PDF Oxu

Əsas

  • 11

Azərbaycan qızılı dünya bazarına çıxacaq

Azərbaycan qızılı dünya bazarına çıxacaq
Xəbər verdiyimiz kimi, mayın 26-da Gədəbəy rayonunda Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin Gədəbəy qızıl-mis emalı zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasim keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısına bildirilib ki, 1997-ci ildə Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti ilə ABŞ-ın "R.V. İnvestment Group Services LLC" şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Şirkət layihə üçün zəruri olan bütün kapitalı təmin edir. Dövlət başçısı əraziyə baxıb, süxurların nümunələri ilə tanış olub. Daha sonra Prezident İlham Əliyev emal müəssisəsində olub, zavodu işə salıb. O, Gədəbəy qızıl-mis zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasimdə nitq söyləyib.
Gədəbəydə qızıl, mis və digər filiz yataqları hələ qədim dövrlərdən məlum olub və müxtəlif dövrlərdə bu metalların çıxarılması işi həyata keçirilib. 1864-1917-ci illərdə yataqda müvafiq qaydada sənədləşdirilmiş dağ-mədən işləri aparılıb. Həmin dövrdə Almaniyanın "Siemens" şirkəti yataqda mis filizinin hasilatı ilə məşğul olub, burada, ümumilikdə, təxminən 2 milyon ton filiz çıxarılıb. Sonralar Gədəbəy yatağında və onun ətrafında müəyyən fasilələrlə tədqiqatlar aparılıb.
Azərbaycan hökuməti tərəfindən təsdiq edilən və 2005-2009-cu illəri əhatə edən 4 illik İş Proqramı əsasında Gədəbəy, Qoşa və Ordubad kontrakt sahələrində geoloji-kəşfiyyat işlərinə başlanıb. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti 2006-2007-ci illərdə Gədəbəy Kontrakt Sahəsində yerləşən eyniadlı qızıl-mis yatağında almaz və əks-sirkulyasiya üsulları ilə ümumi dərinliyi 17700 metr olan 146 kəşfiyyat quyusu qazmaqla yatağın filiz ehtiyatlarını qiymətləndirib. 2007-ci ilin əvvəlində şirkət Gədəbəy qızıl-mis layihəsi üzrə kəşf sənədini Azərbaycan hökumətinə təqdim edib.
Quyuların maksimum dərinliyi 270 metr olub. Əksər quyularda yer səthindən 120 metr dərinlikdə filizləşmə zonası kəsilməsinə baxmayaraq, dərinlik üzrə etibarlı məlumat əldə etmək məqsədilə qazma işləri davam etdirilib. Layihəyə mal-material, iş və xidmətlər ilə bağlı 50-yə yaxın subpodratçı təşkilat cəlb olunub. Kəşfiyyat, tikinti-quraşdırma işlərinə və avadanlığa, ümumilikdə, 60 milyon dollardan çox vəsait sərf edilib.
Dövlət başçısına məlumat verilib ki, bütün quyulardan götürülən nümunələrin əyar təhlilinin nəticələrinə əsasən, qızılın 0,3q/t kənar miqdarı ilə ehtiyatların qiymətləndirilməsi ABŞ-ın Denver şəhərində SRK məsləhətçiləri tərəfindən müstəqil yerinə yetirilib. Aparılan tədqiqatlar və təhlillər nəticəsində Gədəbəy yatağında 15,6 milyon ton filizdə orta hesabla 1,5 q/t qızılın, 12,2 q/t gümüşün və 0,24 faiz misin olması müəyyən edilib. Bu da yataqda təxminən 22 ton qızılın, 192 ton gümüşün və 37 min ton misin olması deməkdir.
Yataqdaxili ehtiyatlar üzrə 7,6 milyon ton filizdə orta hesabla 1,86 q/t qızıl, 15,9 q/t gümüş və 0,24 faiz mis var. Bu isə təxminən 14 ton qızıl, 123 ton gümüş və 22 min ton mis deməkdir. Topa aşındırma texnologiyasından istifadə edərək, bu ehtiyatlardan təxminən 70 faiz - 9,8 ton qızıl, 50 faiz - 61,5 ton gümüş və 35 faiz - 7,7 min ton mis istehsal etmək mümkün olacaq. Zavodun illik orta filiz məhsuldarlığı 1200 tondur.
Qeyd edək ki, Gədəbəy yatağı dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşir. Misdağ dağının digər tərəfində topa aşındırma sahəsi üçün münasib hesab edilmiş dayaz dərə uzanır. Mədən tullantıları Misdağı əhatə edən dərələrə töküləcək. Ətraf süxurların yalnız kiçik bir hissəsi turşu formalaşdırıcı süxur kimi xarakterizə edilir.
Aşındırma meydançasının konseptual və son layihə işi Avstraliyanın beynəlxalq səviyyədə nüfuzlu Pertin Knight Piesold firması tərəfindən tamamlanıb. Hazırda yatağın açılması partladıcı maddələr olmadan həyata keçirilir. Partlayış işləri isə müasir partladıcı maddələrin tətbiqi ilə yerinə yetiriləcək və partlayış üçün təyin olunmuş vaxtla məhdudlaşacaq. Qızıl istehsalının 90 faizi sianidlərdən istifadə olunmaqla həyata keçirilir.
Zavodda dövr edən məhluldan qızılı ayırmaq üçün qatran texnologiyasından istifadə edilməsi nəzərdə tutulur. Yatağın istismarı zamanı 300-400 adamın işə götürülməsi gözlənilir. Hazırda sahədə 250 nəfər çalışır.
Əməliyyat məsrəflərinin Gədəbəy layihəsi üzrə, ümumilikdə, 88,1 milyon dollar, əsaslı məsrəflərin isə 33,8 milyon dollar olacağı proqnozlaşdırılır. Bu da hasil ediləcək bir ton filizin maya dəyərinin 11,5 dollar və ya istehsal olunacaq 1 unsiya qızılın maya dəyərinin 283,14 dollar olacağı deməkdir. Gədəbəy layihəsi üzrə ümumi gəlirin 229,1 milyon dollar, mənfəətin 107,2 milyon dollar olacağı gözlənilir.
Ümumiyyətlə, Saziş üzrə şirkətə 6 sahə verilib. Bu sahələrdən biri Gədəbəydə, biri Naxçıvanda, biri Tovuzda, üçü isə Ermənistanın işğalı altında olan ərazilərdədir. Gədəbəy kontrakt sahəsinin bir neçə obyektində yerüstü geoloji-kəşfiyyat işləri, geofiziki, geokimyəvi tədqiqatlar yerinə yetirilib.
Dünya bazarında "sarı metal"ın qiymətinin artması fonunda ölkəmizin qızıl yataqlarının işlənməyə başlaması təqdirəlayiq haldır. Son aylarda dünya birjalarında "sarı metal"ın bir Troya unsiyası təxminən 800 dollar ətrafında dəyişir. Hazırda dünya maliyyə bazarlarında təlatüm davam etdiyindən, dolların dəyərdən düşməsi şəraitində investorlar qızılı vəsait yatırımı üçün əlverişli ünsür hesab edirlər.
Son bir ildə qiymətli metala etibar edənlərin sayında 50 faiz artım qeydə alınıb. Dünyanın aparıcı qızıl istehlakçıları olan Çin və ABŞ-ın qızıla tələbatının artması da nəzərə alınsa, qiymətlərin artacağı proqnozlaşdırıla bilər.
Hazırda dünyanın qızıla illik tələbatı 4 min tona yaxındır. 2,5 min ton istehsala qarşı 4 min ton tələbat fonunda bahalaşma təbii görünə bilər. Rəsmi statistikaya görə, ötən il Hindistanın qızıla tələbatı əvvəlki illərə nisbətən 47 faiz artıb. Artım faizi Çində 20, Rusiyada 14, ABŞ-da 22 olub.
Ölkəmizdə zəngin qızıl ehtiyatlarının cəmləşdiyi yataqların olduğu hamıya məlumdur. Düzdür, bu yataqların üçü (həm də ən böyükləri) Ermənistanın işğal etdiyi torpaqlarda yerləşir və ermənilər bu yataqları hələ sovetlər dönəmindən zəli kimi sümürürlər. Amma öz nəzarətimizdə olan yataqlarda da kifayət qədər ehtiyatlar var.
Azərbaycanın qızıl yataqlarında 500 ton ehtiyatın olduğu ehtimal edilir. Ölkəmizin qızılını dünya bazarında tanıtdıra biləcək ən perspektivli yataq Gədəbəy bölgəsindədir. Bu yatağın təmiz qızıl ehtiyatı 750 min unsiya qiymətləndirilir. Bu, ən azı 1 milyard dollar dəyərində olan göstəricidir. Yataqda bundan əlavə gümüş və mis də var. Ümumi ehtiyatları isə təxminən 1,2 mln unsiyaya bərabərdir.
Hesablamalara görə, 1 unsiya qızılın alınması üçün "Gədəbəy"də təxminən 15 ton zənginləşdirilmiş torpaq emal olunmalıdır. Hər 1 ton torpaqdan isə 2 qram qızıl almaq mümkündür. Tovuz rayonundakı "Qoşa" yatağında apardığı kəşfiyyat işlərinin nəticələri də ürəkaçan olub. Bu yataqda da hər tonda 1-2 qram qızılın olduğu müəyyənləşib.
Ümumilikdə, indiyə qədər ölkə ərazisində 10 qızıl yatağı kəşf olunub. Bu yataqların bir neçəsi işğal altında olan Kəlbəcər və Zəngilan rayonlarında yerləşir.
Qeyd edək ki, keçmiş "Azərqızıl" dövlət şirkəti ilə Amerika Birləşmiş Ştatlarının "RV İnvestment" şirkətlər qrupu arasında Gədəbəy və Ordubad rayonları ərazisində yerləşən qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1997-ci ildə imzalanıb. Amma indiyədək bu işlər reallaşa bilmirdi.
Beləliklə, gələn ildən Azərbaycan qızıl istehsal edən ölkələr sırasına qatılacaq və ölkəmiz bu təbii sərvətini dünya bazarına çıxararaq xeyli gəlir əldə edə biləcək. Bu isə Azərbaycanın dünya iqtisadi sistemində daha bir sənaye sahəsi qızıl sənayesi ilə təmsil olunacağını deməyə əsas verir.

Digər xəbərlər