Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı limit qoyulmalıdır
Dünən Azərbaycan Media Mərkəzində Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) təşəbbüsü ilə "Dağlıq Qarabağ probleminin həllində ATƏT-in yeri və rolu" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Dağlıq Qarabağ probleminin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyəti, bu sahədə mövcud problemlər və onların həlli yolları müzakirə edilib.
ATƏT-in Bakı Ofisinin, ABŞ və Türkiyə səfirliklərinin təmsil olunduğu dəyirmi masada çıxış edən DADP sədri Məmməd Əlizadə münaqişənin həllinin ATƏT-in mandatına verilməsindən bu günə qədər aparılan danışıqların xronologiyasını sadalayıb.
"Azərbaycan xalqı savaşa hazır olduğunu dəfələrlə bəyan edib. Amma bununla yanaşı biz biz müharibəyə yox deyirik"-deyə qeyd edən partiya sədri Dağlıq Qarabağ probleminin həllində ATƏT-in Minsk Qrupunun müsbət fəaliyyətinin olduğunu da söyləyib. O, fikirlərinə davam edərək ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində irəliyə doğru addımlar atmalı olduğunu bildirib.
Başqa bir hakimiyyətyönlü təşkilat, Azərbaycan Respublikaçılar Partiyasının sədri Kamil Seyidov münaqişənin həlli tarixçəsinə ekskurs edərək neft kontraktlarının bağlanması ərəfəsində problemin həllinin böyük vüsət aldığını xatırladıb. Onun qənaətinə görə, bir sıra supergüclər beft maraqlarından çıxış edərək müharibənin dayandırımasında maraqlı olublar.
Respublikaçıların sədri münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupuna vaxt limitinin qoyulması zamanının yetişdiyini qeyd edib: "Konkret vaxt qoyumasının zamanı çatıb. Neçə ildir eyni söhbətlər, eyni vədlər və eyni müzakirələr aparılır. Vaxt qoyulmalıdır ki, iki və ya dörd il müddətində ATƏT-in Minsk Qrupu bu məsələni həll etmirsə qoy bu qrup fəaliyyətini dayandırsın. Bunun əvəzində, qoy böyük dövlətlər tərəfindən təsir mexanizmləri axtarılsın".Onun sözlərinə görə, artıq Azərbaycan ictimayyətində belə bir fikir tam hakimdir ki, ATƏT münaqişənin həlli missiyasını üzərinə götürmək iqtidarında deyil.
"Biz münqişənin həllini ATƏT-in Minsk Qrupunun mandatına həvalə etmişik. İndi biz bu münaqişənin həll edilməsini gözləyirik. Amma Ermənistan işğal etdiyi torpaqlardan çıxmaq istəmir" - deyə vurğulan natiq bildirib ki, beynəlxalq güclər münaqişənin həlli üçün başqa mexanizmlər tətbiq etməlidir.
DADP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elşad Əliyev deyib ki, əsas məsələ problemin həllində irəliləyişlərin olmasıdır: "Siyasi partiya olaraq istəyimiz yaxın 1-2 il ərzində Azərbaycan xalqının hiss edə biləcəyi irəliləyişlərin olmasıdır".
Digər iqtidaryönümlü Azərbaycan Mübarizlər Partiyasının sədri Arif Müslümov isə münaqişənin həllində beynəlxalq təşkilatlardansa, Azərbaycan xalqına güvənməyi daha məqsədəuyğun hesab edib.
Dəyirmi masanın sonunda siyasi partiyalar birgə bəyanamə də imzalayıblar.