Rabitənin inkişafı ulu öndərin adı ilə bağlıdır
14 iyul 1969-cu il ulu öndərimiz Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlməsinin 40-cı ildönümü respublikamızın şəhər və rayonlarında böyük bayram əhval-ruhiyyəsi ilə qeyd olunur. Bu tarixi il Azərbaycanın ictimai-siyasi həyatında dönüş ili kimi qeyd olunur. Çünki bu dönüş mərhələnin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Bu tarixi illə bağlı dünən Bakı Telefon Rabitəsi İstehsalat Birliyində tədbir keçirildi. İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra tədbiri giriş sözü ilə açan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin direktoru Beytulla Hüseynov Azərbaycan xalqının Heydər Əliyev kimi böyük şəxsiyyəti olması ilə fəxr etdiyinin bildirdi. B.Hüseynov onu da vurğuladı ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərib. Bunların sırasında ən əsası müstəqil Azərbaycan dövlətinin qurulmasıdır. Hələ ötən əsrin 70-80-ci illərində sovet dönəmində respublikamızın inkişafında Heydər Əliyevin rolunu xatırladan B.Hüseynov qeyd etdi ki, ulu öndərimiz tariximizə qurucu insan kimi daxil olub: "Əsas məsələ odur ki, ulu öndər Heydər Əliyev xalqımızın qəlbində yaşasın. Belə olarsa, böyük öndərin ideyaları dövlətimiz və xalqımız üçün lazım olacaq. Ulu öndər Heydər Əliyevin böyüklüyü zaman keçdikcə daha əzəmətli görünəcək".
YAP Səbail rayon təşkilatı sədrinin müavini Əhliman Qarayev tədbirdə çıxış edərək bildirdi ki, hər bir xalqın dünya miqyasında tanınmasının, şöhrət qazanmasının, əslində, çox aydın və danılmaz şərtləri var. Həmin şərtləri tarixi reallıqlar da dönə-dönə təsdiq edib. Həqiqət ondan ibarətdir ki, bütün xalqların cəmiyyətdə mövcud olmasına, fəaliyyət göstərməsinə, ilk növbədə, arxalandığı, sosial-iqtisadi inkişafı üçün vəsilə saydığı təbii və mənəvi şərtlər, maddi - mənəvi sərvətlər kifayət etmir. Dövlətin dövlət olması, dünya səhnəsinə çıxması, müasir sivilizasiyanın parametrlərinə cavab verə bilməsi dövlət idarəçiliyini yüksək bacarıq və təşkilatçılıq qabiliyyəti ilə tənzimləyən fenomen şəxsiyyətdən də çox asılıdır... Ötən əsrin ortalarında, yəni 1969-cu ilin 14 iyulunda Azərbaycanda siyasi hakimiyyətə başçılıq etmək qisməti ulu öndərimiz Heydər Əliyevə nəsib oldu.
Ə.Qarayev qeyd etdi ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yeni istehsal sahələri işə düşdü, sənaye, kənd təsərrüfatı məhsullarının həcmi ildən-ilə yüksəldi. Onun 1979-cu ilin fevralında "Azərbaycan SSR-də üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi haqqında" Qərarı qəbul etməsi respublikada iqtisadi potensialın reallaşması yolunda uğurlu bir addım oldu.
Tədbirdə BTRİB-nin kadrlar şöbəsinin müdiri Hikmət Abduləlimov, Əzizbəyov Telefon Qovşağının rəisi Əli Zeynalov ulu öndər Heydər Əliyevin xalqı üçün miras qoyduğu müstəqil Azərbaycan dövlətində dinamik inkişaf və möhtəşəm quruculuq işləri proqramının həyata keçirilməsində yeni mərhələ oluduğunu dedilər. Çıxış edənlər onu da bildirdilər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məramı isə aydındır. O, vəd edibdir ki, Heydər Əliyevin müstəqil dövlətimizə böyük uğurlar gətirən yeganə düzgün siyasətinin davamçısı olsun. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, əsas məsələ odur ki, xalq öz rəhbərinə inansın, rəhbər də özünü elə aparmalı, elə işlər görməlidir ki, xalq onu dəstəkləsin: "Azərbaycanda xalqla hökumət arasında bu birlik, vəhdət var və bu, bizim bugünkü və gələcək inkişafımızın ən əsas, ən başlıca amillərindən biridir. Mən xalqın mənə olan münasibətindən güc alıram. Prezident kimi əsas fəaliyyətimin mənbəyi də xalqın iradəsidir. Mən bu amalla yaşayıram və bundan sonra da belə yaşayacağam".
İ.Bəkirov onu da vurğuladı ki, Heydər Əliyevin rəhbərliyi ilə, XX əsrin 70-ci illərindən başlayaraq, elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, Azərbaycanın tamamilə yeni tarixinin əsasının qoyulması mümkün olsun. Xalqımızın dahi oğlunun Azərbaycan üçün gördüyü bütün işlər müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi. Natiq onu da dedi ki, 1990-1993-cü illərdə yenicə müstəqillik qazanmış Azərbaycanın başının üstünü qara buludlar almış, həyat öz axarından çıxmışdı. Fərasətsiz rəhbərlər Azərbaycanı parçalanmaq həddinə çatdırmışdılar. Xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı. "Mən həyatda yalnız üç şeyə inanıram: Yaradanıma, zəhmətimə, bir də xalqıma",-deyən böyük şəxsiyyət gərgin əməyi, uzaqgörən siyasəti ilə dünyanın nəzərlərini qısa müddətdə Azərbaycana yönəltdi. Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən xilas etdi. Əgər bu müdrik şəxsiyyət olmasaydı, Azərbaycanı heç bir qüvvə qurtara bilməzdi. Heydər Əliyev fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz müdrik liderinə güvənməsi sayəsində, Azərbaycan öz bütövlüyünü qoruyub saxladı. Bu gün Azərbaycan xalqı Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, qətiyyətli və cəsarətli Prezidenti İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla irəliləyir.