91 yaşlı Azərbaycan Ordusu Vətənin keşiyində əzmlə dayanıb
1918-ci il iyunun 26-da yaradılan Azərbaycan Silahlı Qüvvələri öz şərəfli tarixi ərzində böyük fədakarlıq göstərib, xalqı və dövləti əzmlə qoruyub. Bu ordu Vətənin azadlığı uğrunda minlərlə şəhid verib.
Ötən il iyunun 26-da Silahlı Qüvvələrin 90 illik yubileyi münasibətilə Bakıda keçirilən möhtəşəm hərbi parad Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya göstərdi.
Bu gün Azərbaycanın hərbi büdcəsi bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə bərabərdir. Ölkədə böyük hərbi-sənaye kompleksi yaradılıb, ölkəmizdə ən müasir və yeni hərbi texnikaların istehsalına başlanılıb. Ordunun maddi-texniki təchizatı yaxşılaşıb, nizam-intizam və döyüş əhvali-ruhiyyəsi yüksəlib.
Son illərdə əksər hərbi hissələrdə binalar yüksək səviyyədə təmir olunub, yeniləri tikilib. Ən əsası isə cəmiyyətdə, xalq arasında orduya dərin inam bərqərar olub. Ordumuzda xidmət edən əsgərlərin valideynləri mütamadi olaraq hərbi hissələrə baş çəkirlər və hər şeyi öz gözləri ilə görürlər. Bu səbəbdən də, oğullarını əsgərliyə toy-bayramla yola salırlar.
Məlumdur ki, güclü ordu həm də inamlı və kəsərli diplomatiya deməkdir. Güclü orduya malik dövlət öz xarici siyasət maraqlarını qoruyarkən daha qətiyyətli olur, qarşı tərəfi onunla hesablaşmağa məcbur edir. Bu tendensiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun illərdən bəri davam edən danışıqlar prosesində də daim özünü bu və ya digər formada nümayiş etdirib.
Əgər bu gün Azərbaycan güclü və peşəkar orduya malik olmasaydı, çoxdan hansısa ciddi güzştlərə məcbur edilər və Ermənistan öz bədnam niyyətini reallaşdıra bilərdi. Qarşı tərəf bu gün çox yaxşı başa düşür ki, silahlar işə düşərsə, Azərbaycan Ordusunun hücum əməliyyatlarının qarşısını almaq mümükün olmayacaq.
Azərbaycanda bu gün həyata keçirilən müasir ordu quruculuğunun özəlliyi ondan ibarətdir ki, dövlət və ordu rəhbərliyi açıq və şəffaf siyasət yürüdür. Mütəmadi olaraq ictimaiyyət nümayəndələrinin, millət vəkillərinin, media mənsublarının hərbi hissələrə səfərləri təşkil olunur. Onların əsgər və zabit heyəti ilə çox yaxın təmaslarına şərait yaradılır.
Xalqa imkan yaradılır ki, öz ordusunun durumu, döyüş qabiliyyəti barədə ilkin mənbədən, hər hansı vasitəçi olmadan məlumatlar əldə etsin. Bu siyasət hakimiyyətin ordu quruculuğunun tam şəffaflığını ehtiva etməklə yanaşı, həm də orduya qarşı çirkin təbliğat aparanların iç üzünü açır.
Son vaxtlar ermənilər də Qarabağ probleminin həllinin qaçılmaz olduğunu dilə gətirirlər. Özü də bu işdə beynəlxalq hüquq normalarına əməl edilməsinin qaçılmaz olduğunu bildirirlər. Dönə-dönə deyirlər ki, bu il Azərbaycanın ordu quruculuğuna 2 milyard dollara yaxın vəsait ayrılmasından çox narahatdırlar. Belə bir şəraitdə Azərbaycanında bəziləri düşmənə "ürək-dirək" verir. Azərbaycan Ordusunda olmayan problemlərdən danışır.
Məqsəd aydındır, danışıqlar prosesində Azərbaycanın "zəif" tərəf olması görüntüsünü yaratmaq və işğalçı tərəfi "şirnikləndirmək". Bu yolla düşmənə belə bir rəy aşılayırlar ki, "Azərbaycan güclü orduya malik deyil və ondan istənilən güzəşti tələb etmək olar".
Bəzi jurnalistlərin yazdığını erməni tərəfi böyük sevinclə oxuyur. Bizim xalqımız isə, təəssüf hissi ilə. İndi bu informasiyalar kimə və nəyə xidmət edir? Üzümü belə həmkarlarıma tutub demək istərdim ki, erməni dəyirmanına bilərəkdən və ya bilməyərəkdən su tökməyin vətənə xəyanət demək olduğunu anlamalıyıq.
Ermənistan tərəfi Azərbaycanın Silahlı Qüvvələrinin güclənməsindən narahatlıq keçirir. Danışıqlarda bizim əsas prinsiplərimizdən biri də sülh yoluna nail olmadıqda hərbi yola əl atılacağı ilə bağlıdır. O zaman ermənilərə "baxın, bizim ordumuz zəifdir, problemlərimiz çoxdur" mesajını ötürən jurnalistin kimə xidmət etdiyini aydınlaşdırmaq asandır.
Son vaxtlar Azərbaycan Ordusunun durumu ilə yerində tanış olmaq üçün çoxsalylı millət vəkilləri, ictimaiyyət nümayəndələri, media mənsubları hərbi hissələrdə səfərdə olur. Bir qədər əvvəl belə səfərlərdən birində iştirak edən şəxslərin fikirlərini öyrəndik...