Alternativ enerjinin geniş istifadəsinə başlanılır
Prezident İlham Əliyevin sərəncamı ilə Sənaye və Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa olunan enerji üzrə Dövlət Agentliyinin yaradılması bu sahənin inkişafının dövlətin prioritet sahələrindən biri olduğunu isbatladı. Bundan öncə isə dövlət başçısının qərarı ilə Azərbaycan Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin Nizamnaməsini imzalayaraq rəsmən bu beynəlxalq mötəbər təşkilata üzv oldu. Bütün bu qərarlarda əsas məqsəd qəbul edilmiş "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə Dövlət Proqramı"nın müddəalarının həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Məlumdur ki, inkişaf etmiş dünya ölkələrinin əksəriyyətində ekoloji cəhətdən təmiz və ucuz başa gələn qeyri-ənənəvi enerji mənbələrinə böyük əhəmiyyət verilir. Bu sahədə qabaqcıl mövqeyə malik ABŞ, Yaponiya, Çin, Kanada, Almaniya, Finlandiya, İspaniya, Norveç, Danimarka kimi ölkələrdə istehsal olunan enerjinin təxminən 13-14 faizi məhz alternativ enerji mənbələrinin payına düşür. Alternativ enerji mənbələri sırasında günəş enerjisinin payı daha yüksəkdir. Məsələn, günəş enerjisindən istifadə etməklə alınan enerjinin həcmi ABŞ-da 600 MVt-a, Fransa və İsraildə 100 MVt-a, Türkiyədə 50 MVt-a bərabərdir. ABŞ, Yaponiya, Çin, Almaniya kimi ölkələrdə isə hətta günəş enerjisinin birbaşa elektrik enerjisinə çevirmək üçün yüksək texnologiyalar tətbiq edilir.
Azərbaycanın da alternativ enerji mənbələrindən istifadə sahəsində böyük potensial var. Enerji mənbələri üzrə aparılan tədqiqatlar sübut edir ki, həqiqətən də, Azərbaycan müxtəlif profilli böyük alternativ enerji ehtiyatlarına malikdir. Belə enerji mənbələrindən biri və digərlərinə nisbətən ən sərfələsi külək enerjisidir. Çünki ölkənin çox hissəsi, xüsusilə də, Abşeron yarımadası üçün küləkli hava şəraiti xarakterikdir və burada küləyin orta sürəti 6 metr/san bərabərdir. Bu cür elektrik stansiyalarının fəaliyyət göstərməsi üçün isə minimum 4 metr/san sürətində külək tələb olunur. Bunu nəzərə aldıqda ölkəmizin bir sıra bölgələrində külək enerjisi qurğularının yaradılması mümkündür. Aparılan hesablamalara görə, Azərbaycanın coğrafi vəziyyəti və təbii şəraitinə əsasən külək enerjisi sahəsində ölkə illik 800 MVt-a qədər enerji ehtiyatına malikdir ki, bu da təqribən 2,4-2,5 milyard KVt elektrik enerjisi deməkdir. Bu imkandan istifadə isə 1 milyon tona yaxın şərti yanacağa qənaət etməyə imkan verir.
Ölkəmizdə günəş enerjisindən istifadənin də böyük perspektivləri var. Bu da az miqdarda vəsait sərf etməklə il ərzində böyük həcmdə elektrik enerjisi əldə etməyə imkan verə bilər. Günəş enerjisinin səmərəliliyi ərazinin coğrafi iqlimi və təbii şəraitindən asılıdır ki, bu da günəşli günlərin çoxluğu və yer səthinin hər 1 kvadratmetrinə düşən günəş enerjisi ilə hesablanır. Hesablamalara görə, günəşin daha çox "istilik payı" göndərdiyi ölkələrin içərisində Azərbaycan aparıcı yerlərdən birini tutur. Belə ki, il ərzində ABŞ və Orta Asiya 2500-3000, Rusiya 1500-2000 günəşli saatlara malikdirsə, Azərbaycanda bu göstərici 2400-3200 saata çatır. Bir il ərzində günəşdən yerə gələn enerjinin miqdarına görə Azərbaycan Çinlə birlikdə (1800-2000 MVt) ABŞ-ı, Rusiyanı, Fransanı geridə qoyur. O da məlumdur ki, hazırda ölkəmizdə ən çox istifadə edilən bərpa olunan enerji mənbəsi su elektrik stansiyalarıdır ki, il ərzində respublikada istehsal edilən elektrik enerjisinin 17% məhz onların payına düşür. Lakin hesablamalara görə, çayların tam hidroenerji potensialı 40 milyard KVt, texniki cəhətdən göstəricisi isə 16 milyard KVt-ya bərabərdir ki, respublikadakı çayların üzərində onlarla yeni kiçik su elektrik stansiyaları qurmaqla istehsal edilən "su enerjisi"nin həcmini 3,2 milyard KVt-ya çatdırmaq olar. Bunun üçün isə yaxın gələcəkdə ölkədə 60-a qədər kiçik SES-in tikilməsi nəzərdə tutulur. Yerin təkindəki yüksək temperaturlu sulardan da alternativ enerji mənbəsi kimi istifadə etmək mümkündür. Geotermal adlanan bu enerji mənbəyinin üstün cəhəti ondan ibarətdir ki, ondan yararlanmaq böyük maliyyə vəsaiti tələb etmir. Tədqiqatlar sübut edir ki, əlverişli təbii şəraitdə geotermal sistemlər ənənəvi yolla alınan enerjidən təqribən 2-2,5 dəfə ucuz başa gəlir. Azərbaycanda enerji mənbəsi kimi termal sulardan istifadə etmək imkanları da var. Lakin hələlik, Azərbaycanda enerjidən istifadənin miqyası ilə müqayisədə geotermal enerjidən istifadə səviyyəsi olduqca aşağıdır. Qeyd edək ki, termal sular Azərbaycanda geniş yayılıb və onlar təsərrüfat üçün tamamilə yararlı hesab edilir. Termal suların respublikanın ərazisində yayılmasına baxmayaraq, yalnız Abşeron, Lənkəran, Gəncə, Şirvan, Muğan, Salyan, Xaçmaz iqtisadi rayonları praktiki əhəmiyyətə malikdir.
Aparılan tədqiqatlar göstərir ki, aşkar edilən termal sular məişətdə, isti su təchizatında, istixanaların qızdırılmasında, tibbdə, texnoloji proseslərdə xammal kimi və digər məqsədlər üçün istifadə edilə bilər. Onu da qeyd edək ki, ölkəmizdə termal sulardan istifadəyə ilk dəfə Kürdəmir rayonu ərazisində başlanılıb. Belə ki, ulu öndər Heydər Əliyevin göstərişi ilə hələ 1980-ci illərdə neft-qaz axtarışı məqsədilə qazılan quyudan gözlənilmədən sutkada 6-10 min kubmetrə qədər həcmdə, hərarəti 80-90 dərəcəyə çatan termal su çıxıb. Lakin təəssüf ki, iyirmi ildən artıq müddət ərzində istifadəsiz qalan və ətraf ərazilərə axaraq xeyli torpaq sahələrini yararsız hala salan həmin sulardan hazırda yalnız müalicə məqsədləri üçün istifadə edilir.
Dünya təcrübəsində istifadə edilən alternativ enerji mənbələrindən biri də biokütlə enerjisidir ki, burada əsasən, yanma qabiliyyəti olan sənaye, kənd təsərrüfatı, məişət və üzvü birləşmə tullantılarından istifadə edilir. Belə tullantıların yandırılması nəticəsində bioqaz, biomaye, bərk biokütlə alınır ki, bunlardan da mənzillərin qızdırılmasında və işıqlandırılmasında yararlanmaq olar. Bir çox xarici ölkədə tullantıların yandırılması üçün xüsusi zavodlar çoxdan mövcuddur. Orada yandırılan tullantılardan alınan enerjisi hesabına yaxınlıqdakı mənzillər istilik və elektrik enerji ilə təmin edilir, yandırılmadan sonra qalan kütlə isə gübrə kimi istifadə olunur. Azərbaycanda da il ərzində zibil poliqonlarına 2 milyon tona qədər tullantının atıldığını nəzərə alsaq, bu sahədə xeyli əlavə enerji qazanmağın mümkünlüyü aydın olur.
Onu da qeyd edək ki, bu gün alternativ enerji mənbələrinin dünyanın enerji balansında 2015-ci ildə 10 faizə, 2050-ci ildə isə faizə çatdırılması nəzərdə tutulur. Lakin alternativ enerji mənbələrinin yaradılması üçün ilkin mərhələdə zəruri avadanlıqların alınmasına, tələb olunan qurğuların quraşdırılmasına böyük həcmdə vəsait tələb olunur. Məsələn, gücü 1 MVt olan və küləklə işləyən bir stansiyanın tikilməsi üçün 750-800 min ABŞ dolları məbləğində vəsait lazımdır.
Heç şübhəsiz ki, Prezidentin sərəncamı ilə yeni yaradılmış Dövlət Agentliyi bu sahədə müvafiq işlər görərək qarşıda duran vəzifələrin öhdəsindən qısa bir vaxta gələcək.