PDF Oxu

Əsas

  • 17

“Azərsun Holdinq” ailəsi qanvermə aksiyası keçirib

“Azərsun Holdinq” ailəsi qanvermə aksiyası keçirib
"Azərsun Holdinq"də ənənəvi olaraq, talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirilib. Xeyirxah kampaniyaya "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən bütün müəssisələrin 630-dan çox əməkdaşı qatılıb.
Aksiyada iştirak edən "Azərsun Holdinq"in prezidenti cənab Abdolbari Goozal, aksiyanın əhəmiyyətindən danışaraq, bu tədbirin hər il davam edəcəyini bildirdi və qeyd etdi ki, "Azərsun" ailəsi Azərbaycana canı və qanıyla xidmət edir.
Holdinqin rəhbəri "Mən bəzən rastlaşdığım insanlardan indiyə qədər nə yaxşılıq etdiyini soruşuram. Bəziləri deyir ki, mənim imkanım yaxşı olmayıb. Lakin düşünürəm ki, Tanrı bütün insanlara yaxşılıq etmələri üçün imkan verib. Bu insanların qanları ilə başqasına həyatvermə imkanıdır. Bundan qiymətli heç nə yoxdur. Həyata keçirilən bu aksiya, ehtiyacı olan insanlar üçün həyat qədər vacib və önəmlidir. Belə aksiyaları mən hər zaman dəstəkləyəcəyəm" deyə vurğuladı.
Qanvermədən əvvəl və sonra qanverən şəxslərə yüksək səviyyədə tibbi yardım göstərilib. Donor qanları Səhiyyə Nazirliyinin Qanköçürmə İnstitutunun qan bankına təhvil verilib.
Aksiyada, qana ehtiyacı olan insanları xilas etmək üçün könüllü qan verirdilər. Bunun üçün isə həm xeyirxah, həm də böyük ürəyə sahib olmalısan. Məlumdur ki, tibb elmi nə qədər inkişaf etsə və həkimlər nə qədər təcrübəli olsa da, donor qanı olmadan xəstəni xilas etmək mümkün deyil.
Belə ki, qan əvəzedilməz müalicə vasitəsidir və qana hər zaman tələbat var. Bu tələbat, xüsusi olaraq təbii fəlakətlərdə və müharibələrdə daha da artır. Bundan başqa, qana tələbat irsi xəstəliklər zamanı da yaranır.
Qeyd etmək lazımdır ki, insan orqanizmi təxminən 3,5-6 litr qana sahibdir. Bu göstərici isə insanın çəkisindən asılıdır. Mütəxəssislərin hesablamalarına görə donor ola biləcək hər bir sağlam insan, ömrü boyu heç olmazsa bir dəfə qan verərsə, xəstələrin bu əvəzsiz dərmana olan ehtiyacı ödənə bilər.
Eyni zamanda, qan verən orqanizm üçün bir çox müsbət hallar yaranır ki, bu da xalq arasında deyilən "qanın yenilənməsi" prosesidir.
Onu da qeyd edək ki, "Azərsun Holdinq" üçüncü ildir ki, belə bir aksiya keçirir. "Azərsun Holdinq"də artıq ənənə halını almış bu aksiyanın əsas məqsədi, qan bankına və talassemiyadan əziyyət çəkənlərə yardım etməkdir.
Şirkət rəsmiləri bildirdilər ki, qanvermə kampaniyası holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq. Növbəti illərdə də belə xeyirxah aksiyaların keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, talassemiya irsi keçən qanazlığı xəstəliyidir. Ana və ata hər ikisi talassemiya daşıyıcılarıdırlarsa, onların dünyaya gətirdikləri körpə ağır formalı talassemiya xəstəsi ola bilər.
Həkimlərin dediyinə görə, valideynlərin hər ikisi daşıyıcı olduqları təqdirdə, ananın hər hamiləliyi zamanı xəstə uşaq dünyaya gətirmək risqi 25%-ə bərabər olur.
Talassemiyaya tutulmuş uşaq solğun halsız və iştahasız olur. Müalicə olunmadığı təqdirdə bədəndə inkişaf zəif gedir, qaraciyər və dalağın böyüməsi ilə qarın şişir və üz sümüklərində dəyişiklik yaranır.
Müalicəsi olduqca çətin və bahalı olan talassemiya xəstəliyində hər xəstə həyat boyu 3-4 həftə ərzində 1-2 dəfə qan almaq məcburiyyətindədir. Qanköçürmənin nəticəsi olaraq bədəndə dəmir çoxalır.
Qeyd etmək lazımdır ki, talassemiya xəstəliyinə tutulmuş uşaq əgər düzgün və vaxtında müalicə alarsa, sağlam həmyaşıdlarından heç nə ilə fərqlənməyəcək. Sadəcə, bizim onlara diqqətimiz və qayğımız lazımdır.

Digər xəbərlər