə - Naxçıvan Dövlət Universitetində, Naxçıvan Müəllimlər İnstitunda və Naxçıvan Özəl Universitetində 54 ixtisas üzrə ali təhsilli mütəxəssislər, pedaqoji və elmi kadrlar hazırlanır.