PDF Oxu

Əsas

  • 13

Dövlət qulluqçularının peşə bayramı qeyd olunub

Dövlət qulluqçularının peşə bayramı qeyd olunub
Dünən- 23 İyun - Azərbaycanda Dövlət Qulluqçularının Peşə bayramı günü idi. Dövlət qulluqçularının peşə bayramı günü Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamına əsasən qeyd edilir. İyunun 23-nün - Azərbaycanda dövlət qulluqçularının peşə bayramı elan olunması haqqında qərar BMT Baş Məclisinin tövsiyələri nəzərə alınaraq qəbul edilib.
Dövlət qulluğu siyasətinin əsas məqsədi ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsindən, habelə, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsindən ibarətdir.
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycanda müasir dövlət qulluğu sistemi quruculuğunun aktual problemləri" mövzusunda elmi-praktik konfrans keçirilib.
Dövlət qulluqçularının peşə bayramı - beynəlxalq dövlət qulluğu gününə həsr olunmuş tədbiri akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq, dövlət qulluğunun Azərbaycandakı inkişaf proseslərinə ümummilli liderimiz Heydər Əliyevin töhfəsini vurğulayıb, respublikamızda dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində əldə olunan uğurlardan söz açaraq, bu məsələləri Prezident İlham Əliyevin daim diqqətdə saxladığını bildirib.
Artıq ölkəmizdə çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən professor S.Qəndilov, uzun illər ərzində idarəçilik sistemində fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik olan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dövlət Qulluğunu İdarəetmə Şurasına başçılıq etməsinin qurumun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri olduğunu bildirib.
"Azərbaycanda dövlət qulluğunun inkişafı" mövzusunda məruzə ilə çıxış edən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri, hüquq elmləri namizədi Bəhram Xəlilov, artıq ölkəmizdə bayram kimi qeyd edilən bu günün vacibliyindən danışıb, dövlət qulluğu sahəsində son dövrlərdə əldə olunmuş nailiyyətlərdən söz açıb.
B.Xəlilov bildirib ki, dövlət qulluğu sahəsində aparılan islahatların nəticəsi olaraq 2000-ci il iyulun 21-də "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib: "Bu qanunun qəbul edilməsi ilə ölkədə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub.
Rəhbərlik etdiyim komissiyanın əsas məqsədləri dövlət qulluğu ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktların tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi sahəsində, həmçinin, digər məsələlər barədə qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir".
Onun sözlərinə görə, komissiya dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid siyasəti həyata keçirir, dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması ilə bağlı təkliflər hazırlayır. Komissiya, eyni zamanda, bu istiqamətdə normativ-hüquqi aktların layihəsini hazırlayır, dövlət qulluqçularının peşə hazırlığı, ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirir.
Konfransda, həmçinin, "Müasir dövlət qulluqçusu modelinin akmeoloji əsasları" və "Azərbaycan Respublikasında dövlət qulluğu sistemi quruculuğunun bəzi aktual problemləri" mövzularında məruzələr də dinlənilib.
Məruzələr ətrafında müzakirələr aparılıb.

Digər xəbərlər