Lex Kaçinski Milli Məclisdə olub
Parlamentin binası önündə ali qonağı Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, müavin Bahar Muradova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar. Polşa Prezidenti Milli Məclisin iclas zalına baxmış, parlamentin binasındakı Heydər Əliyev Xatirə zalında olub. Burada qonağa ümummilli liderin həyat və fəaliyyəti, xarici ölkə rəhbərlərinin, dövlət və hökumət üzvlərinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan parlamentinin formalaşmasında və xarici ölkə parlamentləri ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri barədə məlumat verilib.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov ilə Polşa Prezidenti Lex Kaçınski arasında görüş olub. Milli Məclisin sədri Oqtay Əsədov Prezident Lex Kaçinskini Azərbaycan-Polşa arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə ölkəmizin ən ali mükafatı - "Heydər Əliyev" ordeni ilə təltif olunması münasibətilə təbrik edib. O.Əsədov ölkələrimiz arasında əlaqələrin qədim tarixindən danışmış, müstəqilliyimizi bərpa etdikdən sonra münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini bildirərək bunu müsbət dəyərləndirib. Milli Məclisin sədri bildirib ki, münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının müstəsna xidmətləri vardır. Dövlət başçılarının qarşılıqlı səfərləri, keçirdikləri səmərəli görüşlər hər iki tərəfə fayda gətirmiş, əməkdaşlığın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıblar. Azərbaycanda olmaqdan məmnun qaldığını deyən Prezident Lex Kaçinski bundan əvvəlki səfərlərini, görüşlərini xatırladıb. Polşa-Azərbaycan dostluğunun dərin kökləri olduğunu bildirən ali qonaq, iki dost ölkə arasında əlaqələrin inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini bildirib.
Ölkəmizin Avropanın enerji təminatında mühüm rolunu vurğulayan Lex Kaçinski Azərbaycanın son illər əldə etdiyi uğurlardan da danışmışdır. O demişdir ki, Azərbaycanda əldə olunmuş bütün uğurlar ölkədə həyata keçirilən düzgün siyasətin nəticəsidir.
Polşanın dövlət başçısı parlamentlərin rolundan danışaraq qanunverici orqanların əməkdaşlığını, xüsusilə də dostluq qruplarının fəaliyyətini yüksək dəyərləndirmiş, Azərbaycan parlamentinə gələcək fəaliyyətində uğurlar arzulayıb.