PDF Oxu

Əsas

  • 14

ABŞ müsəlman dünyasına qarşı yeni siyasət formalaşdırır

ABŞ müsəlman dünyasına qarşı yeni siyasət formalaşdırır
ABŞ prezidenti Barak Obamanın Misir və Səudiyyə Ərəbistanına səfəri çərçivəsində islam dünyasına ünvanladığı xoşməramlı mesajlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Məlum olduğu kimi, B.Obamanın Qahirədə yerləşən ən gözəl tarixi abidələrindən olan Sultan Həsən məscidinə ziyarəti  Misir televiziyası tərəfindən birbaşa yayımlanıb. B.Obamanın çıxışına "Əs-salam aleykum" sözləri ilə başlaması isə islam dünyasında böyük rəğbətlə qarşılanıb.  ABŞ prezidenti çıxışında  bildirib ki, islam dünyası ABŞ-ın ayrılmaz bir hissəsidir və onun ölkəsi heç vaxt islamla savaş içərisində olmayıb və olmayacaq: "Mən xristianam, ancaq ailəm müsəlmandır, adım da Barak Hüseyn Obamadır. Mən uşaq olarkən müsəlman ailəsində böyüdüm, azan səsləri ilə oyanardım".
Sözsüz ki, ABŞ prezidentinin islam dünyasına yönələn bu cür xoşməramlı mesajları təsadüfi deyil və bunun əsasında son illər korlanmaqda olan və dərin kotostrofun hökm sürdüyü münasibətləri ciddi-cəhdlə bərpa etmək niyyəti dayanır. Nə qədər maraqlı olsa da,  ABŞ-ın  araşdırma mərkəzləri də öz hesabatlarında təsdiq edirlər ki, Ağ Evin indiyədək islam dünyasına qarşı siyasətində ciddi səhvlərə yol verilib. Belə ki, ABŞ-ın Merilend Universiteti  20 ölkədə sorğu keçirib. Sorğuda ABŞ-ın islam dünyasına qarşı hörmətsiz davrandığı ortaya çıxıb. Universitetdəki Beynəlxalq Siyasi Araşdırmalar Proqramı adlı qurumun hazırladığı "dünya ictimaiyyəti" anketində Türkiyənin də iştirak etdiyi 23 ölkədən sorğuya qatılan şəxslərə ABŞ-ın islam dünyasına qarşı hörmətsiz davranıb-davranmadığı soruşulub.
Türkiyədən cavab verənlərin yüzdə 43 faizi ABŞ-ın qəsdən "islam dünyasını alçaltdığı" fikrini müdafiə etdiyi halda, 40 faizi isə ABŞ-ın məlumatsızlıq və laqeydlikdən ötəri islam dünyasına hörmətsiz davrandığını deyib. Anketdə fikirlərinə yer verilən Azərbaycan, Misir, İran, İordaniya və Fələstindən iştirakçılar da buna bənzər istiqamətdə fikirlərini bildiriblər. İrandan sorğuya qatılanların 64 %-i ABŞ-ın qəsdən islam dünyasını alçaltdığını qeyd ediblər. Eyni sualı cavablayan İngiltərə, Almaniya və Fransadan olan iştirakçıların böyük əksəriyyəti isə ABŞ-ın məlumatsızlıq və laqeydlikdən ötəri islam dünyasına hörmətsiz davrandığını deyiblər.
ABŞ-dan olan iştirakçıların 58%-i isə Ağ Evin islam dünyasına hörmət göstərdiyini deyiblər. Respondentlərin yalnız 3%-i məlumatsızlıq və laqeydlikdən ötəri hörmətsizlik edildiyini bildirib. ABŞ-ın islam ölkələrində demokratiya istəyib-istəmədiyi sualını Türkiyədən olan respondentlərin 49%-i Vaşinqtonun ancaq özüylə əməkdaşlıq etmələri vəziyyətində müsəlman ölkələrində demokratiyanı dəstəklədiyini, 30%-i isə ABŞ-ın bu ölkələrdə ölkələrdə demokratiya istəmədiyini qeyd edib. Yalnız 7%-lik bir qrup isə ABŞ-ın hər vəziyyətdə İslam ölkələrində demokratiyanı dəstəklədiyini qeyd edib. Digər müsəlman ölkələrdən qatılanlar da bu suala, demək olar ki, türklər kimi cavab verib. Fransa, İngiltərə və Almaniyadan anketə qatılanların əksəriyyəti ABŞ-ın, ancaq özüylə əməkdaşlıq edilməsi şərtilə islam ölkələrində demokratiyanı dəstəklədiyi fikirini dəstəkləyib. Amerikalı iştirakçıların 44%-i isə ABŞ-ın hər vəziyyətdə müsəlman ölkələrdə demokratiyanı dəstəklədiyini qeyd edib.
Bir sıra ekspertlər isə bu kimi faktlara rəğmən, ABŞ  prezidentinin islam dünyasına qarşı xoş münasibətindən dolayı bu münasibətlərdə yeni dövrün açılacağına inanırlar. Bəziləri isə  ABŞ-ın İsrail-Fələstin münaqişəsində daha aktiv rol oynayıb, problemin həllinə yardım edəcəyinə ümid edirlər. Bəziləri isə ABŞ-ın İraq və Əfqanıstana hərbi müdaxiləsindən sonra islam dünyasında yaranan təcavüzkar imicini düzəltmək üçün konkret addımlar atacağını və xarici siyasətini dəyişəcəyini gözləyirlər.
Lakin B.Obamanın Qahirədəki müraciətilə bağlı bir fikir də var ki, ümumilikdə islam dünyasına müraciət eləmək özü çox qəliz məsələdir. Çünki dünyada 1 milyarddan çox müsəlman olsa da, onların hamısının ortaq bir mədəniyyət - islam mədəniyyətinə aid olduğunu demək çətindir. Çünki islam çox böyük çoğrafi məkana yayıldığından, onun regionlardan və milli mənsubiyyətindən asılı olaraq fərqli ərazilərdə, fərqli dəyərlər sistemi yaratdığını görmək olar. Məsələn, farslar, ərəblər, türklər, Cənubi Asiya müsəlmanları və s. Onların problemləri və Qərbə baxışları da fərqlidir. Qərb ekspertlərinin fikrincə, bütün bunları nəzərə alanda B.Obamanın müraciətinin daha çox Yaxın və Orta Şərqə ünvanlandığını demək olar. Ümumilikdə, islam dünyasında gedən müzakirələrdə B.Obamanın özəl olaraq islamla dialoqa cəhd etməsini yaxşı qarşılayırlar, amma B.Obamadan real vədlər verməsini də gözləyirlər. Qahirə Universitetinin tələbələrindən biri "Röyter"ə belə deyib: "Mən onun ancaq gözəl sözlər deməsini istəmirəm, mən onun sözlərinin əməli olmasını istəyirəm".
Brooking İnstitutunun Araşdırmalar Mərkəzindən Hadi Əmr kimi isə çoxlu sayda ekspertlər də var ki, B.Obamanın, sadəcə, islam dünyası ilə dialoqa başlamaq cəhdini belə, artıq irəliləyiş sayır və bunun davamını gözləyirlər: "Lütfən, başladığınız kimi davam eləyin. Siz doğru yoldasız. Lütfən, qorxmayın, çəkinməyin. İslam dünyasının diqqətini çəkməyə çalışın. İsrail-Fələstin münaqişəsinin həllinə diqqət yetirin. Qoşunları İraqdan çıxaranda arxanızda sağlam, azad, təhlükəsiz və ümidli bir dövlət qurmağa diqqət eləyin. Əfqanıstandakı problemlərin həllinə köklənin, Pakistana da üzləşdiyi problemlərdən baş çıxarmağa yardım eləyin".
Bütün bunlarla yanaşı, ekspertlər inanırlar ki, B.Obamanın prezidentlik müddəti dövründə ABŞ-islam dünyası münasibətləri kifayət qədər yaxınlaşacaq...

Digər xəbərlər