PDF Oxu

Əsas

  • 15

Dövlət Sərhəd Xidməti mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib

Dövlət Sərhəd Xidməti mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib
Cari ilin iyul ayının 16-da Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala sərhəd dəstəsinin xidməti ərazisində mütəşəkkil cinayətkar dəstənin Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədi yaxınlığında sərhədi qanunsuz keçmə cəhdinin qarşısının alınması, sərhəd naryadına qarşı silahlı müqavimət göstərilməsi, atışma nəticəsində əsgər İsayev Bəhruz Əsgər oğlunun yaralanması, 1 nəfər cinayətkarın məhv edilməsi, digərinin yaralanması faktı ilə əlaqədar başlanılmış cinayət işi üzrə DSX, MTN, DİN və Azərbaycan Respublikasının Baş Prokurorluğunun birgə əməliyyat-istintaq qrupu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilib.
DSX-nin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, hadisə yerində səhra şəraitində uzun müddət yaşamaq üçün zəruri ərzaq, əşya-geyim ve məişət ləvazimatı ilə tam təchiz olunmuş 6 ədəd yol-bel çantası, 5 ədəd əl qumbarası, 30 ədəd 5,45 çaplı patronla dolu 1 ədəd "AK" markalı avtomat silah darağı, 2 ədəd boş "Makarov" tipli tapança darağı, 2 ədəd tapança qoburu, 3 ədəd "Nokia 1200" markalı mobil telefonu, 1 ədəd "HP" markalı noutbuk, 1 ədəd "Toşiba" markalı yaddaş qurğusu, internetə qoşulmaq üçün 1 ədəd modem qurğusu və digər əşyalar aşkar olunaraq götürülüb.
Hadisə ilə əlaqədar dərhal zəruri tədbirlər görülmüş, əraziyə DSX-nin çevik bölmələri, MTN ve DİN-in yerli bölmələrinin, Daxili Qoşunların şəxsi heyəti cəlb edilməklə silahlı dəstə üzvlərinin ax-tarışı və yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə genişmiqyaslı əməliyyat-qoşun tədbirləri, o cümlədən, ərazinin qapadılması, cinayətkarların gizlənməsi mümkün olan yerlərin ardıcıl yoxlanılması həyata keçirilib, hadisə yerinə yaxın yaşayış məntəqələrinə giriş-çıxış ciddi nəzarətə götürülüb.
Fakt üzrə ölkənin Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd etmə), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirlərinin gedişatında mütəşəkkil silahlı dəstə üzvlərinin şəxsiyyəti müəyyən edilib, keçirilmiş əməliyyat tədbirləri nəticəsində dəstənin xarici ölkə vətəndaşı olan 3 üzvü saxlanılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barələrində məhkəmə tərəfindən "həbs" qətimkan tədbiri seçilib.
Mütəşəkkil silahlı dəstə tərəfindən Balakən rayonunun Salban kəndi yaxınlığında meşə massivində iki yerdə xüsusi maskalanmış quyularda gizlədilmiş böyük bir qrupun uzun müddətdə səhra şəraitində yaşaması üçün təyinatlı olan külli miqdarda ərzaq, geyim əşyaları, çadırlar, meşədə sərbəst hərəkət etmək üçün çoxlu sayda ayaqqabılar, generatorlar, akkumulyatorlar və s. texniki və məişət avadanlıqları, 5,45 çaplı avtomat silahı üçün 1 ədəd səsboğucu qurğu, Azərbaycan Respublikasının atlas xəritələri, Balakən rayonu ərazisində Böyük Qubek dağının yaxınlığındakı meşə massivində xüsusi gizlədilmiş yerdə 1 ədəd 5,45 çaplı "AK-74" markalı avtomat silahı, 120 ədəd patronla dolu 4 ədəd daraq, 1 ədəd 7,62 çaplı nişangah və səsboğucu qurğu ilə təchiz olunmuş "AKM" markalı avtomat silahı, 30 ədəd patronla dolu 1 ədəd daraq, 2 ədəd "RQD", 1 ədəd "F-1" el qumbarası, içərisində meşə şəraitində uzun müddət yaşamaq üçün zəruri ərzaq, əşya-geyim ləvazimatı olan 2 ədəd yol-bel çantası, Balakən rayonunun Mazımçay kəndinin yaxınlığında xüsusi gizlədilmiş yerdə 1 ədəd "Makarov" tipli tapança və 1 ədəd daraqda 8 ədəd patron aşkar olunaraq götürülüb.
Əməliyyat-istintaq qrupu tərəfindən mütəşəkkil silahlı dəstənin qanunazidd plan və niyyətləri, dəstə üzvlərinin hərəkət marşrutları, ölkə ərazisində qaldıqları ünvanlar, əlaqədə olduqları şəxslər və istintaq üçün maraq doğuran digər xüsusatlar müəyyen edilib. Hazırda mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin saxlanılması və həmin dəstənin qeyri-qanuni fəaliyyətinə dair halların dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər