PDF Oxu

Əsas

  • 9

Qurtuluş günümüz, xilas günümüz

Qurtuluş günümüz, xilas günümüz
Xalqımızın milli bayramları arasında Milli Qurtuluş Gününün ayrıca yeri var. Çünki ümummilli liderimiz Heydər Əliyevin xalqın arzusu və tələbi ilə 16 il əvvəl hakimiyyətə qayıdışı ilə əlamətdar olan 15 İyun Milli Qurtuluş, həqiqətən, müstəqil dövlətimizin məhvolma təhlükəsindən xilasının əbədi tarixi günü oldu.
Hamımızın yaxşı yadındadır ki, 1993-cü ilin iyun günlərində baş vermiş Gəncə hadisələri, naşı dövlət rəhbərlərinin bir ovuc silahlı quldurun qarşısında aciz qalması, ölkədə faktiki olaraq vətəndaş müharibəsinin başlanması, erməni təcavüzünün genişlənməsi, ayrı-ayrı ölkələrdə, xüsusən, cənub rayonlarında separatçılıq meyillərinin güclənməsi Azərbaycanı fəlakətlə üz-üzə qoymuşdu, AXC-Müsavat iqtidarının cəmi bir il davam etmiş səriştəsiz rəhbərliyi cəmiyyət həyatının bütün sahələrində dərin böhranla nəticələndi
Belə bir faciəvi şəraitdə xalqın, sözün əsil mənasında, xilaskara ehtiyacı var idi. Hələ ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində Respublikaya rəhbərlik etdiyi dövrdə böyük quruculuq işləri aparmış, iqtisadiyyatımızın, mədəniyyətimizin yüksəldilməsini təmin etmiş, haqq-ədalət rəmzi kimi xalqın yaddaşında qalmış dünya şöhrətli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyev məhz belə şəxsiyyətdir.
Hamımızın yaxşı yadındadır ki, Heydər Əliyev 1987-ci ildə keçmiş SSRİ rəhbərliyində tutduğu yüksək vəzifədən istefa verdikdən sonra daha siyasətlə məşğul olmaq istəmirdi. Lakin uzaqda, Moskvada olsa da, qəlbən Azərbaycanda doğma xalqının yanında idi. Vətənimizə qarşı erməni təcavüzünün başlandığı 1988-ci ildən bəri Azərbaycanın yaşadığı müsibətləri o da yaşayırdı.
1990-cı ilin yanvar ayında imperiya qüvvələrinin Bakıda törətdiyi qırğına qarşı heç nədən qorxmadan kəskin etiraz səsini ucaldan ilk siyasətçi Heydər Əliyev oldu. Azərbaycana döndükdən sonra da onu heç bir yüksək vəzifə cəlb etmirdi. Sadəcə olaraq, öz torpağında, öz xalqı arasında yaşamaq istəyirdi. Amma 1993-cü ilin iyun hadisələri vəziyyəti kökündən dəyişdi. Bir-birinin ardınca hakimiyyətə gələn bacarıqsız iqtidarlar xalqın problemlərini həll etmək əvəzinə milləti, dövləti yalnız faciəyə yuvarlandırdılar. Xalqın səbri tükənmişdi. Cəmiyyətin ayrı-ayrı təbəqələrinin nümayəndələri möhtərəm Heydər Əliyevə müraciət edib, dövlətin idarə olunması məsuliyyətini öz üzərinə götürməyi xahiş etmişdilər. Bu xahişlərə "yox" cavabı verən müdrik dövlət xadimi 1993-cü ilin iyununda Azərbaycanı gözləyən fəlakətin miqyasını dərk edərək xalqın təkidini qəbul etdi və yenidən siyasətə qayıtmalı oldu.
O vaxtdan 16 il keçir. Bu qısa müddətdə ölkəmiz hər cəhətdən tanınmaz dərəcədə dəyişib. Halbuki 16 il əvvəl Azərbaycan və bütövlükdə Cənubi Qafqazda baş verən hadisələri izləyən siyasi müşahidəçilər vəziyyətdən çıxış yolu görmürdülər. Çoxları elə zənn edirdi ki, Azərbaycanın nicat yolu yoxdur, ölkə parçalanmaya doğru gedir və s. Üstəlik, Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələr müvafiq ssenarilər hazırlamışdılar. Ancaq Heydər Əliyev dühası bu proqnozları alt-üst etdi.
Qanunsuzluğu qanunçuluq, hərc-mərcliyi sabitlik, tənəzzülü tərəqqi əvəz etmişdi. Özü də bütün bunlar asanlıqla əldə edilməmişdi. Xaricdən idarə olunan daxili düşmənlər dəfələrlə Azərbaycanı seçdiyi azadlıq, müstəqillik yolundan yayındırmaq, xalqımızı yenidən fəlakət burulğanına qərq etmək üçün dəfələrlə dövlət çevrilişi cəhdlərinə əl atmış, respublikamızın rəhbərinin həyatına sui-qəsd etmişdilər. Lakin Heydər Əliyev qətiyyəti, xalqın öz rəhbərinə sarsılmaz inamı bütün bu xəyanətlərin qarşısına sədd çəkdi, "sapı özümüzdən olan baltalar"ın və onların yadelli ağalarının qara niyyətlərini puça çıxartdı. Möhtərəm ümummilli liderimizin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın əldə etdiyi nailiyyətlər saysız-hesabsızdır. Ümummilli liderimiz Heydər Əliyev cəmiyyətdə köklü islahatlar aparılmasına sabit ictimai-siyasi şəraitin yaradılması üçün öz xalqına layiqli xidmət etmişdir. Bu gün Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyir. Ümummilli Liderimiz Heydər Əliyevin dərindən düşünülmüş siyasəti və göstərdiyi böyük səylər nəticəsində istehsalatda geriləmə aradan qaldırılmış, iqtisadi yüksəlişin başlanğıcı qoyulmuş, inflyasiya tamailə cilovlanmış, milli valyutamız möhkəmlənmiş, radikal aqrar islahat, özəlləşdirmə geniş vüsət almışdı. 1995-ci ilin noyabrında ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunmuş müstəqil dövlətmizin ilk Konstitusiyasının müddəalarına uyğun olaraq ölkədə söz, vicdan azadlığı, insan hüquq və azadlıqları bərqərar edilmiş, vətəndaş cəmiyyətinə doğru mühüm addımlar atılmışdı.
Ulu öndər Heydər Əliyevin müdrik xarici siyasəti Azərbaycanın dünya birliyində layiq olduğu yeri tutmağa imkan vermişdi. Respublikamız əsas beynəlxalq və regional təşkilatlara üzv seçilmiş, dünya birliyinə inteqrasiya sahəsində əhəmiyyətli uğurlar qazanmışdır. Əgər 16 il əvvəl heç bir xarici investor Azərbaycan iqtisadiyyatına investisiya qoymağa cürət etmirdisə, bu gün adambaşına düşən xarici investisiyaların həcminə görə Azərbaycan MDB ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Ölkəyə investisiya axınının əsasını isə 1994-cü ildən bəri Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsi barədə bilavasitə Heydər Əliyevin rəhbərliyi altında dünyanın ən iri şirkətləri ilə bağlanmış müqavilələr imzalanmışdır. Elə həmin ildən etibarən hər il keçirilən "Xəzərneftqaz" beynəlxalq sərgiləri milli iqtisadiyyatımıza get- gedə artan marağı nümayiş etdirir.
Dövlətmizin başçısının xarici siyasətində əsas xəttini, şübhəsiz, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı məsələ təşkil edirdi. Nizamlı müasir milli ordunun olmadığı bir şəraitdə Azərbaycanın məğlubiyyətlər seriyasından qurtula bilməyəcəyini yaxşı dərk edən Heydər Əliyev 1994-cü ilin mayında cəbhədə atəşkəsə nail oldu və beləliklə, bir tərəfdən nahaq qurbanların qarşısını aldı, digər tərəfdən isə ərazi bütövlüyümüzü qorumağa qadir ordu quruculuğuna başladı. Müharibənin dağıntı, fəlakət, qan-qada gətirdiyini və Azərbaycanın münaqişəni dinc vasitələrlə tənzimləmək əzmini bəyan edən ölkəmizin rəhbəri beynəlxalq aləmdə Azərbaycana sülhsevər dövlət imici qazandırdı. Xalqımızın ümumilli lideri Heydər Əliyevin göstərdiyi böyük səylər nəticəsində artıq dünya birliyi dövlətimizin ədalətli mövqeyinə tərəfdar çıxmış, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiyini bildirmişdir.
Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməlidir, əks - təqdirdə Azərbaycan dövləti ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün bütün mümkün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır. Şübhə etmirik ki, Ali Baş Komandanın rəhbərliyi altında doğma Qarabağımız və işğal altında olan digər ərazilərimiz azad ediləcək, bir milyondan artıq didərgin soydaşlarımız öz yurduna dönəcək. 1993-cü ilin 15 iyununda başlanmış Qurtuluş Gününün xalqımız üçün əmin- amanlıq, daxili və xarici siyasətinin möhkəmlənməsində böyük əhəmiyyəti indi də davam etməkdədir.
"... Azərbaycan Respublikasının büngünkü ağır, mürəkkəb və gərgin, vəziyyətinin tam məsuliyyətlə dərk edirəm... Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm... Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm... Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altında düşməyəcək"
Bu sözləri Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev Milli Məclisin iclasında ölkə parlamentinin başçısı seçilərkən demişdir.
Hazırda Müstəqil Respublikamızın başçısı möhtərəm Prezidentimiz Ali Baş Komandan İlham Əliyev, ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirir.

Digər xəbərlər