PDF Oxu

Əsas

  • 14

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçiriləcək
Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-də Moskvada növbəti görüşünün keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, bu, son 13 ay ərzində iki ölkə liderinin artıq altıncı görüşü olacaq.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına ötəndəfəki işgüzar səfəri, keçirdiyi görüşlər beynəlxalq aləmin diqqət mərkəzində olub. Bunun da əsas səbəbi, son illər müstəqil Azərbaycanın dünya birliyində mövqeyinin xeyli möhkəmlənməsi, əlaqələrinin genişlənməsidir. Azərbaycan dünyada iri infrastruktur layihələrinin reallaşdırılmasında artıq böyük təcrübəsi olan dövlət kimi tanınır. Həmçinin, dünyada hökm sürən iqtisadi və maliyyə böhranının ölkəmizə o qədər də ciddi təsir göstərməməsi, xarici siyasət sahəsində qazanılan uğurlar müstəqil dövlətimizin nüfuzunu daha da artırmışdır. Azərbaycan Prezidentinin Sankt-Peterburqda Ermənistan prezidenti Serj Sarkisyanla görüşü də böyük maraq doğurmuşdur.
Politoloq Qabil Hüseynli prezidentlər arasında keçiriləcək növbəti görüşü haqqında danışarkən, bildirdi ki, proseslərdə Rusiya həmişə olduğu kimi, yenə də fəal iştirak edir. Beş rayonun boşaldılması məsələsi yenə də gündəmdədir. ATƏT-in həmsədrləri də bu işdə səy göstərirlər. Çox təəssüf ki, hələ də heç bir nəticə əldə olunmayıb. Qarabağda və yaxud azad olunacaq rayonlarda sülhməramlı qoşunların yerləşdirilməsi ideyası həyata keçirilə bilər. Yalnız burada təkcə Rusiya deyil, NATO-nun qoşun hissələrinin yerləşdirilməsi də əsas müzakirə obyektidir. Dağlıq Qarabağda sülhməramlı qoşunların böyük hissəsi, ehtimal ki, Rusiya Federasiyasının silahlı qüvvələri olacaq. Bu məsələnin bir çox tərəfləri, Rusiya da daxil olmaqla, Azərbaycan və Ermənistan tərəfindən, demək olar ki, razılaşdırılıb. Moskvada imzalanan bəyannamənin bəndlərindən birində qeyd olunur ki, Dağlıq Qarabağda yerləşdirilən sülhməramlı qüvvələrin tərkibində ABŞ ordusunun olması istisna deyil. Qafqazda cərəyan edən proseslər Qərbi bölgədə passif mövqe nümayiş etdirməyə məcbur edir: "Moskva bəyannaməsində diqqətçəkən məqamlardan biri də münaqişənin nizamlanmasında yalnız Azərbaycan-Ermənistan tərəflərinin iştirakı qeyd edilirdi. Dağlıq Qarabağın danışıqlarda üçüncü tərəf kimi iştirakının yolverilməz olduğu bildirilirdi. Bu təklif də Azərbaycan Prezidentinin mövqeyini əks etdirirdi. Çünki dövlətimizin başçısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar keçirilən bütün tədbirlərdə həmişə qətiyyətlə bildirib ki, danışıqlarda yalnız Azərbaycan və Ermənistan tərəfləri iştirak etməlidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu regionu heç bir dövlət tərəfindən müstəqil bir qurum kimi tanınmayıb. Ona görə də, danışıqlarda üçüncü tərəf kimi iştirak etməsi qətiyyən yolverilməzdir. Azərbaycan və Ermənistan prezidentlərinin bu ay ərzində növbəti görüşünün keçirilməsi, məhz problemin həllində müəyyən irəliləyişlərin ola biləcəyini mümkün edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi intensivləşib. Prezident İlham Əliyev Ermənistan prezidenti Serj Sarkisyan ilə beş dəfə görüşüb. Moskvada keçirilməsi gözlənilən növbəti görüş Ermənistana bir daha xəbərdarlıq olmalıdır. Çünki Azərbaycan prinsipial mövqeyindən heç zaman çəkilməyəcək. Bu istiqamətdə səylərini davam etdirir".
Onu da qeyd edək ki, iki ölkə prezidentlərinin 2008-ci ilin iyununda keçirilmiş ilk görüşündən keçən müddət ərzində, hər beş görüşdə Azərbaycan Prezidenti qətiyyətli mövqe nümayiş etdirərək bildirmişdir ki, Azərbaycan tərəfi münaqişənin nizamlanmasında beynəlxalq hüququn normalarına üstünlük verir. Dövlət başçımız Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu hər fürsətdə dilə gətirir və torpaqlarımızın bir qarışının belə güzəştə gedilməyəcəyini bəyan edir. Ermənistan tərəfi isə indiyə qədər qeyri-konstruktiv mövqe nümayiş etdirmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dövlət başçımızın beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verməsi, Ermənistan tərəfinin isə işğalçılıq siyasətindən əl çəkməməsi, keçirilən görüşlərdə konstruktiv mövqe nümayiş etdirməməsi, işğal altında saxladıqları Azərbaycan ərazilərini azad etmək fikrində olmaması beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu baxımdan, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü böyük əhəmiyyət kəsb edir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yaydıqları bəyanatda da, iki ölkə prezidentlərinin Sankt-Peterburq görüşünün müsbət addımlarla nəticələndiyi bildirilir. Bəyanatda qeyd edilir ki, təkbətək və həmsədrlərin iştirakı ilə keçirilən görüşlərdə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanma konsepsiyasını bütünlükdə nəzərdən keçirib və hələ də razılaşdırılmamış elementləri müzakirə etmişlər.
Azərbaycan Prezidentinin münaqişənin nizamlanmasında beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verməsi dünyanın tanınmış qurumları, habelə, superdövlətlərin rəhbərləri tərəfindən də dəstəklənir. Bu vaxta qədər keçirilən görüşlərdə və nüfuzlu beynəlxalq qurumlar tərəfindən yayılan bəyanatlarda da Azərbaycan Prezidentinin mövqeyinin dəstəklənməsi bunu bir daha sübut edir. Ötən il Moskvada üç dövlət - Rusiya Federasiyası, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları Moskva bəyannaməsindən də açıq-aydın hiss olunurdu ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq hüququn normalarına üstünlük verilir. Moskva bəyannaməsinin bütünlüklə Azərbaycan Prezidentinin mövqeyini dəstəkləməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının həll olunması tələbi artıq Ermənistanı fakt qarşısında qoydu. Bu, o demək idi ki, Ermənistan öz işğalçılıq siyasətinə son qoymalı, işğal etdiyi qonşu dövlətin ərazilərini azad etməli, ondan sonra hər hansı bir əməkdaşlıqdan söhbət açmalıdır. Əgər bütün bu deyilənlər baş verməsə, Ermənistan yenə də iri layihələrdən kənarda qalacaq, iqtisadi böhrandan yaxa qurtara bilməyəcək.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzənin də ötənilki bəyanatı böyük maraq doğurmuşdur. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın mövqeyini diqqətə çatdıran M.Brayzə demişdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. ABŞ-ın Ermənistana Azərbaycanın ərazi bütövlüyünü tanıması və hörmətlə yanaşması, beynəlxalq hüququn normalarına riayət etməsi təklifi də ölkəmizin diplomatik uğuru kimi dəyərləndirilməlidir. Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün müsbət addımlarla nəticələndiyi və müzakirələrin konstruktiv atmosferdə keçdiyi qeyd olunmuşdur.
Təbii ki, Ermənistan, nəhayət, irəli sürülən təkliflərlə razılaşmalı və işğalçılıq siyasətinə son qoymalıdır. Azərbaycanın gündən-günə artan nüfuzu və bir-birinin ardınca qazandığı diplomatik uğurlar qarşısında tab gətirə bilməyən Ermənistanın ayrı çıxış yolu yoxdur.
Onu da xatırladaq ki, Azərbaycanla-Ermənistan arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır. Azərbaycan və Ermənistan prezidentlərinin 17 iyul tarixində Moskvada planlaşdırılan görüşü Dağlıq Qarabağ danışıqları çərçivəsində yeni mərhələ aça bilər. Politoloqlar bu fikirdədir.

Digər xəbərlər