Tikinti sektoruna ipotekalar ayrılacaq
Məlum olduğu kimi, artıq ölkədə ipoteka kreditləşdirməsi bərpa edildi. Xatırladaq ki, proses 2 ildir dayandırılmışdı. Azərbaycanda ipoteka kreditləşdirilməsinə 2006-cı ilin martın 1-də başlanılmış və həmin tarixdən 30 gün sonra bu sahədə ilk kredit verilmişdi. Lakin proses gözlənildiyinin əksinə olaraq, o qədər sürətlə start götürdü ki, cəmi 14-15 aydan sonra kreditləşidirmənin qeyri-müəyyən vaxtadək dayandırıldığı bildirildi. Belə ki, 2007-ci ilin fevralın 7-sində ölkədə artıq sayca 100-cü ipoteka krediti verilmişdi.
Məlumdur ki, bir çox xarici ölkələrdəki təcrübəyə uyğun olaraq, bizdə də bu sahədə xüsusi qurum - Azərbaycan İpoteka Fondu fəaliyyət göstərir. Adıçəkilən qurum Mərkəzi Bankın nəzdində olmaqla, ölkədə əhalinin yaşayış şəraitini yaxşlaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədiylə ölkə Prezidentinin "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" 2005-ci il 16 sentyabr tarixli fərmanına əsasən yaradılmışdır.
Məlum olduğu kim, ölkəmizdə tikinti bumu dünyadakı maliyyə və iqtisadi böhranın təsiri nəticəsində səngidiyindən iqtisadiyyatda əvvəlkinə nisbətən ümumi durğunluq yaranmışdır. Ümumiyyətlə, böhran Azərbaycanda birinci tikinti sektorunu vurdu. Doğrudur, böhrana baxmayaraq, qeyri-neft sektorunda artım davam etməkdədir. Bunu cari ilin əvvəlindən keçən birinci 3 ay ərzində sözügedən sektorda 13,7 faiz artımın qeydə alınması da təsdiq etdi. Lakin ölkə iqtisadiyyatında ən fəal tikinti sektoru olduğundan, burada tempin aşağı düşməsi istər-istəməz digər sahələrə də təsir göstərir. Belə ki, tikintiyə yardımçı sahələr də daxil olmaqla, bir çox əlaqədar sferalarda zəncirvari reaksiya nəticəsində, xüsusən, işsizlərin sayının artması, şübhəsiz ki, ciddi problem sayılır. Odur ki, hökumət də böhranın təsirlərini aradan qaldırmaq üçün ilk gündən məhz bu sektordakı fəallığı bərpa etmək barədə düşünməyə başladı. Bundan ötrü əvvəl, daha çox bankların likvidliyinin bərpası ətrafında müzakirələr açıldı ki, ilin əvvəlində ölkənin mövcud valyuta ehtiyatlarından təxminən 2,5 milyard manat vəsaiti ayıraraq tezliklə ölkəyə gətirməyin vacib olduğu vurğulandı.
İqtisadçı Vüsal Qasımlının bu məsələ ilə bağlı verdiyi açıqlamasında da, bildirilir ki, Azərbaycanın tikinti sektorunda durğunluq hiss olunur. Xüsusilə, sahibkarlar yeni binaların tikintisinə o qədər də meyil göstərmirlər. Eyni zamanda, tikinti bazarında satış həcmi azalıb, qiyimətlər aşağı düşüb və əhalinin tikinti bazarı ilə əlaqədar inflyasiya gözləntiləri var. O, əhalinin mövcud qiymətlərin daha da aşağı düşəcəyinin gözləndiyini bildirib. Yəni, əhali mənzili indi yox, gələn ay alarsa, daha çox vəsaitə qənaət etmiş olacaq: "Bu baxımdan, tikinti bazarının canlanmasına ehtiyac var. Əgər Azərbaycanda hər il mənzilə ehtiyacı olan ev təsərrüfatlarının artım dinamikası ilə, hər il təhvil verilən mənzil sahələrini nəzərə alsaq, gərərik ki, burada böyük bir səy var. Məsələn, son illərin təcrübəsi göstərir ki, hər il orta hesabla 1 milyon kvmetr mənzil istifadəyə verilirsə, buna yaranan tələbat daha çox, yəni 2-3 milyon kvmetrdir. Ona görə hökumət sosial ipoteka proqramının tətbiqini tikinti sektorunun canlanması vasitəsi kimi nəzərdən keçirir".
İqtisadçının fikrincə, bu ideyanın effekti olduqca müsbət olacaq. Azərbaycanda ipotekanın tətbiqinə başlananda kreditlərin həcminin az olmasına baxmayaraq, bunun tikinti bazarında bir canlanma yaradacaq. Onun sözlərinə görə, qiymətlər yüksəlməyə, işgüzar fəaliyyət güclənməyə başladı, yeni tikinti meydançaları yarandı və s. İndiki halda ilin sonuna qədər sosial ipoteka kreditləri bərpa olunarsa, bu, işgüzar dialoqun güclənməsinə, eləcə də, tikinti bazarına əlavə bir stimul verəcək. Tikinti bazarında qiymətlərin sabitləşməsinə, hətta yüksəlməsinə gətirib çıxaracaq. Əhalinin mənzil alması üçün alıcılıq qabiliyyətini təmin edəcək. Mənzil almaq üçün gözləyən əhalinin müəyyən bir təbəqəsi artıq fəallaşacaq.
V.Qasımlı dollara tələbatın artması məsələsinə də toxunaraq, bildirib ki, Azərbaycanda dollar təklifinin ölkəmizdə ixrac edilən neft məhsullarından asılıdır: "Eyni zamanda, bizim 1,5 milyard dollar məbləğində qeyri-neft, qaz ixracımız var. Buradan da xarici valyuta əldə edirik. Bütün bu amillər ölkəmizdə dolların təklifini formalaşdırır. Lakin dollara olan tələbat isə bizim idxalla müəyyənləşdirilir. Yəni, biz nə qədər çox idxal ediriksə, o qədər də çox dollara ehtiyacımız olur. Amma bu gün Azərbaycanda neft hasilatının 45 milyon ton civarında olması və bunun da böyük əksəriyyətinin ixraca yönəlməsi Azərbaycanda dollar qıtlığının yaranmayacağından xəbər verir. Çünki Azərbaycanın istər dollar, istərsə də ki, digər xarici valyuta əldə etməsi daxili bazarda dollara olan tələbatın tamamilə ödənilməsinə imkan yaradır. Bu da, onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanda digər ölkələrdə olduğu kimi, xarici valyutaların qıtlığı ajoitajı yarana bilməz. Azərbaycan manatı öz sabitliyini qoruyacaqdır".