PDF Oxu

Əsas

  • 20

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəcib dəyərlərə söykənir

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəcib dəyərlərə söykənir
Tarixdən yaxşı məlumdur ki, hər bir xalq özünün taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irsini, təcrübəsini öyrənərək gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl addımlar atır. Sağlığında Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm tədbirlərlə canlı əfsanəyə çevrilmiş ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması da xüsusi aktuallıq kəsb edir.
Azərbaycan xalqı taleyində misilsiz rol oynamış ulu öndərin xatirəsini daim əziz tutmuş, onun əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atmışdır. Dövlət başçısı İlham Əliyev ulu öndərin əsasını qoyduğu strateji siyasi kursu son 6 ildə bütün sahələrdə inamla davam etdirməklə yanaşı, Heydər Əliyev ideyalarının cəmiyyətdə praktik surətdə gerçəkləşməsinə və möhkəmlənməsinə nail olmuşdur. Dövlət başçısı İlham Əliyevin hələ 2004-cü ildə imzaladığı fərmanla ulu öndərin adının əbədiləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, hələ 70-80-ci illərdə inşasına nail olduğu bir sıra möhtəşəm tikililərə Ulu Öndərin adı verilmişdir.
2004-cü ildən analoqu olmayan ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu da nəcib, xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Fondun başlıca məqsədi ümummilli liderin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənclərin tərbiyəsinə çalışmaq, respublikanın nüfuzunu artırmaq kimi strateji vəzifələrdən ibarətdir. Fondun fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına, bəşəriyyətin xilasına yönələn mütərəqqi idealların cəmiyyətdə möhkəm əsaslarla qorunmasına, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik, humanizm kimi müqəddəs dəyərlərin aşılanmasına yönəlmişdir.
Yarandığı müddətdən bu günə qədər öz fəaliyyəti ilə Azərbaycan vətəndaşlarının, sözün əsil mənasında, ümid, pənah yerinə çevrilmiş fond ümummilli lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənən ideoloji-humanitar mərkəz kimi üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin mühüm istiqamətlərindən biri də ölkədə insan hüquq və azadlıqlarının qorunması prosesində yaxından iştirakıdır. Bu gün on minlərlə insanın pənah apararaq probleminin həllinə kömək istəməsi fond rəhbərliyinin fəaliyyətinə dərin inamın ifadəsidir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi də bu istiqamətdə fəallıq nümayiş etdirir.
Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. Vaxtilə dahi öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanist siyasət nəticəsində 1995-ci ildə əfv və amnistiya təsisatları bərpa olundu. Həmin vaxtda ölkəmizdə Heydər Əliyevin təşəbbüsü ilə 7 amnistiya aktı və 37 əfv fərmanı qəbul edilmiş və minlərlə insan azadlığa buraxılmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyulmuş, 1998-ci ildə isə ölkəmizdə ölüm cəzası birdəfəlik ləğv olunmuş və Azərbaycan ölüm cəzasını Şərqdə ləğv edən ilk ölkəyə çevrilmişdir. Bu dövrdə Azərbaycanda həm cinayətkarlıqla qətiyyətlə mübarizə aparılmış, həm də eyni zamanda, cinayət törətmiş şəxslərə münasibətdə humanistlik göstərilmişdir. Belə bir düşünülmüş siyasət Azərbaycanda tez bir zamanda ictimai-siyasi sabitliyin bərqərar olmasına öz töhfəsini vermişdir.
Mehriban xanım Əliyevanın da təşəbbüsü əsasında 2007-ci ilin may ayında Milli Məclisdə qəbul olunaraq dövlət başçısı tərəfindən imzalanan amnistiya aktının cəmiyyətdə böyük diqqət və hörmətlə, sevinclə qarşılanması da təsadüfi deyildir. Ulu öndərin humanist siyasətinə sədaqətin əyani nümayişi olan bu amnistiya aktı ilk gündən onun xatirəsinə ehtiramın ifadəsi kimi diqqəti çəkmişdir. Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və qəbul edilərək geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir. Amnistiya aktı üç ay ərzində həyata keçirilərək minlərlə insanı azadlığa qovuşdurmuş, onların qayıtmasını həsrət və intizarla gözləyən yaxınlarının, ailə üzvlərinin hədsiz sevincinə səbəb olmuşdur. Amnistiya aktı ümumilikdə 9 mindən artıq şəxsi əhatə etmişdir.
Yekdilliklə qəbul olunaraq ölkə rəhbəri tərəfindən imzalanan bu amnistiya aktı bir daha Heydər Əliyev Fondunun insanpərvərlik, humanizm və ədalət kimi ali dəyərlərə sadiqliyini, insan və vətəndaş hüquq və azadlıqlarına həssas münasibətini əks etdirmişdir.
Ümummilli liderin insanpərvər siyasətinə yüksək sədaqət nümayiş etdirən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ərəfəsində amnistiya aktı qəbul edilmişdi.
Amnistiya aktının icrasının yekunlarına dair aparılmış ümumiləşdirmə və təhlillər nəticəsində həmin aktın 9 min 564 şəxsə tətbiq olunduğu müəyyən edilib. Onlardan 8 min 604-ü kişi, 960-ı qadın, o cümlədən, 23-ü yetkinlik yaşına çatmayan şəxsdir. Azadlıqdan məhrumetmə növündə cəza çəkən 2 min 30 və intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkən 137 şəxs amnistiya nəticəsində azadlığa buraxılmış, 516 şəxsin isə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Bundan əlavə, azadlığın məhdudlaşdırılması növündə cəza çəkən 1600, islah işləri növündə cəza çəkən 2 min 853, ictimai işlər növündə cəza çəkən 198, habelə, maddi vəziyyəti ilə əlaqədar olaraq təxminən 670 min manat məbləğində cəriməni ödəyə bilməyən 1.860 məhkum şəxs cəzalardan azad olunub. Həmçinin, şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 369 məhkum barəsində də amnistiya tətbiq edilib. Amnistiyanın təsiri altına düşmüş şəxslərin 95 faizi böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməyə görə məhkum olunmuş şəxslərdir. Cəzadan azad olunmuş şəxslərin qalan hissəsi isə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş və cəzalarının sonuna az müddət qaldığı üçün amnistiya aktı ilə nəzərdə tutulan məhdudiyyətlərin təsiri altına düşməyən şəxslər olub.
Onu da xatırladaq ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi humanizm siyasəti nəticəsində 1995-ci ildə əfv və amnistiya təsisatları bərpa edildikdən sonra qəbul edilən 9 amnistiya aktı 96 mindən çox şəxsə tətbiq edilmiş, o cümlədən, təxminən 25 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunub.
Xeyirxahlıq, mərhəmət və humanizm insanı daxilən saflaşdıraraq başqalarının gözündə ucaldan, insanlığın zinətinə çevirən ali dəyərlərdən sayılır. Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək, eyni zamanda, Azərbaycan xalqının tapındığı yüksək milli-mənəvi, dini dəyərlərdən irəli gəlir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.

Digər xəbərlər