PDF Oxu

Əsas

  • 15

Qurtuluş Günü - Azərbaycanın işıqlı gələcəyinə açılan yol

Qurtuluş Günü - Azərbaycanın işıqlı gələcəyinə açılan yol
Qarşıdan 15 İyun Qurtuluş Günü gəlir. Bu gün Azərbaycanın taleyüklü tarixi dönüş günü olmaqla yanaşı, ölkənin hərtərəfli inkişafına, dünyaya inteqrasiyasına, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə yönələn yeni bir mərhələnin başlanğıcıdır.
Qurtuluş Günü inkişafın başlanğıcı, əhalinin yüksəlişinin əsası qoyulan həlledici gündür. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə dönüşü hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliyə səbəb olan xoşbəxt gələcəyin açarı kimi qiymətləndirildi. Məhz buna görə də, Qurtuluş Günü Azərbaycanın həyatında tarixi dönüş günüdür və ölkənin ictimai-siyasi həyatında açılmış yeni səhifədir. Bu səhifədə Heydər Əliyev dühası qızıl hərflərlə yazılmış oldu. Çünki o zamankı ictimai-siyasi həyatda Azərbaycan təhlükə qarşısında idi və ölkənin yeganə nicat yolu onun böyük oğlu Heydər Əliyevdən asılı idi. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Qurtuluş Gününün Azərbaycan xalqının taleyində həlledici və ən dəyərli gün olduğunu dedi:
- Azərbaycan xalqının mühüm əhəmiyyət kəsb edən bir çox bayramları var. Lakin Azərbaycan xalqının taleyi ilə bağlı olan və onun taleyində həlledici rol oynayan bir gün varsa, o da, məhz Qurtuluş Günüdür. Qurtuluş Günü olmasaydı, başqa heç bir bayram gününün olmağından belə söhbət gedə bilməzdi. Qurtuluş Gününün mühüm cəhətlərindən biri, onun ideal təsəvvürlərdən yaranması deyil, konkret bir hadisə ilə bağlı olmasıdır. Çünki həmin tarixi gündə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan bəlalardan və vətəndaş müharibəsindən xilas oldu. Bundan sonra Azərbaycan tarixində yeni dövr islahatlar, yeniliklər, inkişaf, inteqrasiya mərhələsini başladı. Nəticədə, Azərbaycan böyük inkişaf mərhələsinə qədəm qoydu və hər sahədə yüksəliş, köklü dəyişikliklər özünü göstərdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizin xoşbəxt gələcəyini təmin etmiş oldu. Dövlətimiz, xalqımız sabit və sakit bir şəraitdə yaşamağa başladı.
Həmçinin, 1993-cü il Azərbaycan tarixində, müstəqil dövlətçilik tariximizdə, Azərbaycan ictimai-siyasi fikir tarixində dönüş ili kimi yadda qaldı. Əslində, həmin il bir dövlət kimi Azərbaycan Respublikasının yaşaması və ya süqutu kimi bir dilemmanın həlli ili idi. Və həmin vaxt baş verən proseslərə ulu öndərimiz Heydər Əliyevin qüdrətli əlləri müdaxilə etməsəydi, şübhəsiz ki, bu gün Cənubi Qafqaz ölkələri içərisində unitar quruluşlu müstəqil Azərbaycan dövlətinin mövcudluğu olduqca tərəddüdlü görünə bilərdi.
Sözsüz ki, xalqımızın taleyinin həll edildiyi belə bir məqamda, ulu öndər Heydər Əliyev gərgin siyasi fəaliyyəti və zəngin təcrübəsi hesabına ölkədə hadisələri müsbət məcraya yönəldə bildi. Vətəndaş müharibəsinin qarşısı alındı, separatçılıq meyilləri aradan götürüldü. Lakin problemlər bununla bitmədi. Növbəti mərhələdə ölkədaxili qiyamçı qüvvələrin tam zərərsizləşdirilməsi, maraqlı xarici dövlətlərin mövqelərinin neytrallaşdırılması, əhalinin mənəvi və psixoloji depressiyalardan xilas edilməsi, ictimai-siyasi fikrin düzgün formalaşdırılması, baş vermiş proseslərin iç üzünün açılması və üzdəniraq qəhrəmanların xalqa tanıdılması, beynəlxalq aləmdə ölkəmizin müsbət imicinin yaradılması, ölkədə demokratik, hüquqi və unitar respublikanın formalaşdırılması, respublikanın ərazi bütövlüyünün bərpa edilməsi və s. kimi mühüm tədbirlərin həyata keçirilməsi kimi böyük işlər dururdu. Qısa zamanda, həmin işlərin həyata keçirilməsi üçün çox böyük və uğurlu addımlar atıldı. Milli Məclis tərəfindən 15 iyun tarixi Milli Qurtuluş günü elan edildi. Bu gün həmin hadisələrə 16 illik bir zaman kəsiyindən baxdıqda, o günlərin Azərbaycan tarixində oynadığı rolu və ağırlığını daha da aydın hiss etmək olur.
Məhz bu tarix müstəqil Azərbaycanın inkişafında dönüş tarixi oldu. Müstəqilliyimizin ilk illərində, yəni, 1993-cü ilə qədərki dövrdə respublikada siyasi hakimiyyətlərin tez-tez dəyişməsi, rəhbərlikdə olanların başlarının kürsü və vəzifə davasına qarışması, onların qeyri-peşəkar, bəzən isə xəyanətkar mövqedə dayanmaları, özbaşınalıq və anarxiya, tez-tez baş verən hakimiyyət böhranları nəinki respublikanın sosial və siyasi dayaqlarını sarsıdaraq, onun bir siyasi subyekt kimi mövcudluğunu zərbə altına qoyurdu, habelə, onsuz da dağılmaqda olan iqtisadiyyata ağır və məhvedici təsir göstərirdi. Digər tərəfdən Azərbaycan Respublikasının qonşu Ermənistan tərəfindən müharibəyə cəlb olnması, müharibə gedən və işğal olunmuş rayonlardan qaçqınlar axınının respublikanın digər rayonlarına gəlməsi, hərbi əməliyyatlara fantastik xərclərin çəkilməsi iqtisadiyyata ağır zərbə vururdu.
1993-cü il 15 iyunundan sonra respublika, sözün həqiqi mənasında, inkişaf yoluna qədəm qoya bildi. Dövləti aqrar siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən xilas etdikdən dərhal sonra, respublikanın taleyüklü məsələləri ilə ciddi məşğul olmağa başlayan ulu öndər Heydər Əliyev, elə ilk gündən diqqətini ölkənin həm siyasi, həm də iqtisadi reabilitasiyasına yönəltdi. Onun şəxsi təşəbbüsü ilə Milli Məclisin nəzdində iqtisadiyyat komissiyası yaradıldı və bunun nəticəsində respublikanın yeni iqtisadi kursunun müəyyən edilməsi mümkün oldu. Keçmiş sovet respublikaları ilə olan əlaqələr, yeni müstəqil iqtisadi əsaslar üzərində bərpa edilməyə başladı. Bununla yanaşı, dünyanın bir çox dövlətləri ilə də əlaqələr yaradıldı. Həmin dövrdən başlayaraq Azərbaycan qarşısında dünya iqtisadiyyatına inteqrasiya kimi ağır, lakin şərəfli bir vəzifə qoydu. İqtisadiyyatın bərpa edilməsi, bazar iqtisadiyyatının yaranması, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının həyata keçirməsi üçün həm makro, həm mikro-iqtisadiyyat sahəsində köklü islahatlara başlanıldı. Azərbaycanda özəl mülkiyyətin yaradılması, istehsalat sahələrinin səmərəliliyinin artırılması üçün mərhələli özəlləşdirmə proqramları hazırlandı və həyata keçirildi.
İqtisadiyyatın əhəmiyyətli bir hissəsi aqrar sahə ilə bağlı olan Azərbaycanda aqrar sahədə islahatların aparılması ən vacib məsələlərdən biri idi. Torpaq islahatları bu islahatlar arasında öz xüsusi və müstəsna mövqeyi ilə sezilir. 1970-1980-ci illərdən məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində aparılan bu islahatlar müstəqil Azərbaycan iqtisadiyyatının bazar iqtisadiyyatı şəraitinə uyğunlaşdırılması, onun möhkəmləndirilməsi, inkişaf etdirilməsi istiqamətində atılması vacib olan ən birinci və ən ümdə addımlardan biri idi. Böyük öndərimiz Heydər Əliyevin səyi, şəxsi qayğısı və diqqəti sayəsində bu sahədə keçmiş SSRİ məkanında heç bir nümunə, heç bir müvafiq təcrübə olmadan torpaq islahatlarının hüquqi bazası yaradıldı və bu baza əsasında Azərbaycanda torpaq islahatları həyata keçirilməyə başlandı ki, bu gün artıq onun parlaq nəticələri göz qabağındadır.
Hazırda torpaq islahatlarının birinci mərhələsi başa çatdırılıb və digər mərhələləri ilə bağlı komitə tərəfindən təxirəsalınmaz vəzifələr həyata keçirilməkdədir. Birinci mərhələdə respublikamızda mövcud olmuş 2031 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanılmışdır. Hər bir subyektə verilən torpaq onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, dövlət aktları ilə rəsmiləşdirilərək, naturada sahiblərinə tanıdılıb. Bu mərhələdə işğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 873618 ailədən 869268-nə torpaq payı verilib. Bu isə 3442788 subyekt deməkdir. Ölkəmizdə torpaq islahatı 99,5 faiz yerinə yetirilib. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşib. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8641506 ha torpaq sahəsindən 4913639 ha-ı, başqa sözlə, 56,9 faizi dövlət mülkiyyətində saxlanılıb; 2032744 ha, yəni 23,5 faizi bələdiyyə mülkiyyətinə verilib, 1695123 ha, yəni 19,6 faizi isə xüsusi mülkiyyətə ayrılıb.
Torpaq islahatlarının, habelə, aqrar sektorda aparılmış digər köklü islahatların nəticəsidir ki, respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarında hər il dinamik artım müşahidə edilməkdədir.
Hazırda ulu öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev də aqrar sektoru daim diqqət mərkəzində saxlayır, onun inkişafı üçün ən ciddi tədbirlər həyata keçirir. Qeyd etməliyəm ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli Fərmanında göstərdiyi kimi, regionlarda iqtisadiyyatın inkişafının stimullaşdırılmasına uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu istiqamətdə də fəaliyyəti gücləndirmişdir. Belə ki, hazırda komitənin icra etdiyi fəaliyyət sahəsinin əhəmiyyətli bir hissəsi məhz regionlarda həyata keçirilir. Bildirməliyəm ki, respublikanın Quba, Xaçmaz, Şəmkir, Şəki, Ağsu, Gəncə, Ucar, Lənkəran, Salyan, Füzuli rayonlarında hazırda on regional mərkəz fəaliyyət göstərir ki, bunlar da həmin regionlarda qismən əhalinin işlə təmin olunmasına köməklik göstərir, eyni zamanda, torpaqla bağlı bu və ya digər müvafiq texniki sənədlərin əldə edilməsi məqsədi ilə vətəndaşların Bakıya gəlməsi ilə əlaqədar problemləri aradan götürür. Elə, fiziki və hüquqi şəxslərin adına işlənilən mülkiyyət, istifadə və icarə hüququna dair texniki sənədlərin hazırlanılması və verilməsi də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Regional Torpaq Qeydiyyatı Mərkəzləri vasitəsilə həyata keçirilir.
Bütün yuxarıda göstərilənlər bir daha sübut edir ki, 15 iyun 1993-cü il tarixi, sözün həqiqi mənasında, Azərbaycan xalqının, Azərbaycan dövlətinin məhvdən, parçalanmaqdan, bölünməkdən qurtarması, habelə onun inkişafının, yüksəlişinin əsasının qoyulduğu dövr idi və bu tarixlərin dönə-dönə araşdırılması Azərbaycanın gələcəyi üçün həyati əhəmiyyət kəsb edir.

Digər xəbərlər